07 Dekabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sosial­-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nın icrası muxtar respublikada yeni iş yerlərinin açılmasına, məşğulluq imkanlarının artırılmasına, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, ümumilikdə isə əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olub. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, qadınların və gənclərin özünüməşğulluğunu təmin etmək üçün bir sıra sosial layihələr həyata keçirilib, işaxtaranlar peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlandırılıb, yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Özünüməşğulluq əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi kimi təsbit edilib. Sərəncamın icrası dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünüməşğulluq fəaliyyəti ilə işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına töhfə verir. Bununla yanaşı, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına da öz təsirini göstərir.

Muxtar respublika iqtisadiyyatında fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Dövlətimiz tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ailə təsərrüfatının əhəmiyyətini səciyyələndirərək deyib: “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması, habelə özünüməşğulluğun təmini istiqamətində tədbirlər uğurla həyata keçirilir. Ötən dövr ərzində, ümumilikdə, 1037 nəfər üzvü olan 224 ailənin özünü­məşğulluğu təmin edilib. Onların ailə üzvlərinin tərkibinə nəzər salsaq, sağlamlıq imkanları məhdud şəxslər, ailə başçısını itirənlər, müharibə iştirakçıları, şəhid ailələri, cəzaçəkmə müəssisəsindən azad olunanlar üstünlük təşkil edir.
Ailələrin 180-nə yanıbalalı, iribuynuzlu, 31-nə xırda­buynuzlu heyvanlar verilib. Verilmiş aktivlərin təyinatına uyğun istifadəsi, mal-qaranın saxlanma şəraiti, artımı və digər halların yoxlanılması məqsədilə özünüməşğulluq proqramına cəlb edilmiş ailələrin monitorinqi aparılıb. Müşahidə və nəzarət tədbirlərinin nəticələrindən məlum olub ki, özünüməşğulluq proqramına cəlb edilən ailələrə verilmiş iribuynuzlu heyvanların sayında 82, xırdabuynuzlu heyvanların sayında isə 347 baş artım qeydə alınıb.
Ailələrin kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluğun təmini ilə yanaşı, ailə əməyinə əsaslanan digər ənənəvi məşğuliyyət sahələrinin inkişafı da diqqətdə saxlanılıb. Belə ki, 1 ailəyə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və xammal, 1 ailəyə arı ailələri, 2 ailəyə xalça toxunması üçün avadanlıqlar və xammal, 1 ailəyə dülgər avadanlıqları, 2 ailəyə mini yerşumlayan aqreqat, 1 ailəyə odunkəsən, 1 ailəyə pinəçiliklə məşğul olmaq üçün avadanlıqlar, 1 ailəyə dərziliklə məşğul olmaq üçün parça və avadanlıqlar, 1 ailəyə musiqi alətləri, 1 ailəyə mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, 1 ailəyə isə inkubator aparatı təqdim edilib.
Bunlarla yanaşı, mal-qaranın saxlanma şəraitinin yaxşılaşdırılması, heyvanlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, habelə sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı vətəndaşlara maarifləndirici məlumatlar verilib, fərdi ailə təsərrüfatlarını nümunəvi inkişaf etdirdiyinə görə 6 nəfər üçün həvəsləndirici tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq özünüməşğulluq pro­qramına cəlb edilən ailələrin böyük əksəriyyətini uzun müddət sosial yardım alan ailələr təşkil edir. Bu isə muxtar respublikada özünüməşğulluq proqramının təhlillərə və elmi əsaslara söykənərək həyata keçirilməsinə və davamlı inkişafına şərait yaradan əsas amillərdəndir. Nəticələr isə göz önündədir. Belə ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlıq imkanları qazanmalarına səbəb olub. Digər tərəfdən, bu təsərrüfatlar muxtar respublikada kənd təsərrüfatının inkişafına əlavə dəstək olmaqla, məhsul istehsalını da artırmaqdadır. Həmçinin həyata keçirilən tədbirlər özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan verir ki, bu da öz-özlüyündə muxtar respublikanın məşğulluq xidməti orqanlarına işaxtaran kimi müraciət edənlərin sayının azalması ilə nəticələnməkdədir.
Təhlillərdən aydın olur ki, özünüməşğulluq proqramı, həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxtda bir neçə makroməqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə də imkan yaradır. Proqramın icrasından əldə olunan nəticələr ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasına, kiçik sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına səbəb olub. Bunlarla yanaşı, proqramın icrası rayonlar üzrə ixtisaslaşmanın həyata keçirilməsinə, habelə hər bir bölgənin potensial imkanlarına uyğun olaraq kənd təsərrüfatının inkişafına, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlıqlarının artırılmasına da əsaslı zəmin yaradır.
Bütün bunlar onu deməyə əsas verir ki, proqramın icrası müddətində muxtar respublikada məşğul əhalinin sayı artacaq, əmək potensialının reallaşması prosesi geniş miqyas alacaq, insanların maddi rifah halı daha da yüksələcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR