26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olmuşdur.
Tədbiri giriş sözü ilə açan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilmişdir.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirmişdir ki, muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən məlum müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına, o cümlədən Karate-do Federasiyasına bir sıra ­tapşırıqlar verilmişdir.

Azad Cabbarov vurğulamışdır ki, 2002-ci ildə yaradılan Karate-do Federasiyası idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi istiqamətində işləri günün tələbləri səviyyəsində qurmamış, muxtar respublikada yaradılan şəraitdən və infra­strukturun imkanlarından düzgün istifadə etməyi bacarmamış, muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq qənaətbəxş ­olmamışdır.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının strukturunun yenidən formalaşdırılması bu idman növünün muxtar respublika rəhbərinin daim diqqətində olduğunu göstərdi. Yeni yaradılan strukturun uğurlu fəaliyyəti nəticəsində federasiya öz işini daha da təkmilləşdirmiş və gələcək uğurlar üçün stimul yaratmışdır. Son iki ildə Naxçıvan karateçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdə ötən illərlə müqayisədə daha uğurlu nəticələr əldə etmiş, 2018-ci il ərzində ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanmışlar. Muxtar respublikamızın rayon və şəhərlərində ötən il ərzində 21 qrupda 600-dən artıq idmançı 14 məşqçi-müəllim tərəfindən bu idman növünün sirlərini öyrənmişlər. Hesabat ilinin avqust ayında “Araz” İdman Klubunun rəhbəri Siyavuş Bayramov müəyyən müddətə muxtar respublikamıza dəvət olunmuş, federasiyanın yeniyetmə və gənc idmançılarına seminarlar keçmişdir.
Nazir çıxışının sonunda qeyd etmişdir ki, həyata keçirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulamışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Diyarımızda idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturu yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.
Fazil Ələkbərov qeyd etmişdir ki, muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən idman federasiyalarına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün lazımi şərait yaradılmışdır. Karate-do Federasiyası bu qayğıdan bəhrələnərək 2018-ci ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Federasiyanın tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 21 karate bölməsi fəaliyyət göstərir. Həmin klublardan 2016-cı ilin əvvəlində yaradılmış “Nəqşicahan” karate-do qızlar idman klubunun fəaliyyəti 2018-ci ildə daha da genişləndirilərək Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında əlavə qız bölmələri açılmışdır. 2018-ci ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100-ü qız idmançıdır.
Karate-do Federasiyası ötən il ərzində karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində bir sıra işlər görmüşdür. Belə ki, 2018-ci ildə federasiya tərəfindən muxtar respublikada müxtəlif birinciliklər təşkil olunmuş və bu yarışlarda yaxşı nəticə göstərən istedadlı idmançılar seçilərək yığma komandanın tərkibinə daxil edilmişdir. Bununla yanaşı, idmançıların ölkə səviyyəli və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.
Diqqətə çatdırılmışdır ki, ümumilikdə, ötən il karate-do idman növü üzrə idmançılar 13 beynəlxalq, 7 ölkə və 10 muxtar respublika birinciliyində güclərini sınamışlar. 2018-ci il ərzində federasiyanın idmançıları 87 medal qazanmışlar ki, onlardan 35-i beynəlxalq, 5-i ölkə daxili yarışlarda, 47-si isə muxtar respublikada keçirilən açıq çempionatda əldə olunmuşdur. Bundan əlavə, avqust ayında Azərbaycan Karate-do Federasiyasının tanınmış məşqçi və müəllimləri muxtar respublikaya dəvət olunaraq Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançıları üçün seminar-treninqlər keçmişlər. Federasiyanın 1 idmançısı ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə etdiyinə görə Ali Məclisin Sədri tərəfindən qiymətli mükafatla təltif edilmişdir.
Federasiya sədri yaradılan şəraitə görə federasiyanın məşqçi və id­mançıları adından muxtar respublika rəhbərinə­­ minnətdarlığını bildirmişdir.
Vurğulanmışdır ki, Karate-do Federasiyası idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq, bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Fazil Ələkbərov rayonlarda federasiyanın bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləmiş, onların fəaliyyətlərinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi oxunmuş və təsdiq olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılmışdır.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132711
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
740
4775
9871
96311
4132711

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter