02 Dekabr 2020, Çərşənbə

Naxçıvanlı döyüşçü  Elton İsmayılovla müsahibə


Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun gücünü bütün dünyaya göstərdi. İşğalçı Ermənistanı torpaqlarımızdan qovmuş əsgərlərimizin qəhrəmanlığı indi dillərdə dastandır. Ağıllı silah-sursatlarla tək atışla düşmən hədəflərini bir-bir yox edən, Şuşanı əlbəyaxa döyüşdə düşməndən təmizləyən bütün əsgərlərimiz indi Azərbaycan Ordusunun fəxridirlər. Artıq müharibə qurtarmış və döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimiz həmin günlərin qürurunu yaşayırlar. O döyüşçülərdən biri də leytenant Elton Pənah oğlu İsmayılovdur.

24 yaşlı Elton Şahbuz rayonunun Kükü kəndində anadan olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Litseyə daxil olub. 2014-cü ildə litseyi bitirən Elton Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2018-ci ildə buradan  məzun olan gənc zabit Qarabağ bölgəsində, təmas xəttindəki mövqelərdə kəşfiyyat taqımının komandiri vəzifəsində mürəkkəb şəraitdə hərbi xidmət keçib. 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatlarında Murovdağ, Hadrut və Suqovuşan uğurunda gedən döyüşlərin iştirakçısıdır. Sonuncu döyüşlərin birində yaralanaraq müalicəsini davam etdirən Eltonla görüşüb həmsöhbət olduq.

İlk döyüşə Murovdağ zirvəsinin ələ keçirilməsi uğrunda başladıqlarını deyən Elton bildirir ki, elə müharibənin ilk saatlarından ordumuz təşəbbüsü ələ almışdı. Əsgərlər arasında böyük ruh yüksəkliyi vardı. Gənc zabit deyir ki, buna qədər xidmət keçdiyi müxtəlif nöqtələrdə ermənilərin dəfələrlə atəşkəsin pozduğunun şahidi olmuşdu. Ordumuz da bunun cavabını vermişdi. Ancaq 27 sentyabrdakı əks-hücum bu dəfə düşmən üçün öldürücü oldu. Erməni əsgərləri hər yerdə qaçmağa başladılar. Üzbəüz mövqelərdə onların necə məhv edildiyinin şahidi olan Elton İsmayılov dinc sakinlərin ermənilər tərəfindən necə hədəf alındığından da danışır. Yaralanıb müalicə olunduqdan sonra evə buraxılmış döyüş yoldaşlarından birinin cəbhəyanı ərazidəki evinə raket düşməsi nəticəsində şəhid olması xəbəri onu daha çox sarsıdıb. Ancaq 10 noyabrda düşmənin təslim olması, Qarabağın tamamilə azad olunması digər hərbçi yoldaşları kimi onu da çox sevindirib. Yaxın günlərdə yenidən hərbi xidmətə qayıdacağını bildirən zabit Böyük Qələbədə payı olan bütün döyüşçü yoldaşlarını ehtiramla xatırlayır. O əmindir ki, Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bundan sonra da həmişə qalib olacaq.  

İkinci Qarabağ müharibəsi iştirakçısı Elton İsmayılovla bundan sonrakı xidmətində uğurlar və can sağlığı arzu edib, xudahafizləşirik. Kənddə, rayonda eşidən, xəbər tutan hamı İsmayılovların evinə gəlir, insanlar böyük qələbəmiz münasibətilə onu və bir-birilərini təbrik edirlər. Hamıdan çox sevinən isə zabitin anası Natiqə xanım və 90 yaşlı Sənubər nənəsidir.

Qoy bir daha müharibə olmasın!  

Əli Cabbarov

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR