26 Noyabr 2020, Cümə axşamı

         Düz bir il bundan əvvəl təlxək Paşinyanın sərxoş vəziyyətdə  yallı getdiyi, Cıdır düzünü  bu günlərdə də, yallı  sədaları bürüdü.  Amma qol açıb oynayanlar məhz oranın əsl sahibləri, yəni Azərbaycan əsgərləri oldu. Azərbaycan ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri bizlərik. Həmin kadrları sosial şəbəkələrdə yayımlanan bir gündən dəfələrlə izləmişəm, izlədikcə də, doymaq istəmirəm. Elə kadrlardan da, məlum olur ki, Şuşa dağları Qara zurnanın cəngindən sanki dil açıb danışırdı...Dağlarımız hayqırmaq istəyirdi uca səslə: – Ay mənim igid övladlarım, xoş gəlmisiniz Vətənə, bax yallı rəqsimiz sizlərə yaraşır. Bu Qələbə yallısının sədalarına doğma torpaq  da, qürur əzmi içərisində idi.Qədim musiqi alətinin səsi ucaldıqca dağ da, daş da, riqqətə gəlmişdi.Uzun müddət nigarçılığa qərq olan xarıbülbül də qoşulmuşdu bu sevincə. Axı, Xan Şuşinskinin, Bülbülün, Cabar Qaryağdıoğlunun, Hacı Hüsnünün, Məcid Behbudovun, İslam Abdullayevin və başqalarının sinələrinə basdıqları tarın səsinə şahidlik edib Şuşa dağları, elə Qara zurna çalınan kimi də başa düşmüşdülər artıq igidlərinin Cıdır düzündə yallı getdiklərini.

          Yallı rəqsi ilə halay tutmaq Azərbaycan xalqına məxsus olub. Riyakar düşmən nə bilir yallı nədir?

    Yallı Azərbaycan xalqının qədim rəqs mədəniyyətidir. Ermənilərin tarixən belə rəqsi olmayıb. Onlara belə rəqsi oynamaq heç yaraşmır da. Çünki yallının birlik və qələbə  ritmini, möhtəşəmliyini duya bilmirlər, belə xarakterləri yoxdur. Adi tarixi həqiqəti dərk edə bilmirdilər ki, Cıdır düzü Azərbaycan ərazisidir, Azərbaycan xalqının müxtəlif bayram şənliklərinin  və ənənələrinin keçirildiyi  tarixi-coğrafi məkandır. Eləcə də, Azərbaycanın  möhtəşəm təbiət abidəsidir, dədə-baba yurdumuzdur, milli-mədəni ənənələrimizin  qədim məkanıdır, bütövlükdə Qarabağ azərbaycanlıların tarixi vətənidir. Babalarımız yaxşı deyib: “Utanmasan oynamağa nə var ki?” Doğurdan da,  ermənidən humanistlik gözləmək, naqisdən mərifət, cahildən ağıl, cəlladdan ədalət gözləmək kimi bir şeydir. Bəli, bir insan tutduğu işin sonunun nə ilə nəticələnəcəyini bilmirsə, deməli  o insandan acizi yoxdur. Mənəviyyatsız düşmən etdiyi acizliyin sonunu gördü, özgə torpağında yallı getməyin nə olduğunu gec də olsa  başa düşdü. Atalarımız yaxşı deyib “özgə atına minən tez düşər”. Riyakar düşmən də  özgə atından düşürdülüb, 30 ildən sonra gedəcəyi yeri bildi

          Diqqət etmisinizsə, həmin gün Şuşada Paşinyanın oynamağını  müşayiət edən Azərbaycan xalqının  qədim nəfəs, simli və zərb alətləri olan zurna, balaban, tar, kamança, dəf, nağara oldu. Həmin alətlərdə doğru düzgün ifa etməyi belə bacarmırlar. Elə bu yerdə Bəxtiyar Vahabzadənin sözləri yada düşür. “Nəsənsə özü ol, sən özgə olursan yamsılayanda”. Deməli, torpaq da, şəhər də, məkan da, rəqs də, musiqi də,  alət də məhz, Azərbaycana məxsusdur. Belə olan halda sual doğurur: Paşinyan hansı  mənəvi haqla və hansı tarixin, hansı şad gününə, hansı əməlinə görə  şadlıq edirdi? Və bu şadlıq çox çəkmədi. Artıq Paşinyan Qarabağda, Azərbaycan xalqının qarşısında  bir daha qalibanə yallı  oynaya bilməyəcək. Heç öz ölkəsində də oynaya bilməyəck. Oynasa da, ayrı bir havanı-məğlub və ifşa havasını oynayacaq. Ölkə Prezidenti cənab İlham Əliyev  xalqa müraciətində bu barədə danışarkən demişdir: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla  barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda  rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı;”Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır,biz oraya qayıtmalıyıq,qayıdırıq və qayıdacağıq!”

Cıdır düzündə yallı gedən oranın əsl sahibləri oldu

         Əsgərlərimizin Cıdır düzündə etdiyi rəqsə baxdıqca güman edirdim ki, fevral ayının sonu olsaydı bahar fəsli daha tez gələcəydi. O, növrağını mart ayının ortalarına saxlamayacaqdı. Çünki, duymuşdu artıq Vətən övladlarının isti hənirtisini. Duymuşdu artıq igidlərinin o torpaqda halay çəkdiyini. Əminəm ki, bu yaz bir başqa bahar olacaq. Gəlişi ilə agaclarımızı, çiçəklərimizi daha da rəngarəng edəcək.

        Bizim dağlarımız, başqa dağlara bənzəməz, o dağlar ki, sərxoş insanları tanımır, o dağlar ki, Xan Şuşinskinin, Üzeyir Hacıbəylinin, və daha kimlərin səsini tanıyır, həmin səslərlə qanadlanıb pərvazlanır. Bəli biz özümüzə məxsus olan yerlərdə milli rəqsimizi oynayan bir millətik. Torpaqlarımız murdar ermənilərin rəqsini qəbu etməz, o torpaqlar yalnız doğmalarının ayaq səslərinə səs verər. Şuşamızın sinəsindən süzülən Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Qırx bulaq, Çarıx bulaq hər biri ayağa qalxmışdı yallı rəqsinin sədalarına.. Axı igid oğullarımızın əl hərəkətlərini əzbər bilirdi doğma torpaq... O torpaqlar həsrət qalmışdı bizim zurnanın Qələbə zəfər nəğməsinə. Qürur hissi ilə deyə bilirəm ki, artıq bu gün Şuşa dağları, daşları kədər örpəyini yerə atıb, xoş xəbərlər müjdəçisi olan göyərçinləri başına toplayıb, azadlığından bəhs edir onlara. Ali Baş Komandanımızın da dediyi kimi:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa biz qayıtmışıq!

Əziz Şuşa, biz səni  dirçəldəcəyik!

Şuşa bizimdir!Qarabağ bizimdir!Qarabağ ,Azərbaycandır!”

Nuray ƏSGƏROVA

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR