19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, rayon, şəhər gənclər və idman idarələrinin rəisləri və Futbol Federasiyasının məşqçi-müəllimləri iştirak ediblər.
İclasın gündəliyində duran məsələlər federasiyanın sədr müavininin, böyük məşqçisinin, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisinin, Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr, inzibati təsərrüfat, informasiya və ictimaiyyətlə əlaqələr departament­lərinin direktorlarının seçilməsi və federasiyanın İcraiyyə Komitəsinin tərkibinin müəyyən edilməsi olub.
Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, muxtar respublikamızda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. Uşaq, yeniyetmə və gənclərin sağlam fərd kimi formalaşması, onların peşəkar idmançı kimi yetişməsi üçün Naxçıvanda müasir standartlara cavab verən idman zalları, olimpiya idman kompleksləri, mini stadionlar, eləcə də böyük meydançalar istifadəyə verilib. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri beynəlxalq turnirlərdə böyük uğurlara imza atır, ildən-ilə qazanılan medalların sayı çoxalır.

Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib. Muxtar respublikada futbolun inkişafı, kütləvi hal alması üçün federasiyanın qarşısında duran əsas məsələ uşaq futbolu ilə bağlıdır. Bunun üçün cari mövsümdən başlayaraq uşaq liqaları təşkil olunacaq. Bu, pro­qrama uyğun olaraq 5 il davam edəcək və alt yaş qruplarında yetişən futbolçular əsas komandaya cəlb olunacaqlar. Həmçinin cari ildən başlayaraq, əsas liqanın səviyyəsini artırmaq üçün müəyyənləşdirilmiş yaş limitləri tətbiq olunacaq, hakimlər, məşqçilər üçün seminarlar təşkil ediləcəkdir. Eyni zamanda kəndlərin həvəskar komandaları arasında çempionat oyunları, futzal üzrə dövlət və özəl təşkilatlar, könüllü komandalar arasında “Naxçıvan kuboku – 95” turniri, futzal üzrə muxtar respublika birinciliyi və məktəblilər arasında futbol çempionatı keçiriləcəkdir. Bu yarışlar hər il mütəmadi olaraq davam etdiriləcəkdir. Keçirilən yarışların nəticələri müntəzəm müzakirə olunacaq.
Federasiya sədri struktur dəyişik­liyindən sonra edilən yeni təyinatların adlarını açıqlayıb. Belə ki, Sakit Rzayev federasiyanın sədr müavini, Əsgər Abdullayev Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, ­Ceyhun Məmmədov federasiyanın lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departamentlərinin direktoru, İbrahim Rzayev federasiyanın inzibati təsərrüfat departamentinin direktoru, Emil Səmədov isə informasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktoru vəzifəsinə təyin olunublar.
İclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibi də müəyyən edilib.
Yeni təyinat alanlar göstərilən etimada görə minnətdarlıqlarını bildirərək muxtar respublikada futbolun inkişafı üçün səylə çalışacaqlarına əminliklərini vurğulayıblar.
Futbol Federasiyasının böyük məşqçisi, həmçinin “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev çıxış edərək muxtar respublika rəhbərinə ona ikinci dəfə etimad göstərildiyinə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, əsas məsələ yaradılan şəraitdən səmərəli istifadə edərək futbolçu nəsli yetişdirməkdir. Naxçıvanın zəngin və qədim futbol ənənələrindən danışan Əsgər Abdullayev qeyd edib ki, keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla individual şəkildə də çalışmaq lazımdır. Bu məqsədlə hər həftə digər şəhər və rayon komandalarının məşqlərində iştirak ediləcək. Həmçinin onlar əsas komandanın məşqlərinə çağırılacaq, seminarlar təşkil olunacaq.
Futbol Federasiyasının sədri Azad Cabbarov çıxış edərək bildirib ki, hər bir məşqçi Əsgər Abdulla­yevin təcrübəsindən istifadə etməlidir. Azərbaycanın tanınmış məşqçilərinin də iştirakı ilə seminar və kurslar təşkil edilməklə yanaşı, məşqçilərimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunacaq kurslara da göndəriləcəklər. Çıxışda futbolun kütləvi hal alması üçün artıq ölkə futbol federasiyası ilə də danışıqlar aparıldığı qeyd edilib.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr olub.
Çıxışlardan sonra Əsgər Abdullayevlə müqavilə imzalanıb.
Sonda çıxış edən Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək vurğulayıb ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

Naxçıvan Muxtar Respublikası
Futbol Federasiyasının mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2322
1580
2322
123407
4459366

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter