04 Dekabr 2020, Cümə

Ordumuzun uğurlu əməliyyatları nəticəsində illərdir, qaysaq bağlayan yaramız olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qalibiyyəti dosta qürur, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü yaşatdı. O zaman ki Zəngilanda, Qubadlıda, Şuşada müqəddəs azan səsi, himnimiz səsləndi, ay-ulduzlu bayrağımız yüksəklərdə dalğalandı, illər öncə bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin nigaran qalan ruhları ağ göyərçinə dönüb azad Qarabağımızın səmasında qanad çaldı, yurdumuza boylandı, “Gözün aydın, Vətən!” – dedi. Nə zindan, nə qan Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşə atılan igidlərin qarşısını ala bildi. Qəhrəman oğullarımız öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi.

Tarixboyu qəhrəman bir el kimi tanınan Naxçıvanın nər igidləri də bu 44 günlük Vətən müharibəsində zəfər dastanı yazdılar. Onlar doğulduqları torpaqdan yüzlərlə kilometr uzaqda “Hər qarışı bizimdir, bölünməz Vətənimizdir, Öncə Vətəndir!” – deyib canlarından keçdilər.
Dünən Naxçıvan Beynəlxalq Hava Limanı bir daha insan seli ilə təlatümə gəldi. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, hər kəs – kiçiyindən-böyüyünə, hamı onları qarşılamağa, müqəddəs ruhları qarşısında baş əyməyə tələsdi. Üçrəngli bayrağımızla bəzəndi hər tərəf, özləri də uğruna canlarını qurban verdikləri üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıtdılar. Qələbə soraqlı şəhidlərimiz böyük izdihamla qarşılandı. Şəhid olan hərbi qulluqçularımız Eyvazov İslam Həsən oğlu, Məmmədzadə Pərviz Zahid oğlu Naxçıvan şəhərinin Qaraçuq kəndində, Məmmədov Araz Qəhrəman oğlu Tumbul kəndində, Rüstəmov Basid İdris oğlu Kəngərli rayonunun Xok kəndində son mənzilə yola salındılar. Qəhrəman oğullarımızın dəfn mərasimlərində dövlət və hökumət nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, minlərlə sakin iştirak etdi.
Dəfn mərasimində hər kəs onların igidliklərindən danışdı. Bildirdilər ki, illərdir, həsrətlə gözlədiyimiz Qələbə xəbərini gətirən qəhrəmanlar, Siz ölmədiniz, bütün azərbaycanlıların ürəyində daim yaşayacaqsınız. Bu xalq, bu Vətən daim sizin şücaətiniz ilə fəxr duyacaq. Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir.
Şəhidlik bütün yüksəklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Bu ruhu, bu Vətən məhəbbətini, Vətən üçün ölməyə hazır olmaq şövqünü yaradan qəhrəman övladlarımıza Ulu Tanrıdan rəhmət dilədilər.
Şəhidlərimizin ruhuna dualar oxundu, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidlərimizin doğmalarına əmanət edildi.
Bu gün şəhidlik şərbətini içən igidlərimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz axı. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbində bir məşəldir. Elə bir məşəl ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə…
Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə canından keçən Vətən oğulları, sizin igidliyiniz əbədiyyən çiçək olub Vətən torpağında bitəcək, sevgi olub ürəklərdə yaşayacaq.

 Ramiyyə ƏKBƏROVA


 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR