23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Onlar idmanın müxtəlif sahələrində böyük uğurlar qazanırlar

İdman sağlamlığı qorumaq, fiziki, mənəvi cəhətdən güclü olmaq üçün əsas vasitələrdən biridir. Buna görə də muxtar respublikamızda qızların da idmana cəlbinə xüsusi diqqət yetirilir. Belə ki, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klublar yaradılıb, onların idman obyektlərindən istifadəsi təmin olunub. Muxtar respublikanın bütün bölgələrində idmanın bədii gimnastika, həndbol, stolüstü tennis, karate-do, taekvando, basketbol, voleybol, yüngül atletika, şahmat, trenajor və üzgüçülük idman növləri üzrə qız bölmələri fəaliyyət göstərir. Hazırda muxtar respublikamızda 7590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Onlar arasında gənc idmançılar üstünlük təşkil edirlər.

Həmin idmançılardan biri 2008-ci il təvəllüdlü Ayan Məmmədovadır. Ayan idmanın karate-do növü ilə məşğul olur. Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olan Rafael Ağayevin uğurlarını televiziyadan seyr etmək Ayanın bu idman növünə marağını daha da artırıb. 9 yaşından etibarən karate ilə ciddi məşğul olmağa başlayan idmançı 2017-ci ildən Naxçıvan Muxtar Respublika Stadionuna mütəmadi olaraq məşqlərə gedir. Məşqçi-müəllimi Naxçıvan Muxtar Respublikası ­Karate-do Federasiyasının sədr müavini, IV dan qara kəmər sahibi Nəriman Quliyevdir. Ayan son iki ildə çoxlu uğur əldə edib. Ötən il ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do idman növü üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatında 10-11 yaş qrupunda qalib adını qazanıb, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət Naxçıvan şəhər, Ordubad və Şərur rayon komandaları arasında karate-do üzrə yoldaşlıq görüşündə I yerə çıxaraq diplom və medallarla təltif edilib. 2018-ci ildə Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə də mükafata layiq görülüb. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkil etdiyi imtahanda bacarıq göstərərək VI yaşıl kyu dan kəməri alıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin gənc idmançısı” nominasiyası üzrə təltif edilib.

Atası Zaur Məmmədov deyir ki, bu gün muxtar respublikamızda idmanın inkişafına çox böyük diqqət və qayğı göstərilir. Biz də bundan ruhlanaraq həmişə istəmişik ki, övladlarımız idmanla məşğul olsunlar. Hazır­da iki qızım da karate ilə məşğuldur. Bu idman növü həm fiziki sağlamlıq, həm də özünümüdafiə üçün çox əlverişlidir. Valideyn kimi həmişə Ayana dəstək olmuşuq. Bundan sonra da getdiyi yolda onun uğurlar qazanaraq bayrağımızı yüksəklərə qaldıracağına inanırıq.
Digər idmançımız yüngül atletikanın qaçış növü ilə məşğul olan Ordubad rayon Üstüpü kənd sakini Xatun Orucludur. O, kənd tam orta məktəbinin XI sinif şagirdidir. Məktəbin fiziki tərbiyə fənnini tədris edən Ələfsər Əliyev həm də onun məşqçi-müəllimidir. O deyir ki, Xatun çox istedadlıdır, məşqlərə məsuliyyətlə yanaşır və gələcəyin peşəkar idmançısı olmaq yolunda səylə çalışır. Bu bir neçə ildə gənc idmançı çoxlu uğurlar qazanıb. 2011-ci ildə, hələ V sinifdə oxuyarkən məktəbdə keçirilən ümumi atletika yarışında 400 metr məsafəyə qaçışda I yeri tutub. 2016-cı ildə Naxçıvan Muxtar Respublika Stadionunda 1999-2001-ci illər təvəllüdlü məktəblilər arasında yüngül atletika üzrə muxtar respublika birinciliyində 300 metr məsafəyə qaçışda qalib olub. Ötən il Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirməsi kimi Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində 1500 metr məsafədə finiş xəttinə hamıdan öncə çatıb, həmin il Naxçıvan Muxtar Respublika spartakiadasında 400 metr məsafəyə qaçışda I yerə çıxıb. “Naxçıvan”-“Şahbuz” komandaları arasında kross qaçışı üzrə yoldaşlıq görüşündə Xatun Oruclu qalib adını qazanıb. Ötən il Azərbaycan yığma komandasının üzvlüyünə namizəd qəbul edilib. Ən böyük arzusu beynəlxalq yarışlarda iştirak etməkdir.
Sədərək rayon sakini Gülayə Cəfərova da yüngül atletikanın qaçış növü ilə məşğuldur. Onda bu idman növünə marağı məşqçi-müəllimi Şamil Hüseynov yaradıb. İlk dəfə Naxçıvan şəhərində keçirilən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yüngül atletika üzrə Naxçıvan Muxtar Respublika çempionatına qatılıb və II yeri tutub. Gərgin məşqlər, şəxsi iradə və əzmkarlığı nəticəsində Bakı şəhərində yüngül atletika üzrə keçirilən Azərbaycan çempionatında 1500-3000 metr məsafədə bütün rəqiblərini üstələyərək I yerə çıxıb. Duzdağ Fizioterapiya Mərkəzi yolunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən ənənəvi kross qaçışında və Bakı şəhərində təşkil edilən Azərbaycan birinciliyində I yeri tutub. 2017-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turnirində hamını qabaqlayaraq qalib adını qazanıb.
Gülayə hazırda Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsidir və Naxçıvan şəhərində keçirilən qaçış yarışlarına təhsil aldığı ali məktəbin komandasının tərkibində çıxır. O, voleybola da marağının olduğunu, bu idman növü üzrə də tələbələr arasında keçirilən yarışlarda fəal iştirak etdiyini deyir. Əsas məqsədi beynəlxalq yarışlarda iştirak etməkdir. Ötən il Gülayə Cəfərova “İlin ən yaxşı gənc idmançısı”, məşqçisi Şamil Hüseynov isə “İlin ən yaxşı gənc məşqçisi” adlarına layiq görülüblər.
Daha bir gənc idmançı Günəş Hüseynova 7 yaşından bədii gimnastika ilə məşğuldur. Babək qəsəbə bir nömrəli tam orta məktəbin 6-cı sinfində təhsil alan Günəşin uşaq vaxtlarından idmana marağı böyük olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Naxçıvan şəhərində 2014-cü ildə Bədii gimnastika bölməsi fəaliyyətə başlayandan sonra gənc idmançı həmin bölməyə yazdırılır, çalışqanlığı ilə həmyaşıdlarından fərqlənir. İlk çıxışını İlham Əliyev adına Olimpiya-İdman Kompleksində edir. 2015-ci ildə Azərbaycan çempionatı və bölgələrarası ­kubok yarışlarına qatılır. Məşqçi-müəllimi “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay ­Qafarovadır.
Valideyni Səfər Hüseynov: – Biz inanırdıq ki, Günəşi bu sahədə uğurlu gələcək gözləyir. Ailəmiz həmişə ona dəstək olur. Mən və babası bir vaxt futbol idman növü ilə məşğul olmuşuq. Xüsusilə babası Günəşin idmana gəlməsində mühüm rol oynayıb. O, ötən il Bakı şəhərindəki Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXV Azərbaycan birinciliyi və V bölgələrarası kubok yarışlarında 3 medal qazanıb. Həmin il Bakıda bədii gimnastika üzrə açıq çempionatda I yeri tutduğuna görə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, ümumtəhsil məktəblərinin şagirdləri arasında istedad və bacarığı ilə fərqləndiyinə və qazandığı uğurlara görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, məktəblilərin (1999-2000-ci illər təvəllüdlü) Naxçıvan Muxtar Respublika spartakiadasında fəal iştirakına və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda turnirdə nümunəvi iştirakına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom, medal və fəxri fərmanları ilə təltif edilib. O, 2018-ci il “İlin gənc idmançısı” nominasiyası üzrə mükafatlandırılıb. Bədii gimnastikanın top, halqa, alətsiz, gürz, lent növlərinin hər birində özünü sınayan Günəş hazırda bu növlər üzrə bölgələrarası Azərbaycan çempionatına hazırlaşır.
Artıq bir ildən çoxdur ki, ağır atletika ilə məşğul olan Gülcahan Əliyeva 48 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu və mükafatçısı olub. İstedadlı ağır atlet Azərbaycanın 14 yaşlılardan ibarət milli komandasının üzvüdür və muxtar respublikamızda ağır atletika üzrə yeganə qız idmançıdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsində məşq keçən Gülcahanın məşqçi-müəllimi həmin bölmənin baş məşqçisi Şəfi Hüseynovdur. İdmançı deyir ki, mən ağır atletikanı seçməklə bir daha bu idman növü ilə təkcə kişilərin deyil, qadınların da məşğul ola biləcəyini göstərməyə çalışdım. Məqsədim bizim üçün yaradılan şəraitdən istifadə edib daha böyük nailiyyətlər qazanmaqdır.
Ötən il Gülcahan Xırdalan şəhərində fəaliyyət göstərən “Zirvə” klubunda ağır atletika üzrə Azərbaycan çempionatının seçmə yarışında 14 yaş qrupunda 48 kiloqram çəki dərəcəsində birbaşa qaldırmada 31, təkanla qaldırmada isə 42 kiloqram qaldıraraq I yerə layiq görülüb, diplom və medalla təltif edilib.
Qeyd edək ki, bu gün muxtar respublikamızda bədii gimnastika ilə 150-dən, karate idman növü ilə 100-dən çox, yüngül atletika ilə isə 280 qız idmançı məşğul olur. Dövlət qayğısı hesabına idmanın inkişafı, istedadlı idmançıların yetişməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində naxçıvanlı idmançılar beynəlxalq, ölkə, muxtar respublika əhəmiyyətli yarışlarda öz qüvvələrini sınayır və uğurlu nəticələr əldə edirlər.

Güntac Şahməmmədli

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006490
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
724
4717
13980
88872
4006490

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter