15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

1918-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi nə qədər mühüm və qürurverici hadisədirsə, yeni qurulan dövlətin üsuli-idarəsinin cümhuriyyət – respublika kimi təsbit olunması o qədər mühümdür, o qədər qürurvericidir. Ümummilli lider Heydər Əliyevin 30 yanvar 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamda da deyildiyi kimi: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”.

Yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşmüşdür. Təsadüfi deyildir ki, paytaxt Bakıya köçdükdən sonra Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət Müəssislər Məclisinin çağırılması üçün hazırlıqlar görməyə başladı və bu məqsədlə komissiya yaradıldı.

Əslində, cümhuriyyət yarandığı gündən bəri 44 nəfərlik Milli Şuranın özü, bir növ, parlament kimi fəaliyyət göstərmiş, 1918-ci ilin may-iyun aylarında və həmin ilin noyabr-dekabr aylarında rəsmi parlamentin açılışına qədər Milli Şura 10 iclasını keçirmişdi.

Şərqin ilk parlamenti

Milli Şuranın 1918-ci ilin 19 noyabr tarixli iclasında parlamentə seçkilər məsələsi müzakirə edilmiş, o dövr və şərait üçün həddindən artıq demokratik prinsiplər irəli sürülmüşdü.
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan Parlamenti ilk iclasını keçirmişdir. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə parlament sədrinin birinci müavini seçilmişlər. Topçubaşovun Paris Sülh Konfransına gedən nümayəndə heyətinin rəhbəri olduğu bir şəraitdə Həsən bəy Ağayev parlamentə rəhbərlik edirdi.
Fəaliyyəti boyunca 11 fraksiya və qrupun fəaliyyət göstərdiyi tam demokratik əsaslı parlamentin 145 iclası keçirilmişdir. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də, son iclası isə 1920-ci il aprelin 27-də olmuşdur. Tariximizin birinci parlamentində müzakirəyə 270-dən artıq qanun layihəsi çıxarılmış və onlardan 230-a yaxını qəbul edilmiş, parlamentin 11 komissiyası fəaliyyət göstərmişdir.

Parlamentin naxçıvanlı nümayəndələri

Yuxarıda da qeyd etdiyimiz kimi, parlamentə Milli Şuranın 44 nəfər üzvündən başqa, daha 36 müsəlman nümayəndə seçilməsi qərara alınmışdı. Araşdırmalarımız göstərir ki, nümayəndələrin 5 nəfərinin Naxçıvan və bu gün tarixi Naxçıvan əraziləri dediyimiz bölgələrdən seçilməsi nəzərdə tutulmuşdur. Naxçıvan, Şərur və Ordubad qəzalarının hər birindən bir nəfər, Zəngəzur qəzasından isə 2 nəfər nümayəndə parlamentə seçilməli idi.
Parlament üzvlərinin siyahısına baxdığımız zaman məlum olur ki, Naxçıvan qəzasından Qasım bəy Camalbəyov, Ordubad qəzasından İbrahim Əbilov, Zəngəzur qəzasından Cəlil bəy Sultanov və Məmməd Sadıq Axundzadə parlamentin üzvü olmuşlar. Lakin apardığımız bəzi araşdırmalar göstərir ki, Qasım bəy Camalbəyov Milli Şuranın 44 nümayəndəsindən biri olmuşdur. Hələlik parlamentə Naxçıvan qəzasından və Şərur qəzasından seçilən nümayəndələrin kimliyini dəqiqləşdirə bilməmişik. Ola bilsin ki, o dövrdə Naxçıvandakı şərait seçkinin keçirilməsinə imkan verməmişdir.
Parlamentin Naxçıvan qəzasından olan deputatlarından biri Qasım bəy Camalbəyov olmuşdur. Özünün siyasi istedadı və fərdi diplomatik xüsusiyyətləri sayəsində Qasım bəy Camalbəyov həm Rusiya imperiyası dövründə, həm Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində, həm də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ictimai-siyasi proseslərin mərkəzində yer almağı bacarmış, mövcud quruluş və ictimai-siyasi şəraitdən asılı olmayaraq, Azərbaycan uğrunda özünün doğru bildiyi istiqamətlərdə fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Qasım bəy Camalbəyov əvvəlcə Tiflisdə fəaliyyət göstərən Milli Şuranın üzvlərindən biri, sonralar isə parlamentin deputatı olur. Camalbəyov Milli Şura tərkibinə daxil olarkən burada Cəfər Axundovu əvəzləmişdir. Çünki onun şuraya daxilolma məsələsi 1918-ci il iyunun 1-də Tiflisdə keçmiş Canişin sarayında H.Ağayevin sədrliyi ilə keçirilən Müsəlman Milli Şurasının üçüncü iclasında müzakirə edilmişdir. Yəqin ki, “İstiqlal Bəyannaməsi”nin qəbulu zamanı bitərəf qalan C.Axundov sonradan Milli Şuranın tərkibindən çıxmışdır. Milli hökumətin Gəncədəki fəaliyyəti zamanı da Q.Camalbəyov Milli Şuranın üzvü kimi fəaliyyət göstərmişdir. Çünki 1918-ci il iyun ayının 17-də qəbul olunmuş “Azərbaycan Milli Şurasının ikinci müvəqqəti hökumətin heyəti haqqında qərarı”nda Milli Şuranın digər üzvləri ilə bir sırada Qasım bəy Camalbəyovun da adı çəkilir.
1918-ci il dekabrın 7-də açılan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sosialist fraksiyasında təmsil olunan Qasım bəy Camalbəyov parlamentin işində fəal iştirak etmiş, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü olmuşdur. Qeyd edək ki, 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində sosialistlər 12 deputatla təmsil olunurdular. Bəzi arxiv sənədlərindən məlum olur ki, parlamentin deputatı kimi fəaliyyət göstərdiyi illərdə Q.Camalbəyov Bakıda Qala 27 (Крепостная 27) ünvanında yerləşən mənzildə yaşamışdır.
Qasım bəy Camalbəyovun maraqlı çıxışlarından biri 25 avqust 1919-cu ildə keçirilən parlamentin 68-ci iclasında Azərbaycan darülfünunun (Azərbaycan Universiteti) təşkili ilə bağlı məsələ ilə əlaqədar olmuşdur. Bu çıxışında Camalbəyov universitet üçün yeni bina tikilməsinə qədər bəzi binaların universitetin səlahiyyətinə verilməsi fikrini müdafiə etmişdir.
Camalbəyov parlamentin 1919-cu ilin sentyabr ayında keçirilən 70-ci iclasında da Azərbaycan darülfünunun təşkili haqqında qanun layihəsinin 3-cü oxunuşunun müzakirəsində və xarici ölkələrə yüz nəfər tələbənin göndərilməsi ilə bağlı qanun layihəsinin müzakirələrində fəal iştirak etmişdir. Ümumilikdə, parlamentin iclaslarının stenoqrafik yazılarından aydın olur ki, Qasım bəy Camalbəyov Zəngəzur qaçqınları məsələsinin, Qarabağda ermənilər tərəfindən törədilən qanlı qırğınlarla bağlı məsələlərin müzakirəsində bir çox diqqətçəkən məsələlərə toxunmuşdur.
Parlamentdə Ordubad qəzasının nümayəndəsi olan İbrahim Əbilov 2 oktyabr 1919-cu il keçirilən parlamentin 80-ci iclasında torpaq məsələsinin müzakirəsi zamanı məsələnin yubadılması ilə bağlı etirazını bildirmiş və bu istiqamətdə parlamentdəki müxtəlif fraksiyalar arasında polemikalar genişlənmişdi. O, parlamentin 1919-cu ilin oktyabr ayının 21-də keçirilən 89-cu iclasında Mətbuat nizamnaməsi haqqında qanun layihəsinin üçüncü müzakirəsi zamanı mətbuata senzuranın qoyulması məsələsinə etiraz etmişdi.
Cəlil bəy Sultanov və Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: “İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi”.

Parlamentdə Naxçıvan və Zəngəzur müzakirələri…

Naxçıvanlıların, zəngəzurluların erməni təcavüzünə qarşı əzmkar mübarizəsi dəfələrlə parlamentdə təqdir edilmiş və bu bölgələrlə bağlı qızğın müzakirələr aparılmışdır. Parlamentin 22 dekabr 1919-cu ildə keçirilən 109-cu iclasında danışan parlamentin üzvü Aslan bəy Səfikürdinski o illərdə naxçıvanlıların əzmkar mübarizəsinə diqqət çəkərək demişdir: “...Sonra Naxçıvan, Zəngəzur, Vedibasar məsələlərinə keçəlim. Naxçıvan və Vedibasarın səsləri bütün Avropaya çıxdı, çünki onların nümayəndələri qəzetlərə xəbər verirlər və hökumətlərini xəbərdar etdilər. Bir vaxt erməni hökuməti və ingilis nümayəndələri getdilər Naxçıvan və Vedibasara, orda istiqbal etdilər, sonra isə fəhlə camaat onları qovub Azərbaycan Cümhuriyyəti şöbəsini təşkil etdilər. Böylə qeyrətli camaatı gözdən salmaq olmaz”.
Bu çıxışda naxçıvanlıların, zəngəzurluların, vedibasarlıların əzmkar mübarizəsi ilə yanaşı, bir məsələ də aydın olur. Məlum olur ki, Zəngəzurun məqsədli şəkildə ermənilərə verilməsi, Naxçıvanın Azərbaycandan aralı salınması siyasəti heç də sovetlər dönəmindən başlamamış, hələ 1918-1919-cu illərdə bölgədə söz sahibinə çevrilmək istəyən ingilislər və amerikalılar hər vəchlə Zəngəzur və Naxçıvan ərazilərini ermənilərin himayəsinə verməyə çalışmışlar.
Qeyd edək ki, parlamentin 22 mart 1920-ci il tarixli 132-ci iclasında ingilislərin Qafqazda ermənipərəst siyasəti haqqında danışılmışdı. Bu parlament iclasında əsas müzakirə mövzusu Qarsda müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən qırğınlar olmuşdur. Qeyd olunan bölgələrdə ermənilərə dəstək göstərmək məqsədilə ingilislərin ermənilərə avtomobillə gümüş pul göndərməsi məsələsini məhz bu iclasda parlamentin üzvü Əliheydər Qarayev səsləndirmişdir. İngilislərin ermənipərəst siyasətini tənqid edən Qarayev deyirdi: “Odur ki, Qarabağda, Zəngəzurda, Karsda, bugün-sabah Naxçıvanda və Şərurda da erməniləri müsəlmanların üstünə qaldırıb, məzkurların işçilərini qırmaqla bugün-sabah bu siyasətlə hətta Azərbaycanın içini də tutacaqlar. Bu bədbəxt meşşan daşnakların qabağını almaq asandır, lakin onların dalında duran böyük qüvvəni yıxmaq lazımdır. Unutmayın ki, həqiqətə açıq gözlə baxmalıyıq. Bu gün bədbəxt mişaflardan bir şey çıxmaz. Siz gərək o qüvvəyə inanmayasınız. Qəzetələrdə oxudunuzmu ki, Fransa imperialistləri general Andranikə böyük bir medalyon vermişdir. Əcəba bu medalı nə kimi qəhrəmanlıqlara görə vermişlər? Haman qəhrəmanlıqlara görəmi ki, Naxçıvan, Şərur və bir çox başqa müsəlman yerlərini yer ilə yeksan etmişdir”.

Bütün bu müzakirələrlə, qəbul edilən qanunlarla tanış olduqca bir daha qürur duyursan ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti o dövrün ən demokratik quruluşlarından biri olmuşdur. Tariximizin birinci respublikasının dövründə əsası qoyulan ənənələrin varisliyi müasir müstəqil Azərbaycan Respublikasının fəaliyyəti ilə tam təmin olunur.

Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275924
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1366
4179
13693
60570
3275924

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter