31 Mart 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Tədbiri giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman ­naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il keçirilən yarışlar barədə danışıb.
Yığıncaqda çıxış edən federasiyanın sədri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün muxtar respublikamızda gənc idmançılar nəsli yetişib və yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Bu gün muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər ­görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən federasiyada idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
Azad Cabbarov qeyd edib ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2018-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırılıb. Gənclər və İdman Nazirliyi adıçəkilən federasiya ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Yeni yaranmasına baxmayaraq, federasiya artıq bir neçə beynəlxalq, ölkə və muxtar respublika səviyyəli yarışlarda iştirak edib, idmançıları uğurlu nəticələr göstərərək bu yarışlardan 19 medal qazanıblar. Bundan başqa, idmançıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Kikboksinq Federasiyası idmançılarının Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub.
Diqqətə çatdırılıb ki, keçirilən yarışlar idmançıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, yeni idmançıların yetişməsinə səbəb olub. Ötən il ərzində şəhər və rayonları əhatə etməklə 246 idmançı 10 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib.
Federasiya sədri çıxışının sonunda həyata keçirilən tədbirlərin nazirlik və Kikboksinq Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Yığıncaqda Tahir Məmmədli yekdilliklə federasiyanın sədr müavini seçilib, federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi təsdiq olunub.
Məşqçi-müəllimlərin fikirləri dinlənildikdən sonra Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Yığıncağa yekun vuran gənclər və idman naziri məşqçi-müəllimlər və idmançılar adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR