13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Şərur rayon ağır atletika bölməsindən reportaj


Tarix hər zaman sübut edib ki, yeddiaylıq doğulan insanlar müxtəlif sahələrdə başqalarının qazana bilmədikləri uğurlara imza atır, həyatda böyük iz qoyurlar. İdmanda da belələri yüzlərlədir. Məsələn, idmanın ağır atletika növü haqqında danışarkən, hər zaman mükəmməl göstəriciləri və nailiyyətləri ilə diqqətləri özünə çəkən türk idmançı Halil Mutlu yada düşür. Soyadına sadiq qalaraq Türk dünyasını hər zaman xoşbəxt edən ağır atletin davamçıları artıq idman arenasında öz sözlərini deməkdədirlər. Qürur hissi ilə deyə bilərik ki, Naxçıvan idman məktəbinin yetirməsi, prinsipiallığı və idmançı əzmi ilə həmkarlarına nümunə olan Tərmenxan Babayev də ağır atletika sahəsində əhəmiyyətli uğurları ilə artıq özünü təsdiq etmiş, gələcəyi daha böyük ümidlər doğuran idmançılarımızdandır.

 İdmançı uşaqlar üçün hərtərəfli şərait yaradılıb

İndi hamı üçün bir məqam maraqlıdır: Avropa və dünyanı fəth edən idmançımızın yetişdiyi zal. Bəli, Tərmenxanı qələbələrə aparan yol bu zaldan start götürüb. O, saatlarla burada məşq edib, məşqçisindən bu idman növünün sirlərini öyrənib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinə getməkdə də məqsədimiz həmin ünvanda aparılan məşqləri izləmək, gənc idmançılarla həmsöhbət olmaq idi.
Əvvəlcə onu deyək ki, bu zal muxtar respublikadakı digər belə ünvanlardan fərqlənmir. Yəni bu gün diyarımızda idmanın inkişafı üçün hər bir idman obyektində müasir şərait yaradılıb. Məşqlərə bacarıqlı mütəxəssislər cəlb edilib. Gələcəyimiz olan gənclərin sağlam böyüməsi, qədim yurd yerimizdə bacarıqlı idmançıların yetişdirilməsi diqqət mərkəzində saxlanılıb.
Bu da həmin ünvan... Kürəklərində idman çantaları olan uşaq, yeniyetmə və gənclər diqqətdən yayınmır. İçəri daxil olarkən fikirlərimiz haçalanır: çöldə gözləyən uşaqlar zalda tam fərqli görünürlər. Zalda bizi qarşılayan məşqçi-müəllim Şəfi Hüseynov təəccübümüzü anlayıb sözə başlayır: “İndi hər şey fərqlidir, elə deyilmi? Ötən illərlə müqayisədə Naxçıvanımızda idmana maraq köklü surətdə dəyişib. Sizin də gördüyünüz kimi səbəbi yaradılan şəraitdir: istilik, məşqlərdən sonra uşaqların yuyunması üçün isti suyumuz da var (gülür). İdmanla məşğul olanlar, adətən, bunları istəyirlər. Gördüyünüz uşaqlar (əli ilə uşaqları göstərir) üçün nə lazımdır: ciddi məşqlər etmək, sağlam böyümək və muxtar respublika idmanına öz töhfələrini vermək”.
Şəfi Hüseynov söhbətinə bu növün faydaları haqqında danışmaqla davam edir: “Hər zaman zala gələn uşaqlara deyirəm ki, hansı növlə məşğul olursunuzsa olun, bilin ki, idman orqanizmi xəstəliklərdən qoruyur, insanı sağlam saxlayır, bədəni daha da möhkəmləndirir. Həmçinin idmanla məşğul olarkən kalori itirir və artıq çəkilərdən xilas olursunuz. Bir məşqçi kimi insanları bu sahəyə cəlb etmək üçün müəyyən addımlar atırıq, təbliğat aparırıq. Çünki bu gənclər bizim ­gələcəyimizdir”.

Gələcəyin ağır atletləri məşqlərə ara vermirlər

Söhbətimizə bir qədər ara verib məşqləri izləyirik. Xüsusilə Şəfi Hüseynovun 4 azyaşlı uşaqla daha yaxından maraqlanması diqqətimizi çəkir. Bunun fərqinə varan məşqçi “bunlar gələcəyin Avropa və dünya çempionlarıdır. Tərmenxan Babayevdə söz verdiyim kimi, yenə söz verirəm, bunlar 2022-ci ildəki olimpiya oyunlarında Azərbaycanı təmsil edəcəklər”, – deyərək əlini iki uşağın çiyninə qoyur. Fürsətdən istifadə edib onların – Həsən Babayev və Nihat Ramazanovun fikirlərini öyrənirəm. Həsən 2 ildən çoxdur ki, bu zalda məşq edir: “11 yaşım var və iki il yarımdır ki, bu idman növü ilə məşğulam. Bu müddət ərzində iki dəfə Azərbaycan çempionu olmuşam. Məqsədim nailiyyətlərimi artırmaq və daha böyük yarışlarda iştirak etməkdir. Bunun üçün məşqlərə hər gün ara vermədən davam edirəm. Bəzən yarışlarda çatışmayan cəhətlərim olur ki, onların üzərində daha çox çalışır və məşqçimin dediklərini vaxtında yerinə yetirirəm. Bizim üçün hər bir şərait yaradılıb. Bundan sonra da çalışacağam ki, mütəmadi olaraq milli komandaya dəvət alım və Naxçıvanı beynəlxalq arenalarda layiqincə təmsil edim”.
Nihat Ramazanov isə 1 ilə yaxındır, bu idman növü ilə məşğuldur. Məşqçinin fikrincə, Nihat böyük potensiala malikdir və gələcəkdə Azərbaycanın ən güclü atletlərindən biri ola bilər. Elə 10 yaşlı İlkin Kərimov da bölmənin istedadlı üzvlərindəndir.
Azərbaycanın 14 yaşlılardan ibarət milli komandasının üzvü Gülcahan Əliyeva hazırda ölkənin ən istedadlı ağır atletlərindən biri hesab edilir. İdmançımız qazandığı uğurların əsas səbəbini düzgün aparılan məşq prosesində görür: “Əvvəllər məndə belə bir fikir formalaşmışdı ki, idmanla ancaq kişilər məşğul olmalıdır. Sonra gördüm ki, elə deyil, qızlar da idmanın müxtəlif sahələri ilə məşğul olur və uğur qazanırlar. Mən də ağır atletikanı seçdim. Ağır atletika elə bir növdür ki, körpüçük üzərinə çıxarkən hər şeyi unutmalısan və diqqətini bir istiqamətə yönəltməlisən. Məşqçilərimiz ilk olaraq bizə bunu aşılayırlar. Mən də yarışlarda milli komandaya üzv olmaq üçün bütün gücümü qoyuram. Artıq bir ildən çoxdur ki, ağır atletika ilə məşğul oluram və 48 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu və mükafatçısı olmuşam. Məqsədim bizim üçün yaradılan şəraitdən maksimum istifadə edib daha böyük nailiyyətlərə sahib olmaqdır”.
İkiqat Avropa çempionu, Yeniyetmə­lərin III Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tərmenxan Babayev isə yorulmadan məşqlərinə davam edir: “Bu zal mənim ikinci evimdir. Ştanq oxu, müxtəlif çəkidə olan daşlar, alətlər mənə elə doğmadır ki...Özümü burada çox rahat hiss edirəm və yorulmadan məşqlərimi davam etdirirəm. Çalışdığım qədər məşqlərimin vaxtını artırıram. Adətən, yarışlardan öncə milli komandanın bazasında təlim-məşq toplanışları olur. Toplanışlara hazırlıqlı vəziyyətdə getməyə çalışıram. Heç vaxt qazandığım uğurlarla öyünməmişəm, yalnız bir məqsədim olub: irəli getmək və Naxçıvana bacardığım qədər medalla qayıtmaq. Qarşıdakı yarışlara daha ciddi hazırlıqlar gedir. Əziyyətimizin bəhrəsi qazandığımız uğurlardadır”.

Pauerliftinq həvəskarları

Hazırda Şərur rayon bölməsində ağır atletika ilə yanaşı, pauerliftinq idman növü üzrə də məşqlər aparılır. Məşqçi-müəllim Şəfi Hüseynov deyir ki, ağır atletika ilə 20, pauerliftinqlə isə 15 uşaq məşğul olur: “Pauerliftinq hərəkətlərinin yerinə yetirilmə qaydaları var. Biz uşaqlara daha çox onları öyrətməyə və düzgün istiqamətləndirməyə çalışırıq. Məşğul olduğum gənclərin yüksək göstəricilər qazanacaqlarına əminəm. Gənclər və İdman Nazirliyi tərəfindən bu idman növünə ciddi dəstək verilir. İstər ağır atletika, istərsə də pauerliftinqin xüsusi özəlliyi ondadır ki, bu idman növü hər cür vəziyyətlərdə uşaqlara sərbəst qərar verməyi öyrədir. Sizin vasitənizlə, 2006-2009-cu illər təvəllüdlü uşaqları məşqlərimizə təmənnasız dəvət edirik”.
Pauerliftinq üzrə ikiqat Azərbaycan çempionu, dəfələrlə ölkə birinciliyi və turnirlərinin mükafatçısı Məcid Məmmədov da bu zalın yetirmələrindəndir. 22 yaşlı idmançımız 3 ilə yaxındır bu növlə məşğuldur: “Məşqlərimə ara vermədən davam edirəm və qarşıdakı aylarda keçiriləcək yarışlara hazırlaşıram. Bəzən mənim istirahət edib-­etmədiyimi soruşurlar, cavabım isə “mənim məşqim elə mənim istirahətimdir”, – deyirəm (gülür). Əgər peşəkar idmançı olmaq istəyirsənsə, məşqlərə ciddi yanaşmaq ­lazımdır. Bundan sonra uğurun özü ­“gəlib səni tapacaq”.
Göründüyü kimi, muxtar respublikamızda idmanın müxtəlif sahələrinə maraq gündən-günə artmaqdadır. Səbə­bi isə yaradılan idman infra­strukturu və idmançılara göstərilən dövlət qayğısıdır. Belə zallar bundan sonra da böyük idmançılar yetişdirəcək və qazanılan uğurlar Naxçıvanın idman tarixinə qızıl hərflərlə yazılacaq. 7 aylığında dünyaya göz açan, bu gün 16 yaşı olan Tərmenxan ­Babayevin uğuru kimi...

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397808
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
803
5770
17638
56975
3397808

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter