18 Oktyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində şəhər və rayon idarələrinin əməkdaşları üçün “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti” mövzusunda qısamüddətli təlim keçirilib.
Təlimi giriş sözü ilə komitənin sədri Müslüm Cabbarzadə açaraq bildirib ki, muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsinə diqqət artırılıb, torpaq ehtiyatlarının dövlət idarə­etməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib.
Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev “Torpaqların idarə edilməsinin əsasları” mövzusunda çıxış edərək bildirib ki, komitə torpaqların səmərəli idarə olunmasında, kadastr uçot işlərinin aparılması istiqamətində elmi yeniliklərdən istifadə etməklə fəaliyyətini daha da təkmilləşdirib.

Komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov isə çıxışında qeyd edib ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Fiziki və hüquqi şəxslər, bələdiyyələr mülkiyyətlərində olan torpaqlardan məqsədli təyinat üzrə istifadə etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhali ­məlumatlandırılmalıdır.
Komitənin Torpaq kadastrı və qeydiyyatı sektorunun aparıcı məsləhətçisi Samir Əkbərovun “Torpaq sahəsinin planı və ölçüsü” mövzusunda çıxışı dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

 Pərviz HACILI

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR