30 Noyabr 2020, Bazar ertəsi

44 günlük zəfər yürüşü... Bu, adi yürüş deyildi. Bu yürüş tarixşünaslığımızın ikiəsrlik münaqişəli dövrünə son qoyan zəfər idi. Bu yürüş tarixin axarına yeni nizam verən zəfər idi. Bu zəfər iki yüz ildə itirilən torpaqların geri qayıdış zəfəri idi. Bu qayıdış haqqın geri qayıdışı idi. Bu qayıdış Ali Baş Komandanın müdrik siyasətinin, uzaqgörənliyinin nəticəsi idi. Bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi.

Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı. Azərbaycan əsgərinin şücaətini ukraynalı hərbi analitik belə yazırdı: “...Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-sız, tanksız, artilleriyasız işğaldan azad etdi. ...Bu, Vətənə qayıdış, ədalətli tarixə qayıdış idi. Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu?! Sualı cavablandırmaq, nə isə demək, danışmaq çox çətindir. Şəhidi çiyinlərində, yaralını qollarında, döyüşə-döyüşə, qan-tər içində nəfəsini belə, dərmədən qalxırdı üzü dağyuxarı Şuşaya doğru Azərbaycan əsgəri...”
Bəli, Şuşa qələbəsi, Şuşa uğuru müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi. Şuşa qələbəsi, Şuşa uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi.
Bununla Prezident cənab İlham Əliyev ölkəmizin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yüksəlməsi reallığını, sadəcə, sözdə deyil, əməldə göstərdi. Azərbaycan Ordusunun işğalçı üzərində qazandığı zəfər də bu reallıqları bütün aləmə bəyan etdi.
Beləliklə, ölkəmiz tarixi reallığı özünə qaytardı, tarixin haqlı axarına yeni başlanğıc verdi. Bizi də gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidinə çevirdi.
44 günlük Vətən müharibəsi və 30 ilə yaxın dövr ərzində dırnağına kimi silahlanmış, çoxmərtəbəli yeraltı istehkamlar qurmuş və yalnız işğalçı ruhunda böyümüş düşmən üzərində qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi.
Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın ətrafında sıx birləşən vətəndaşlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, qətiyyəti oldu. Dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyət və hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə həkk etdirdi!
Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi. Artıq dünya liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın varlığının şahidi oldu! Və həm də bu tarixi qələbə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi olan quru yollarla birləşdirilməsini təmin etdi. O quru yol ki bərpası ilə ermənilərin ağrı-acısını əsrlərlə unutdurmayacaq.
Bəli, Ermənistan artıq həm döyüşdə, həm də siyasət meydanında məğlub tərəfdir. Və nə qədər çox təcavüzkarlıq sərgiləsə, bir o qədər çox uçuruma yuvarlanacaq. Necə ki hazırda İrəvanda siyasi proseslər idərəolunmaz hala çatıb, ictimai-siyasi böhran dərinləşib. Ermənistan iqtisadi uçurumla üz-üzə dayanıb.
Azərbaycan isə tarixi ədaləti, beynəlxalq hüququ bərpa edərək qələbənin sevincini yaşayır. O qələbəni ki milli birliyi, həmrəyliyi və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazandı.
Bir sözlə, biz ədalət mübarizəmizi, tarixi və ilahi ədalət uğrunda savaşımızı Ali Baş Komandanımızın vədinə sadiq qalaraq qazandıq. Necə ki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 il öncə verdiyi “Biz o torpaqlara qayıdacağıq”, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədlərinə sadiqdir.
Zəfər salnaməmiz, qələbəmiz mübarək olsun!

Arzu ABDULLAYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR