04 Dekabr 2020, Cümə

Gözümüzü dünyaya açandan ata-babalarımızın Vətən uğrunda mübarizə əzminin sədaları altında böyümüşük. Bu gün hər bir Azərbaycan övladı dərk edir ki, özünü vətəndaş sayan heç bir şəxs Vətənin dərdinə biganə qala bilməz. Nəinki əsgəri, hərbçisi hər bir mülki vətəndaşı belə, düşmənlə döyüşdə Vətən naminə ölümə hazır olan bir xalqı əzməyə heç bir qüvvə yetməz. Çünki hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun xalqının, ordusunun və əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Sentyabr ayının 27-dən başlayaraq düşməni geri çəkilməyə, təslim olmağa məcbur edən də elə bu ruh yüksəkliyi, ordumuzun qorxmaz, igid oğullarının mübarizə əzmi, dövlətçiliyimizin sarsılmaz dayaqları oldu. Bu gün Qələbə sevincini yaşayan xalqımızın qəlbində bir kədər də var. 44 gün davam edən müharibədə düşmənlərimizdən Xocalı, 20 Yanvar, Bərdə, Gəncə qətliamlarının qisasını alaraq şəhid olan oğullarımızın yaxınlarının üzüntüsü. Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları zamanı şəhid olanlar arasında qəhrəmanlar Vətəni olan Naxçıvanımızın da igid oğulları vardır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin də xalqa müraciətində dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır. Bəzi bu günə qədər açıqlanmayan məsələlər də üzə çıxacaq. Və hər kəs biləcək ki, bütün başqa bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər. Şəhidlər veriblər”.

Naxçıvan yenə də Vətən torpağı uğrunda canlarından keçən cəsur, igid oğullarını böyük izdihamla qarşılayıb. Şəhid olan hərbi qulluqçularımız Vəliyev İsmayıl Mehman oğlu Naxçıvan şəhərində, Novruzlu Pərviz Qorxmaz oğlu Şərur şəhər Şəhidlər xiyabanında, Əliyev Ramil Qurban oğlu Babək rayonunun Güznüt kəndində, Nəcəfov Yaqub Məhəmməd oğlu Culfa şəhərində, Alməmmədov İman Tarverdi oğlu Şahbuz rayon Kolanı kəndində son mənzilə yola salınıblar.
Qələbə fədailəri olan bu oğullarımızın dəfn mərasimlərində dövlət və hökumət nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, minlərlə sakin iştirak edib.
Mərasimlərdə iştirak edənlər şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veriblər. Onlar bildiriblər ki, Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün xalqımızın yaşadığı Qələbəni elə bu oğullarımız öz qanları ilə Azərbaycan tarixinə yazdılar. Qəhrəmanlıqlarla dolu olan, uca bir zirvəyə yüksələn şəhidlərimizin ömür yolu nə qədər qısa olsa da, şərəfli və gələcək nəsillər üçün örnək sayılır. Azadlığımızı, tariximizi canı ilə qazanıb qanı ilə yazanları, bu yolda canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə ­çatdırmaq üçün hər birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməliyik. Bu işdə mən, sən deyil, – biz olmalıyıq. Biz özümüz özümüzü, dünənimizi, bu günümüzü bütün dünyaya tanıtmalıyıq. Bu yolda ən müqəddəs vəzifəmiz isə şəhidlərimizi, tarixi qələbəmizin fədailərini, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.
Şəhid yaxınları bu gün xalqımızı, əsgər və zabitlərimizi, bütün xarici təzyiqlərə sinə gələrək sona qədər döyüş əmri verən Ali Baş Komandanımızı tarixi Qələbəmiz münasibətilə təbrik edərək qəhrəman oğulları ilə fəxr etdiklərini bildirib. “Azadlıq istəyən xalqın şəhidi də olmalıdır. Bu mücadilədə mənim, sənin, onun övladıdır, fərqi yoxdur”, – deyiblər.
Sonra şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız onların doğmalarına əmanət olunub.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR