21 Sentyabr 2019, Şənbə

Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən 13 və 14 yaşlı ­futbolçuların beynəlxalq turnirlər və elit məşq layihəsi üçün seleksiya xarakterli turnir keçirilib. Turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, futbolçuların ustalığının yüksəldilməsi, uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb edilməsi, komandaların mövsümün başlanğıcı üçün heyətlərinin komplektləşdirilməsindən ibarət olub.

Reqlamentə əsasən turnir iki zonada keçirilib. Mərkəzi zona üzrə pley-off mərhələsində “Araz-Naxçıvan”, “Naxçıvan”, “Culfa” və “Şahbuz”, qərb zonası üzrə isə “Arpaçay”, “Şərur”, “Kəngərli” və “Sədərək” komandaları mübarizə aparıblar.
Turnirin oyunlarını NFF-nin Hakimlər və Hakim-İnspektorlar Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadaları idarə edib və hakimlik FİFA qaydaları əsasında həyata keçirilib. İlk olaraq mərkəzi zonanın oyunları oynanılıb. Bu mərhələnin final görüşündə “Araz-­Naxçıvan” və “Culfa” komandaları üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran Naxçıvan komandası (4:3) final oyununda iştirak etmək hüququ qazanıb.
Qərb zonasında isə keçirilən pley-off mərhələsinin finalına “Arpaçay” və “Kəngərli” komandaları yüksəlib. Görüş Şərur təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
6 gün davam edən turnirin final görüşü Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Həlledici qarşı­laşmada “Araz-Naxçıvan” və “Arpaçay” komandaları qarşılaşıb. Gərgin keçən görüş “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonda qalib komandaya kubok təqdim edilib.
Turnirdən sonra təşkilatçıların və məşqçilərin fikirlərini öyrəndik.
Əsgər Abdullayev – “Araz-Naxçıvan”ın baş məşqçisi, NFF-nin böyük məşqçisi: – Bu turnir uşaqların inkişafı, püxtələşməsi, ən əsası oyun təcrübələrinin artırılması baxımından önəmlidir. Çünki futbolda hər zaman məşq etməklə nəyəsə nail olmaq mümkün deyil. Oyun təcrübəsi mütləqdir. Bunun üçün Naxçıvan Futbol Federasiyası olaraq qərara gəldik ki, kiçik turnir keçirək və istedadlı uşaqları əsas komandaya cəlb edək. Deyərdim ki, turnir çox mükəmməl şəkildə təşkil olundu. Hər bir zonada komandanın futbolçuları, məşqçiləri ilə söhbətlər aparıldı. Onları hər oyundan əvvəl motivasiya etməyə çalışdıq və taktiki-texniki tapşırıqlarımızı verdik. Şəhər və rayon komandalarındakı istedadlı futbolçuların ayrılıqda qeydiyyatını apardıq. Bu ayın ikinci yarısından etibarən həmin uşaqlarla birgə təlim-məşq toplanışı təşkil olunacaq və qarşıdakı yarışlara hazırlanacağıq.
Bu turnirdə futbolçuların, eyni zamanda məşqçilərin çatışmayan cəhətlərini də gördük. İndi əsas məqsəd həmin çatışmazlıqları aradan qaldırmaq, təyin olunan məşq pro­qramına uyğun məşqlər təşkil etməkdir.
Federasiyanın hədəfləri böyükdür. Bu yolda bizə göstərilən etimadı doğruldub uğur qazanmağa, Naxçıvan futbolunu beynəlxalq arenaya yüksəltməyə çalışacağıq.
Sakit Rzayev – NFF-nin sədr müavini: – 2019-2020-ci illər futbol mövsümü çərçivəsində Naxçıvan çempionatında oynayacaq aşağı yaş qrupları üçün çempionatdan əvvəl bir turnir keçirdik. Məqsədimiz həm də beynəlxalq turnirlərə və Azərbaycanın aşağı yaş milli yığma komandalarının seleksiya məqsədilə keçirilmiş elit məşq layihəsinə futbolçular seçmək idi. Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyini artırmaq, komandaların mövsümün başlanğıc heyətlərinin komplektləşdirilməsi üçün keçirilən turnirdə bir çox çatışmazlıqlar gördük. Burada əsas məsələ aşağı yaş komandalarda oynayan futbolçuların düzgün məşq plan və pro­qramları əsasında hazırlanmasıdır. Təməl texnika, fərdi hazırlıqların və qrup taktikası fəaliyyətlərinin aşağı səviyyədə olması, oyun şərtlərində məşqlərin keçirilməməsi bariz şəkildə göründü. NFF yeni bir strukturla Naxçıvan futboluna xidmət etməyi qarşısına məqsəd qoyub.
Bilal Nağıyev – “Arpaçay” komandasının baş məşqçisi: – Turnir çox əlamətdar oldu. Uşaqların mütəmadi olaraq belə oyunlarda iştirakı onların praktikasını xeyli artırır. Eyni zamanda belə turnirlər futbolda kütləviliyin əsasını təşkil edir. Artıq komandalara müraciət edənlərin sayı gündən-günə artmaqdadır. Məqsədimiz muxtar respublika yığması üçün istedadlı uşaqlar yetişdirməkdir. Təşkilatçılığa gəlincə, futbolçuların və məşqçilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Oyun barədə onu deyə bilərəm ki, futbolçularımın sərgilədiyi oyundan məmnunam.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR