04 Dekabr 2020, Cümə

Bu günlərdə Azərbaycan xalqı, eləcə də bütün Türk dünyasının dilində bir mövzu var: Noyabr ayının 10-da tarix yazan sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizin – Ermənistanın təslim olmasının müjdəsini verməsi ilə soydaşlarımızın ürəklərindəki 30 illik yaraya su səpildi, işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışdılar, maşın karvanları küçələrdəki sükutu qələbə coşqusuna çevirdi. Tarixi qələbəmiz muxtar respublikamızda da ümumxalq şənliyi, böyük coşqu ilə qeyd edildi. Əllərində ay-ulduzlu bayraqlarla küçələrə axışan sakinlər “Başını dik tut, şəhid anası!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” və bu kimi şüarlarla şəhid ailələrinin mənzillərinə üz tutdular. Şəhid anaları ilə qələbə sevincini paylaşıb, bu qələbənin şəhidlərimizin qanı hesabına qazanıldığını, onların qanlarının yerdə qalmadığını bildirdilər. Ermənistanın məğlubiyyətə uğrayaraq təslim olması sevinci aşıb-daşan azərbaycanlılara, sanki yeni bir həyat bəxş etdi. Belə həmvətənlərimizdən biri də əslən Qubadlı rayonundan olan, hazırda Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərən Şəlalə Cabbarovadır. Bu günlərdə onunla görüşüb təəssüratlarını öyrəndik.

– Şəlalə xanım, əvvəlcə bütün Azərbaycan xalqı kimi sizə də gözaydınlığı vermək istəyirəm. İşğal altında olan torpaqlarımız bir-birinin ardınca azadlığa qovuşur. Yəqin ki, o torpaqlarda doğulub boya-başa çatan biri kimi ikiqat sevinc hissləri keçirirsiniz...
– Çox sağ olun! Əlbəttə ki... Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun! Yaşadığım hissləri dilə gətirmək mənim üçün çox çətindir. Qubadlının işğal olunduğu 1993-cü ilin avqust ayını, heç zaman unuda bilməyəcəyim o dəhşətli günləri xatırlayıram. Mən sizə 1988-1993-cü illərdən, rayonumuzun və bizim yaşadığımız Başarat kəndinin sakinləri üçün qaçqınlıq həyatının başlandığı illərdən danışıram. O vaxt orta məktəb şagirdi olsam da, həmin dövrləri yaxşı xatırlayıram. Kəndimiz Qubadlının şimal-şərqində, Şuşaya yaxın ərazidə yerləşdiyindən Qarabağa erməni təcavüzü başlayandan qanlı döyüşlərə şahidlik edib. O zaman kəndi qoruyan müdafiə batalyonunun əsgərləri məktəb binasında yerləşdiyi üçün dərslər keçilmir, biz də qorxu içində olurduq. Əli silah tutan yerli sakinlərin hamısı o zaman döyüşə atılmışdı. Hər dəfə kəndimiz topa tutulanda, şəhid xəbəri gələndə, gözümüzün qabağında qanı axan əsgərləri görəndə, sanki qiyamət qopurdu. Axıradək müdafiə olunan köməksiz insanların sonda öz doğma yurdunu, evini atıb çıxması qədər acı bir hiss varmı, görəsən? Yurdunu-yuvasını tərk edib, ev-eşiyini qoyub qaçmağa məcbur olan qadın-uşaqların fəryadını, haraya gedəcəyini bilməyən ailələrin ümidsizliyini yaşadıq. Ermənilərin top atəşindən yanıb tüstüsü qalxan kənd evləri, əlində əşyaları vahimə və səksəkə ilə ora-bura qaçan insanlar, ayaqyalın uşaqlar! Yolboyu Araz çayı kənarındakı dəmiryol stansiyalarının birinə toplanmış minlərlə insanın qorxu dolu baxışları arasında üz-gözü pərişan qızların, acından ağlaşan körpələrin, çarəsizcə bilinməyənlərə doğru yol alan qocaların göz yaşları! Bütün bunlar o ağrılı-acılı dövrü yaşamış insanların heç zaman unuda bilməyəcəyi bir qaçqınlıq hekayəsi idi. 27 il sonra bu hekayənin sonluğu, şükürlər olsun, zəfərlə bitdi. İndi qürurluyuq. Torpaqlarımızı böyük siyasət nəticəsində, öz gücümüzlə, öz ordumuzla alırıq. Əgər şeirlə desəm:

Bu dərdlər, ağrılar ölçüyə gəlməz,
Bu dərdlə, ağrıyla ölçülən bizik.
Sıyrılıb ağrılar məngənəsindən,
Hər gün zərrə-zərrə ucalan bizik!

– Sonra necə oldu ki, Naxçıvana gəldiniz?
– Biz Bakıya, oradan da Sumqayıta gəldik. O zaman əksər qubadlılılar, demək olar ki, Sumqayıta toplandılar. Ailəmiz də oradadır. Mən isə 1996-cı ildə təhsilimi davam etdirmək üçün Naxçıvan Dövlət Universitetinə qəbul oldum, oxudum və çox qısa müddətdə bu torpağı sevdim və taleyin hökmü ilə ali məktəbi bitirəndən sonra da Naxçıvanı seçdim. Burada ailə qurdum. Bunun üçün çox xoşbəxtəm. Amma ürəyimdə göynəyən Qubadlı yarası bəzən sözə də sığmır. Bilirsiniz, bizim o yerin insanları sazlı-nəğməlidirlər. Atam İnqilab müəllimin dostları, iş yoldaşları ilə keçirdiyi saz-şeir məclisləri indi də xatirimdədir. Mənim universitetdə təhsil aldığım zaman mədəni tədbirlərdəki saz ifalarım uğurlu alınmışdı. İndi artıq o dövrlər arxada qalıb, uşaqlar böyüyüb, universitetdə təhsil alanı var. İşlədiyim Heydər Əliyev adına tam orta məktəbdə bütün müəllim yoldaşlarım da mənim kimi Qubadlının, digər şəhər və kəndlərimizin azad olunması, qələbə xəbərimizi böyük sevinclə qarşıladılar. Söz veriblər, bizə qonaq gedəcək, Qarabağ plovundan Başaratda dadacaqlar.
– Qubadlı həsrətiniz çox uzun çəkdi. Bu qədər keçəndən sonra o torpağa yenidən bir də ayaq basmaq, sizcə, necə bir duyğudur?
– Onu, məncə, hər insan yaşaya bilməz. Atasız ata yurduna qayıtmaq! On il əvvəl atam Sumqayıtda son nəfəsində “Bura Qubadlıdırmı?” – demişdi. O qayıda bilmədi, amma biz qayıdırıq yurdumuza, doğma Qarabağımıza! Böyük və güclü Azərbaycanın bir parçası olan Qarabağ bizimdir! Və hər zaman da bizim olacaq! Bir arzum var, inşallah, Qubadlıya yola çıxanda Naxçıvanın müqəddəs Əshabi-Kəhf ziyarətgahından bir ovuc torpaq da aparacağam ata ocağıma. Paklansın deyə! Burada torpaq təmizdir, heç zaman erməni ayağı dəyməyib. Sağ olsun, ölkə başçımız cənab İlham Əliyev bütün Azərbaycana bu sevinci yaşatdı. İndi yazılan bu dastan yüz illər sonra da xalqımızın tarix səhifələrini bəzəyəcək, əsgərlərimizin qəhrəmanlığı dillərə dastan olub övladlarımız üçün vətənpərvərlik salnaməsinə çevriləcək. Qoy mənim şeirimdən iki bənd də əsgərlərimizə ərməğan olsun! Murovdağda zəfər çaldın yayıldı səs-sorağın,

Füzuliyə yol açıldı mübarəkdir ayağın,
Xudafərin çox gözləyib Azərbaycan bayrağın,
Arazımın üzü güldü, ürək sözlə doludur.
Uğur olsun, ey əsgərim, bu yol Şuşa yoludur!

Yaradandan qüvvət aldın, O qoruyur sizləri,
Gəncəmizin göz yaşları yaraladı bizləri,
Xocalıda al qisası, qoyma qalsın izləri,
Vur, əsgərim, vuran qolun Şah İsmayıl qoludur
Uğur olsun, ey əsgərim, bu yol Şuşa yoludur!


Digər müsahibim Naibə Allahverdiyeva Xocalı faciəsinin canlı şahididir.
– Ay Naibə xala, gözünüz aydın, Xocalının qisası alındı. Bütün qarabağlıların torpaq nisgilinə son qoyuldu.

Naibə xala gəlişimizin səbəbini öyrənəndə kövrəldi, o günləri xəyalında yenidən yaşadı.
– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Mənfur düşmənlərimizin törətdiyi soyqırımdan əvvəl ailəmlə birlikdə Xocalıda firavan həyat sürürdük. Ta ki o günə qədər. Düşmən elə azğınlaşmışdı ki, qoca, qadın, uşaq demədən qarşısına çıxan hər kəsə divan tuturdu. Biz də o gün canımızı qurtarmaq üçün doğma el-obamızı, yurdumuzu qoyub qaçmağa məcbur olduq. Hərə qaça bildiyi bir səmtə üz tuturdu. Anamı, qardaşlarımı köçdə itirmişdim. Hava da şaxtalı, boranlı idi. Sanki o anda Allahın qəzəbinə gəlmişdik. Ətrafdakı meşənin hər yeri Xocalını tərk edərək Ağdama üz tutan və ermənilər tərəfindən qeyri-insani şəkildə qətlə yetirilən insanların eybəcər hala salınmış cəsədləri ilə dolu idi. Ermənilər, xüsusilə 13 yaşlı qızı vəhşicəsinə təhqir edərək öldürmüşdülər. Bir ananın ayaqlarını bağlayaraq onu təhqir etmiş, sonra da qətlə yetirmişdilər. Vəhşilər nə qadınlara, nə qızlara, nə də südəmər uşaqlara rəhm etmirdilər. Düşmənə əsir düşmüş kənd sakinlərindən biri bizi görən kimi qaçmağımıza işarə etdi.
Gizlənməyə çalışdıq. Verilən işgəncələri canlı olaraq görsək də, səsimizi boğmaq məcburiyyətində idik. Ağdama çatanda ölən və yaralananların arasında öz ailəmi, qardaşlarımı, bacımı, anamı axtarmağa başladım. Amma tapa bilmədim.
Xocalıdan didərgin düşən dörd qızla birlikdə Ağdama dəmiryol vağzalına gəldik. Qatarın hansı istiqamətdə getdiyini bilmədən özümüzü vaqona atdıq. Sonradan öyrəndik ki, qatar Naxçıvana gedir. Hələ uşaqikən bu şəhər haqqında atamdan eşitmişdim. Atam deyirdi ki, Naxçıvanda qohumları var. Mən də bura üz tutanda elə o tanımadığım qohumlarımı tapmaq, onlara sığınmaq niyyəti ilə gəlirdim. Vaqona əyləşəndə müsibətdən canımı qurtardığımı düşünmüşdüm. O vaxta kimi ki, Mehri kəndi ərazisində mənfur düşmənlər qatarın qarşısını kəsib, gülləbaran etməyə başladılar. Qız-gəlini əsir götürürdülər. O andaca qardaşımın “Əsir düşməkdənsə, özünüzü öldürün” sözləri ağlıma gəldi. Çarəsiz oturduğum oturacağın altında gizləndim. Bir qədər sonra eşitdik ki, ümummilli liderimiz danışıqlar aparıb. Qatarın Naxçıvana keçməsini təmin edib. Naxçıvana gəlişimlə ikinci həyatım burada başladı. Qonaqpərvər insanlar sayəsində burada o ağır yaralarla həyatda qalmağı bacardım. Burada naxçıvanlı bir oğlanla ailə həyatı qurdum. Yeddi övladım var. Yoldaşım və 2 uşağımın fiziki imkanları məhduddur. Sonralar bir neçə quruma müraciət etsəm də, valideynlərimdən, bacı-qardaşlarımdan xəbər ala bilmədim. Dedilər ki, bir qardaşım şəhid olub, digər yaxınlarım isə ya itkin düşüb, ya da ki, girov götürülüblər.
– Naibə xala, bəs torpaqlarımızın azad olunması, Böyük Qələbəmizlə nəticələnən Vətən müharibəsi haqqında nə deyə bilərsiniz?
– Ay qızım, 28 ildir ki, o yerlərin həsrəti ilə yaşayıram. Oğullarımız qanları bahasına yurdumuzu azad etdirirlər. Mənim də iki oğlum hərbçidir. Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib Hərbi Akademiyaya qəbul olundu. Oranı bitirdikdən sonra cəbhə bölgəsinə, Ağdama xidmət üçün yola düşdü. Hər dəfə onunla danışanda deyirdi ki, ana, sənin torpağına yaxınam. Bir dəfə oğlumu ziyarətə gedəndə Ağdam ətrafından torpaq da gətirmişdim. Bir gün Vətənim alınmadan dünyadan köçsəm, o torpaqla dəfn olunmağımı istəmişdim ki, ruhum dinclik tapsın. Vətən müharibəsi iştirakçısı olan oğlum döyüşlərdə ağır yaralansa da, sağalaraq yenidən döyüşə qayıtmışdı. Mənə söz vermişdi ki, Azərbaycan bayrağını Xocalıda dalğalandıracaq, məni də yurduma aparacaq. Mən çox şadam ki, bu gün Ali Baş Komandanımız, belə igid, cəsur oğullarımız xalqımıza, qaçqın, məcburi köçkün statusu daşıyan soydaşlarımıza Qələbə sevincini yaşatdı.
Ali Baş Komandanımızın hər bir müraciətini ailəcə diqqətlə dinləyirdik. O hər dəfə azad edilmiş bölgələrimizi sadalayanda göz yaşlarıma hakim ola bilmirdim. Amma bunlar sevinc göz yaşlarıdır. Artıq bu günlərdə ümidlə Prezidentimizdən “Xocalıya qayıda bilərsiniz” müjdəsini eşitmək üçün səbirsizlənirəm.
Mən bir hərbçi anası kimi Azərbaycan analarına üzümü tutub demək istəyirəm ki, qoy övladları üçün nigaran olmasınlar. Şəhid anaları ağlamasın. Şanlı tariximizə yazılan bu qələbə onların oğullarının qanı ilə yazılıb. Oğullarını döyüşə necə başı dik göndərmişdilərsə, şəhidlərimizi də eləcə məğrur qarşılasınlar. Artıq Qarabağımız azaddır. Qalır ki, yurdumuzdan mənfurlar tamamilə təmizlənsin.
Naibə xalanın müqəddəs arzularına biz də qoşulub onunla sağollaşırıq. Azərbaycan əsgərinin qoluna qüvvət, dizlərinə bundan sonra da təpər arzulayırıq. Bütün soydaşlarımızla öz yurdlarında görüşmək ümidi ilə...

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR