25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən onlarla tikililər arasında idman obyektləri mühüm yer tutur. Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Ötən il nəzərdə tutulan idman yarışlarının yüksək səviyyədə hazır­lanmasına və keçirilməsinə nail olunub. Keçirilən yarışlarda 10-dan artıq komanda, 200-dək idmançı iştirak edib.
Rövşən Məmmədov qeyd edib ki, hazırda federasiyanın nəzdində iki klub və 23 şəhər, rayon bölmələri fəaliyyət göstərir. Həmin bölmələrdə yaradılan 64 qrupda 682 idmançı müntəzəm olaraq məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur.

Diqqətə çatdırılıb ki, 2017-ci il ərzində federasiya tərəfindən 21 muxtar respublika əhəmiyyətli yarış keçirilib. Bunlardan 5 kilometr məsafəyə marafon qaçışı, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında zona, ümumrespublika və rayon birincilikləri, məktəblilər arasında “Şən startlar” əyləncəli oyunları keçirilib. Yarışlarda 4 mindən artıq gənc oğlan və qız iştirak edib. Bundan əlavə, idmançılarımız muxtar respublikadan kənarda keçirilən 5 yarışda uğurlu nəticələr əldə ediblər. Qızlardan ibarət komandamız 200 metr məsafəyə estafet yarışında Azərbaycan çempionu olub və ölkənin yığma komandasının təlim-məşq toplantılarında iştirak etmələri üçün dəvət ediliblər. Müxtəlif məsafələrə qaçış üzrə 4 idmançımız ölkə birinciliyinin qızıl medalına layiq görülüb. Nabran şəhərində keçirilən 6 min metr məsafəyə qaçış yarışında idmançımız Əmrah Nağıyev Azərbaycan çempionu adını qazanıb.
Tədbirdə çıxış edən federasiyanın sədr müavini İntiqam Rəhimov ötən il keçirilən tədbirlər barədə hesabat verib. Daha sonra Yüngül Atletika üzrə Naxçıvan Muxtar Respublikasının oğlanlardan ibarət yığmasının baş məşqçisi Zamin Rüstəmov, qızlardan ibarət yığmanın baş məşqçisi Həlimə Əmiraslanova, Sədərək və Ordubad rayon komandalarının məşqçiləri Kamil Hüseynov və Ələvsər Əliyev çıxış edərək ötən il qazanılan uğurlardan danışıblar.
Naxçıvan Muxtar Respublikası gənc­lər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, 2017-ci ildə nazirlik Yüngül Atletika Federasiyası ilə birgə müvafiq idman növünün inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsini diqqət mərkəzində saxlayıb və federasiya ilə birgə bu sahədə çoxsaylı tədbirlər həyata keçirib.
Bildirilib ki, ötən il muxtar respublika ərazisində yüngül atletika üzrə 19 idman müsabiqəsi təşkil olunub. Bu tədbirlər sırasında may ayında ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev ­kuboku” idmanın bu növü üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sözügedən turnirdə 400-dək yeniyetmə və gənc iştirak edib. Eyni zamanda ötən il ərzində muxtar respublika atletlərinin ­ 5 respublika səviyyəli idman yarışlarında iştirakı təmin olunub və idmançılarımız bu turnirlərdə 20 medal əldə ediblər.
Tədbirə yekun vuran Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov 2018-ci ildə federasiyanın nailiyyətlərinin daha da artacağına ümidvar olduğunu bildirib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Federasiyanın ötən il ərzində gördüyü işlər barədə danışan qurumun sədri Mahir Əliyev bildirib ki, Basketbol Federasiyasında 10 oğlan, 2 qız qrupundan ibarət olmaqla, ümumilikdə, 12 qrup fəaliyyət göstərir.
Qeyd edilib ki, qruplarda məşqlər aparmaq, lazımi nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin edilib, məşqçi-müəllimlər və idmançılar idman ayaqqabısı, geyimi və basketbol topu ilə təmin olunublar. Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarında 200-dən artıq idmançı basketbolla məşğul olur. Azərbaycanın Əməkdar məşqçisi Ənvər Məmmədov məşqçi-müəllim və hakimlər üçün birgünlük seminar keçib. Ümumilikdə, 2017-ci il ərzində federasiya tərəfindən 45 tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası gənc­lər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, komanda oyunları arasında ən geniş yayılmış idman növlərindən biri olan basketbolun inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi nazirlik tərəfindən diqqət mərkəzində saxlanılıb və Basketbol Federasiyası ilə birgə çoxsaylı tədbir təşkil olunub. Ötən ilin birinci yarısında basketbol üzrə II Naxçıvan çempionatı keçirilib və bu turnirdə 10 komanda mübarizə aparıb. Həmçinin may ayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” da Naxçıvanda basketbol üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Nazir qeyd edib ki, ötən il ərzində mütəmadi olaraq məşqçi və mütəxəssislərin rəhbərliyi altında yeniyetmə və gənc idmançılara seminarlar keçirilib, onların bu sahədə bilik və bacarıqları artırılıb. Əldə olunmuş nailiyyətlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Azad Cabbarov vurğulayıb ki, nazirlik idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaqdır.
İclasın yekununda sədr Mahir Əliyev federasiyanın yeni idarə heyətini təqdim edib və onlara 2018-ci ildə uğurlar arzulayıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128809
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1613
4356
5969
92409
4128809

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter