26 Noyabr 2020, Cümə axşamı

Bu yerlərdə qatarlar nə şərqdən qərbə gedir,
nə də qərbdən şərqə...


Culfa avtomobil deposu... Qatarlar nə şərqdən qərbə hərəkət edir, nə də qərbdən şərqə. Depo işini dayandırdığı üçün regionun polad magistralları iflic olmuş, muxtar respublikanın şah damarı fəaliyyətdən qalmışdır. Bu hal nəinki Zaqafqaziyanın, hətta ölkənin iqtisadi həyatını diksindirmişdir. Yüz min tonlarla xalq təsərrüfatı yükləri yollarda tökülüb qalıb. Mallar xarab olur, günlərlə, həftələrlə nəzarətsiz qaldığı üçün vaqonlar taraş edilir.
Muxtar respublikanın iqtisadi həyatı daha çox pozulmuşdur. Yanacaq çatmaması üzündən avtomobil nəqliyyatı pis işləyir, material qıtlığından inşaatçılar boş dayanıb, sənaye müəssisələrinin əksəriyyəti məhsul istehsal etmir. Mağazaların vitrinləri bomboşdur, ərzaq tükənib. Dəyən iqtisadi ziyanın miqdarını hesablamaq mümkün deyil, mənəvi ziyanı hələ bir yana qalsın.

...Axırıncı dəfə – yanvarın 13-də isə maşinistlər Mehridə avtomat atəşinə tutulublar. Qərib İsmayılovun əyləşdiyi kabinənin qabaq şüşələrində 18 güllə yeri var. Maşinist hələ də xəstəxanadadır və çətin ki, bir daha sükan arxasına keçə bilə. Şüşələrini güllə dəlik-dəlik etmiş elektrovoz o vaxtdan depoda yatıb qalır. Elə həmin vaxtdan, yəni yanvarın 12-dən etibarən maşinistlər qəti tədbir görülməyincə yola çıxmamağı qərara alıblar. Erməni ekstremistlərin ultimatum xarakterli hədə-qorxuları kəsilmir, deyirlər ki, gərək Naxçıvanı aclıq içində boğaq. Moskvada oturanların çoxu isə ermənilərin təzyiqi altında yenə əvvəlki bayatılarını çağırır, “təqsir azərbaycanlılardadır”, – deyib qərəzli iftiralar yayırlar. Niyyət aydındır: Azərbaycan dəmir yolunda hərbi vəziyyət yaratmağa can atırlar. Deyirlər ki, öz iyrənc niyyətlərinin bir qismini hərbçilərin əli ilə həyata keçirmək, ələlxüsus, xaricdən göndərilən müasir silahları Ermənistana maneəsiz çatdırmaq istəyirlər.
...Coğrafiyada hər şey Qrinviçdən ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilir. Dəmir yolu muxtar respublika üçün hər şeydir. İqtisadiyyatından tutmuş siyasi, sosial və mənəvi həyatınadək hamısı onun ahəngdar işləməsindən asılıdır. Dəmir yolu-respublikanın həyat yoludur. Onsuz, əslində, Naxçıvan da yoxdur. Bu mənada, dəmir yolu nəyin hesabına olursa-olsun işləməli, qatarlar gecə-gündüz qərbdən şərqə, şərqdən qərbə getməlidir. Kimin kimdə acığı, hayfı varsa, qisas almaq istəyirsə, qoy başqa yol seçsin, muxtar respublikanın, onun 300 minlik əhalisinin həyat yoluna toxunmasın. Əks-təqdirdə, daha böyük bəlalar, daha dəhşətli faciələr nəsibimiz olar...

“Şərq qapısı” qəzeti
20 fevral 1990-cı il

Dəmiryolu Naxçıvanın döyünən ürəyi idi...
Bu ürək 25 ildir ki, dəmir iradə ilə döyünür


Yazımı blokada Naxçıvanının ən ağır günlərini bizimlə burada yaşayan və fəaliyyət göstərən, siyasi nüfuzu və liderlik qabiliyyəti ilə naxçıvanlıları tarixin ən dəhşətli anından xilas edən ümummilli liderimiz Heydər Əliyevin həmin illərdə söylədiyi fikirləri ilə başlayıram: “...Dəmir yolu işləmir. İndi bizim Azərbaycanla əlaqəmiz yalnız hava yolu vasitəsi ilədir. Buna görə də muxtar respublikaya yanacaq, ərzaq və başqa ləvazimatların gətirilməsi tamamilə məhdudlaşmışdır. Bütün bunlar isə son illər onsuz da dağılmış iqtisadiyyatın daha pis vəziyyətə düşməsinə səbəb olmuşdur”.

Bəli, 30 il bundan əvvəl 300 minlik əhalisi olan Naxçıvan Muxtar Respublikasında dəmir yolunun hərəkətinin dayandırılması ilə böyük bəlalar başlandı. Naxçıvanlılar olmazın çətinliklər ilə üzləşməli oldular. Burada, sözün həqiqi mənasında, həyat dayandı. Coğrafi ərazisinə görə sərt kontinental iqlimə malik olan Naxçıvanda elektrik enerjisinin, təbii qazın kəsilməsi, üstəlik də dəmir yolunun işləməməsi burada onlarla fabrik, zavod, müəssisənin fəaliyyətinin dayanması, yüzlərlə insanın iş yerini itirməsi ilə nəticələndi. Vəziyyət gündən-günə daha da pisləşməyə başladı. Muxtar respublikada ərzaq qıtlığı yarandı. Əhali çörəklə imtahana çəkildi. Bütün bunlar insanları həyatda qalmaq, yaşamaq uğrunda mübarizəyə sürüklədi. O illərin ən acı mənzərəsi bunlar idi: illərlə davam edən çörək, neft növbələri... Ərzaq talonları, soyuq, qaranlıq evlər, iş yerləri, işsizlik, üstəlik də sərhəd kəndlərimizin ermənilər tərəfindən atəşə tutulması, Sədərəkdə gedən müharibə, şəhidlərimiz...
Ulu öndərimiz həmin dövrdə Naxçıvana, muxtar respublikaya rəhbərlik etməsəydi, Naxçıvan da o zaman işğal olunan rayonlarımızdan biri olacaqdı. Eləcə də naxçıvanlılar blokada şəraitində məhv olacaqdılar. Lakin Ulu Yaradan Naxçıvana nə işğal taleyi yazıbmış, nə də naxçıvanlılara ağır blokada şəraitində məhv olmaq. Bütün bunlardan muxtar respublikanı xilas edən ulu öndər həm də blokada şəraitində Naxçıvanın inkişaf strategiyasını işləyib hazırladı. Qonşu dövlətlərlə müqavilələrin imzalanması blokadanın ilk illərində Naxçıvanın vəziyyətdən çıxması xarakteri daşıyırdısa, sonrakı illərdə diyarımızın inkişafına hesablanmış addım idi.

1995-ci ildən ulu öndərimizin siyasi davamçısı cənab Vasif Talıbovun muxtar respublikanın rəhbəri kimi fəaliyyətə başlaması böyük Heydər Əliyevin Naxçıvanı əmin əllərə verməsini təsdiqləyən faktdır. Ölkədəki qarşıdurmalar, torpaqlarımızın ermənilərə satılması, Naxçıvanın blokadaya salınması siyasi arenada əvvəlcədən düşünülmüş və bir-birinin ardınca həyata keçirilən tədbirlər idi. Belə bir dövrdə Naxçıvanın taleyi hər adama etibar oluna bilməzdi. Naxçıvanın rəhbəri Naxçıvanı sevən və həmin dövrdə böyük Heydər Əliyevin Naxçıvan üçün planlarını həyata keçirməyə qadir insan olmalı idi. Çünki ulu öndər 1993-cü ildə Bakıya qayıdanda Naxçıvan blokadanın ən ağır günlərini yaşamağa davam edirdi.
Bəli, 30 il öncə dəmir yolu Naxçıvanın döyünən ürəyi idi. Zəngəzur mahalının ermənilərə verilməsindən sonra bu diyarın ölkəmizlə quru yolla əlaqəsi tək dəmir yolu idi. Onun dayanması muxtar respublika iqtisadiyyatını iflic etmiş, Naxçıvanda ümumi həyat ritmi öz məhvərindən çıxmışdı. Bir sözlə, Naxçıvanın ürəyi döyünmürdü. Lakin ötən 25 illik zamanın hər ili ayrı-ayrılıqda təsdiq etdi ki, möhkəm iradə, qətiyyət, dözüm, səbir, bir də idarəetmə qabiliyyəti bütün çətinliklərə qalib gəlmək anlamındadır.

Ötən 25 il necə başladı? Bunu 3 mərhələyə bölsək, birinci mərhələ blokada vəziyyətində yaşayan gərgin insanlarla səmimi münasibətin yaradılması ilə başlandı. İnsanlara ümid və inam verildi. Onlar hər şeyin irəlidə daha gözəl olacağına inanıb, böyük ümidlərlə yaşamağa başladılar. O ümid ki bir zərrəsi bir ömrə bərabərdir. Daha sonra böyük bir siyasət həyata keçirildi: şəhərlər, rayon mərkəzləri gözlədilər, bütün güc kəndlərə yönləndirildi. Nə üçün? Çünki kəndlinin torpağa bağlanması, əkib-becərməsi hələlik bu mərhələdə şəhərlinin də dolanışığı demək idi. Çünki fabriklər, zavodlar, istehsal müəssisələri işləmirdi. Beləliklə, 1992-ci ildən başlanan torpaq islahatı uğurla yekunlaşdırıldı. Torpaqlar qısa müddətdə sahiblərinə verildi, əkildi-biçildi, insanların məşğulluğuna çevrildi. Bu siyasətlə Naxçıvandan qonşu dövlətlərə işləmək üçün gedənlər geri qayıtdılar. Daha sonra təməli ulu öndərimiz tərəfindən qoyulan Naxçıvanın dirçəldilməsi ilə bağlı işlər ardıcıl şəkildə həyata keçirilməyə başlandı. Naxçıvana təbii qaz çəkilişləri başlanıldı və uğurla yekunlaşdırıldı. Sovet dönəmində təbii resursları ola-ola burada heç bir elektrik enerjisi istehsal edən stansiya yaradılmadığı halda, blokada Naxçıvanın qarşısında duran əsas vəzifə bu resursları gündəmə gətirmək oldu. Bu, ilk illərdə naxçıvanlıların qaranlıq günlərini aydınlatmağa xidmət edirdisə, bununla artıq istehsal müəssisələrinə, fabrik və zavodlara yeni həyat verilirdisə, bu gün həmin işin coğrafiyasının genişləndirilməsi Naxçıvanı elektrik enerjisi ixracatçısına çevirib.
Ulu öndərimizin Azərbaycanda başlatdığı quruculuq işləri blokada Naxçıvanını da qoynuna aldı. Bu iş də diyarımızda ucqarlardan başlandı. Nə üçün? Çünki şəhər və rayon mərkəzləri kəndlərimizlə müqayisədə hələlik gözləyə biləcək bir vəziyyətdə idi. 70 il gözdən uzaq könüldən iraq qalan kəndlərimizdə məktəblər uyğunlaşdırılmış binalarda yerləşirdi, yağış, qar sularını divarlarına çəkmiş siniflərə rütubətdən girmək mümkün deyildi. Kəndlərdəki xidmət təşkilatları taxtadan düzəldilmiş binalarda fəaliyyət göstərirdilər. Kənd yolları bərbad vəziyyətdə idi. Blokada Naxçıvanında kəndlərimizə yeni həyat bəxş edildi. İndi muxtar respublikanın ən ucqar kəndlərində universitet binaları görkəmində, hər cür şəraitə malik məktəblər var. Quruculuq illərinin yeni infrastruktur layihəsi olan və sakinlərə səhiyyə, mədəniyyət, rabitə, poçt, baytarlıq və sair xidmətlərin mərkəzləşmiş qaydada həyata keçirildiyi kənd mərkəzləri var. Nəmlikdən keyfiyyətini itirmiş ərzaqların satıldığı uçuq-sökük mağazaların yerində xidmət mərkəzləri ucaldılıb. 15 dəqiqəlik yolu 1 saata gedib-gələn insanların abad yolu var. Artıq kənd sakinləri torpağı, sadəcə, əkmirlər, onlar göstərilən dövlət qayğısı ilə burada ailə, fermer təsərrüfatları, sahibkarlıq subyektləri yaradıblar.

İkinci mərhələdəki quruculuq prosesi muxtar respublikanın bütün şəhər, qəsəbə kəndlərini həm gözəlləşdirdi, həm insanların rahatlığına xidmət etdi, həm də əhalinin məşğulluğu xeyli təmin olundu. İctimai yaşayış, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, idman obyektləri, ticarət mərkəzləri, yollar, park və xiyabanlar, ən əsası isə bu qədim yurdun keçmişini təsdiq edən abidələrə yeni həyat bəxş olundu. Hələ birinci mərhələdən başlanan ağacəkmə bu mərhələdə 0,2 faizdən 20 faizədək artırıldı. Çünki blokadanın ilk illərində insanları ölməkdən xilas edən ağacları yenidən təbiətə qaytarmaq idi məqsəd. Bu dövrdə gənclər siyasəti önə çıxarıldı. Çünki muxtar respublikanın gələcəyi düşünülürdü hər zaman. Bunun üçün təhsilə böyük diqqət göstərildi, yeni məktəblər fonunda həm də həvəsləndirmələr həyata keçirildi, 500-700 bal toplayanlarla Ali Məclis Sədrinin görüşləri ənənəyə çevrildi. Universitetlərimiz ölkənin qabaqcıl ali təhsil müəssisələri arasında yer aldı. Səhiyyə inkişaf etdirildi, ali təhsilli həkimlər yetişdirildi. Mədəniyyət Naxçıvana məxsus dəyərlərlə YUNESKO-ya qədər gedib çıxdı.
Üçüncü mərhələdə isə Naxçıvanın mənzərəsində artıq inkişaf etmiş bir diyar yer alır: turizmə qapılarını açan, məhsul ixracatçısına çevrilən, beynəlxalq sərgilərdə iştirak edən, xarici qonaqlarını tarixdən yadigar qalan bölgələri ilə heyrətləndirən, dünya mətbuatında aktual mövzuya çevrilən, saf məhsulları, mətbəxi, qonaqlarının dəyərləndirməsində təmiz diyar “statusu” alan və blokada şəraitində inkişafı ilə tarixə iz salan bir diyar. Ən başlıcası isə bu mərhələ özündən əvvəlki iki mərhələnin də fonunda bununla xarakterizə olunur ki, sakinlər muxtar respublika rəhbərini Qurucu Rəhbər adlandırırlar. Burada sakin-rəhbər sevgisi də ­formalaşıb. Buna səbəb isə cənab Sədrimizin insanlarla görüşlərində müəllimlə müəllim, təsərrüfatçı ilə təsərrüfatçı olmaqla, yaratdığı səmimi münasibətidir.
Noyabrın 10-da Vətən müharibəsinin qələbə ilə bitməsi Naxçıvan üçün də yeni mərhələnin əsasını qoydu. İmzalanan üçtərəfli bəyanatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın nəqliyyat kommunikasiyası ilə bağlı məsələnin də əks olunduğunu, bununla Naxçıvanın blokadasına son qoyulacağını bildirdi. Bu, hər bir naxçıvanlı üçün çox sevindirici və qürurvericidir. Bu bizim ötən 30 ilin hər ilində ən böyük arzumuz olub. Dəmir yolu açılacaq, bəli. Lakin o dəmir yolu ilə yolçuluğa çıxanda hər dəfə dönüb geriyə də baxmaq lazımdır: 30 il əvvəl dəmir yolunun Naxçıvanın döyünən ürəyi kimi dayanması konteksində o ürəyin dəmir iradə ilə döyünməsinə...

Mətanət Məmmədova
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR