26 Noyabr 2020, Cümə axşamı

Portret hekayə


Payızın ilk vaxtları idi. Pəncərə qarşısında oturub payızın şıltaqlığını anbaan izləmək Yusifin ən zövq aldığı mənzərə idi. Ağacların yarpaqlarının tökülməsi, yerdə qalanlarının isə küləyin mehi ilə rəqsindən yaranan xışıltılı səsi onu həmişə özünə heyran qoyurdu. Saatlarla təbiətin keçib gedən işvəsinə, nazına tamaşa edirdi. Arabir yağan yağışlar, dolan buludlar da, sanki həvəskar həmdəmini dilə gətirirdi. Əlinə qarmon alıb,  gözlərini yumaraq təsirlənib doyunca ifa edirdi. Deyirdi, payızda təbiətlə dilə gələn musiqi bir başqa olur, bir də ürək cuşa gələndə. İkisi də bir arada oldu, gəl görəsən. Yaxınları, dostları onun həyat dolu baxışlarını yüksək dəyərləndirir, özünəməxsus dəliqanlılığı ona çox yaraşdırırdılar. Zarafatsız bir günü olmazdı. Əsəblə, yersiz deyilmiş sözləri zarafata salmaq onun mərd obrazına xas idi.  O mərdlik ki onu gələcəkdə qəhrəmanlığa yüksəldəcəkdi...

Qəhrəmanın müharibədən əvvəlki həyat tarixçəsi...

Onun haqqında bacısı Naibə Mirzəyeva danışır: – Evimizdə ən şıltaq, dəcəl uşaq Yusif idi. Məktəbdə çox yaxşı oxumasa da, bütün müəllimləri onu sevirdi. Çünki çox mehriban, səmimi, sözü üzə deyən və zarafatcıl biri idi. Hər hadisəni incə yumor hissi ilə qarşılamağı xoşlayırdı. Çox gözəl səsi var idi. “Səkinə dayıqızı” ən çox sevdiyi xalq mahnısı idi. Onun qarmon üzrə musiqi təhsili də var idi. Bəstəkar Məmməd Məmmədovun sevimli tələbələrindən biri olmuşdu. Evdə həmişə Məmməd müəllimi tərifləyərdi. O qədər yaradıcı ruhu var idi ki, onu tanımayan insan ilk gördüyündə mütləq hansısa bir istedadının olduğunu başa düşərdi. Çünki davamlı zümzümə edərdi. Qulaq asmayanda da bərk əsəbiləşərdi. Bakıda universiteti bitirdikdən sonra Yusif vurğunu olduğu “allı-güllü Naxçıvanına” (özü həmişə belə deyirdi) qayıdıb, burada rabitə sistemində işləyirdi. Gördüyü hər maraqlı hadisəni mənimlə bölüşürdü. O dövrdə telefon əlaqəsi yaratmaq çox çətin məsələ idi. Rabitəyə kim müraciət edirdisə, nəyin bahasına olursa-olsun, onlara kömək etmədən yola salmırdı. Bir dəfə gəldi ki, bacı, yaşlı bir ana gəlmişdi, oğlunu axtarırdı, amma tapa bilmirdi. Ona köməklik göstərib, günlərlə yaşlı qadın üçün telefon əlaqələri saxlayıb, nəhayət ki, qadının oğlunu Tümen şəhərindən tapmışdı. Yadımdadır, idarələrində 25 qız vardı. 8 Mart – Beynəlxalq Qadınlar Bayramı Gününü səbirsizliklə gözləyər, cavan qızlara mücrü, ortayaşlılara isə corab alardı. Ümumiyyətlə, Yusif hədiyyə verməkdən çox xoşlanırdı. Hələ əsgərlikdə olarkən xərclik üçün ona evdən 100 manat pul göndərmişdik ki, əyin-başına baxsın. Amma o, həmin pulla bacıma və mənə hədiyyə almışdı. Yusif elə ürəyi geniş oğlan idi ki...

Ölçüyəgəlməz hisslər onu Qarabağa apardı...

Asif Mirzəyev (qardaşı): – Yusif uşaqlıqdan Vətən sevdalısı idi. Təbii ki, Vətəni hamımız sevirik, amma onun sevgisi bir başqa idi. Vətən haqqında şeirləri elə ürəkdən deyirdi ki, sanki yaşayırdı o misralarda. Vətənin ən dar günlərindən biri olan 1990-cı ildə yanvarın 19-da yaralıları daşımasını, mərdliyini görən düşmənlər onu möhkəmcə döyüb həbs edirlər. Mən orada onu görəndə tanımadım. Elə yaralı vəziyyətdə idi ki, heç danışa da bilmirdi. Bir kəlmə dedi ki, “qardaş, millətimin başına çox zülm açırlar, oyanmaq lazımdır”. Bu hadisələrin şahidi olması onu daha da qəzəbləndirmişdi. Bu ölçüyəgəlməz hisslər onu Qarabağa apardı. Könüllü müraciət edərək Vətənin müdafiəsi üçün döyüşlərə qatıldı. Həmin vaxtlar bacım Zəhraya getmək xəbərini deyəndə nə qədər yayındırmağa çalışsa da, fikrindən döndərə bilmir. Bacıma bir onu deyir ki, anama heç nə demə.

Döyüş yoldaşlarının etiraflarından...

Etiraflar ssenari müəllifi və rejissor Nizami Abbas tərəfindən çəkilən “İgid əsgər” sənədli filmində vurğulanır. Seyidağa Mövsümlü (Qarabağ müharibələrində iştirak edən hərbi operator): – Yusifin haqq yolu Azadlıq meydanından başladı, Qarabağın işğalı ilə də bitdi. Vətənpərvərlik hissinin insanda bu qədər güclü olmasının nəticəsi qəhrəmanlıq zirvəsinə ucalmaq idi. Ağdərə döyüşlərində çəkiliş üçün məni səngərə aparan Yusifin ilk mərdliyini, qayğıkeşliyini elə o səngərdə gördüm. Maraqlı bir əhvalatı sizinlə paylaşım. Səngərə çathaçatda bölük əsgərlərindən birinin yanından keçəndə Yusif ayaq saxlayıb onun yırtılmış ayaqqabısına fikir verdi. Əsgər ayağını gizlətməyə çalışsa da, onun gözlərindən yayınmadı. Əsgərin barmaqları soyuqdan göyərmişdi. Tələm-tələsik öz ayaqqabılarını çıxarıb ona verdi. Açığı, mən məəttəl qaldım. Çiynimə vurub dedi ki, mənə heç nə olmaz, amma ona qayğı lazımdır. Onda başa düşdüm ki, bu insanın xislətində mərdlik var. Qeyrətində ar var, namus var.
Ağdərə döyüşlərində şücaətlə vuruşub, 17 kəndin alınmasında, bölüyün mühasirədən azad olunmasında böyük qəhrəmanlıqlar göstərib, sağ ikən, hələ bu yüksək fəxri adla təltif olunmamışdan çox-çox əvvəl, Milli Qəhrəman kimi çağırılan Yusif Mirzəyevin ən gözəl xüsusiyyətlərindən biri də idarəçiliyi çox gözəl bilməsi idi. Bölgünü elə aparırdı ki, elə bil hərbi ixtisası bu saat başa vurmuşdu. Biz də bu qorxmazlıq ruhunu Yusifdən alırdıq. Bu cəsarətlə 14 nəfərlə 1000-ə yaxın erməninin üstünə gedirdik. Gecəboyu işıqları yandırmadan maşını sürüb qayıdanda fənərləri işə salırdıq ki, elə bilsinlər, sayımız çoxdur. Ya da ki, hərdən bir yerdən top atırdıq, guya başqa bölüklər də var. Bütün bu taktikalarda mərdliklə, qorxmazlıqla, cəsarətlə hamıdan öndə gedən (halbuki bu onun işi deyildi) o idi. Papağını da mənə vermişdi ki, yadigar saxla, bu mənim qeyrətimdir, bir şey olsa, itib eləməsin. Bir də müharibə bitəndən sonra tezliklə Naxçıvana getmək, anasını görməyi arzulayırdı. Deyirdi ki, birinci Vətənimi, ikinci anamı sevirəm. Mən də qəhrəmanımızın bu amalını gerçəkləşdirib, onun anasını ziyarət edib elə papağı da anasına verdim. Mənəviyyatı yüksək insanın amalı qeyrət, məqamı qəhrəmanlıq olar. Kadrlarda da qəhrəmanımız dəfələrlə səsləndirirdi. “Yumruq kimi birləşsək, bizi heç nə yıxa bilməz”. Ölümün gözünə düz baxırdı, heç nədən qorxmurdu. Kadrların birində: – “3 gündür, Ağdərədən gəlmişik, buradayıq. Məcburam ki, bu qoşunu bir də aparam Ağdərəyə. O Ağdərə ki orada bir neçə qurban vermişik, Allaha da xoş getməz. Biz nə vaxt ayılacağıq?” Milli azadlıq ruhu onunla həyatı boyu birgə addımlayıb. Qəhrəman 1993-cü ilin fevralın 19-dan 20-nə keçən gecə bölüyü mühasirədən xilas edərkən mərmi yarası alır, çox qan itirdiyi üçün onu xilas etmək mümkün olmur. Sənədli filmdə Vaqif Bağırov, Etibar Həsənov (kəşfiyyatçı), Qəzənfər Babacanov (batareya komandiri) kimi döyüş yoldaşları da onun qəhrəmanlıq həyatından böyük qürurla söz açırlar.

Qəhrəman oğulun qəhrəman anası...

Qəhrəmanımızın anası sənədli filmdə müsahibə zamanı qeyd edir: – Yusif 1992-ci ildə döyüşə gedəndən sonra ilin sonuna yaxın oğlumla onu görməyə getdim. Ağdərəyə çatanda döyüş yoldaşlarından biri yaxınlaşdı. Dedim: – Yusifin anasıyam. Yusif məni görəndə yaman əsəbləşdi: “Ay ana, qurban olum sənə, müharibə hara, ana hara, burada nə işin var?” Dedim ki, eşitdim, yaralanıbsan, xəstəxanada yatıbsan, nigaran qaldım. Başımızın üstündə armud ağacı vardı, əsgərlərdən biri bir neçə armud qoparıb mənə verdi ki, ana, bu meyvədən ye. Dedim ay oğul, onu yetirən torpağa erməni ayağı dəyib, mən onu yeyə bilmərəm. Uşaqlar gülüşdülər. Yoldaşlarından biri: “Belə qəhrəman oğulun, belə qəhrəman da anası olar”, – dedi. Nə qədər çalışdım evə gətirəm, dedim, ay oğul, canın əldən gedir, yaralısan axı. Məni dinləmədi ki, Vətən də əldən gedir. Mənim canımdan tapılar, amma Vətən torpağından tapılmaz. Yusif elə qəhrəman doğulmuşdu. Ölümündən sonra da Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Milli Qəhrəman” adını aldı. Yusif tarix oldu. Yusif ölmədi, Yusif həmişə qəlblərdə yaşayacaq.
İgid əsgər, möhkəm dayan...

Ya azad ol, ya candan keç, ya candan keç…
İki yoldan birini seç, birini seç…
Azadlığın şərbətini iç, şərbətini iç…
İgid əsgər, möhkəm dayan…

Vətənpərvərlik ruhlu, məktəblilərin oxuduqları nümunələri xor içərisində sevilərək ifa edilən musiqi Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edilib. Ağdərə döyüşlərində yaralanan Yusif xəstəxanada Şəmistan Əlizamanlı ilə bir palatada yatır. Palata həkimi Şahin Musaoğlu “İgid əsgər” mahnısının bəstələndiyini, amma oxuyanın olmadığını etiraf edir. Yusif yaralı olmağına baxmayaraq, şirin, xoşagələn avazı ilə xəstəxanada pəncərə önündə özünəməxsus şəkildə zümzümə edir. Allah belə mərd, cəsur, ürəkli insanlara mütləq bir istedad verir. Onun da istedadı musiqi duyumu idi. Hamı onun piano, qarmon ifası ilə yanaşı, məlahətli səsinin də vurğunu idi. Həmin mahnını da elə oxumuşdu ki, sanki gələcəkdə dillərdə dastan olacaq vətənpərvərlik simvolu kimi seçiləcək bir parça olduğunu bilirdi. İlk ifaçısı özü olan “İgid əsgər” mahnısı ilə bağlı dostu Şəmistandan xahiş edir ki, mən olmasam da, bu mahnını ifa edəndə mənim adımı mütləq çəkərsən. Mahnı ürəyinə necə yatmışdısa, hər gün zümzümə edirdi. Şəmistan dostuna söz verdiyi kimi ilk dəfə mahnını şəhidlik, Milli Qəhrəman məqamına çatandan sonra məhz ona ithaf edərək ifa edir. Bu azadlıq ruhlu musiqi parçası, beləcə, hər oxunanda mərd qəhrəman cəsur siması ilə gözlərimiz önündə canlanır.

Yusifin gerçəkləşən arzuları...

P.S. Ağdərə döyüşləri zamanı kameraman soruşur: “Yusif, ümid var?” “Onsuz da mən ümidlə gözləyirəm, mən bilirəm ki, gec-tez bu torpaq bizimdir. Bir arzum odur ki, vahid formada birləşək. Bu gün birləşsək, qalibiyyət bizimdir. Xankəndiyə çatacağıq. Ən böyük arzularımdan biri də Kəlbəcərə piyada getməkdir”. Məzarında rahat uyu, Qəhrəmanım! Bu gün həsrətin bitdiyi günlər, qələbə çağıdır. Torpaqlarımızda haqsız axan nahaq qanların hesab günləridir. İllərdir, topladığımız güclə düşmənə layiqli cavab verildi, bu qələbə ilə topraqlarımızı işğaldan azad etdik. Bütün mübarizə yolları bizi Qarabağa apardı. Sənin arzuladığın Kəlbəcərə də elə Naxçıvandan piyada gedib, arzunu böyük hörmətlə, fəxarətlə yaşadacağıq, Qəhrəmanım. Çünki haqq yolunda can qoyan ad qazanar, mərd ölər! Elə sənin kimi... Bu gün sənin “birləşək”, “yumruq olaq” şüarlarının gerçəkləşdiyi məqamın zəfər ayıdır. Xalqla ordu birliyinin iğtişamını yaşayırıq. Vətənini sevən, yolunda canını əsirgəməyən qəhrəmanlarımız azadlığa doğru yol aldılar, qələbə qazandılar. İgid ayaqları dəyən Vətən torpaqlarında qədəmlərimiz xeyirli olsun! Anamız, andımız, iqamətgahımız, Vətən! Bu gün sənin qeyrətli oğullarının şücaətindən iftixarla, qürurla söz açırıq. Mərd oğullarının ucaldığı məqam qəhrəmanlıq və şəhidlik zirvələridir. Üçrəngli bayrağım işğaldan azad olan torpaqlarımızın ən uca zirvələrində dalğalanır. Vətən övladına həsrət qalan xarıbülbülüm çiçəklənib bizi qarşılayır. Şanlı illər, uğurlu qələbələr bizi sevinclə qarşılayır, iftixarla səsləyir...

 Türkan HÜSEYNLİ

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR