02 Dekabr 2020, Çərşənbə

AMEA Naxçıvan Bölməsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.
“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını qələbə münasibəti təbrik edib.

Ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapmasında əvəzsiz xidmətlərindən danışan akademik görkəmli dövlət xadiminin müasir Azərbaycanın inkişafı tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdrik və uğurlu siyasətindən danışıb.
Bölmə sədri müstəqilliyimizin əsas atributu olan Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsinin dövlətçiliyin formalaşdırılması, siyasi və hüquqi sistemdə möhkəm özülün yaradılması işində mühüm addımlardan biri olduğunu deyib. Qeyd edib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə tarixi zərurət nəzərə alınaraq 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı və Konstitusiya layihəsi hazırlandı. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət yekun layihə ümumxalq səsverməsinə çıxarıldı. Beləliklə müstəqil dövlətimizin ilk Milli Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilən referendum yolu ilə qəbul olundu və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi.
İsmayıl Hacıyev ötən 25 ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikləri də diqqətə çatdırıb.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Azərbaycanın ərazi bütövlüyünün bərpası Milli Konstitusiyamızın 25 illiyinə ən gözəl töhfədir” mövzusunda məruzəsi dinlənilib. AMEA-nın müxbir üzvləri - Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Fəxrəddin Səfərli və Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyev mövzu ətrafında çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

* * *

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə əlamətdar tarixi günə həsr edilmiş kitab sərgisinə baxış olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev çıxışına Qarabağ zəfəri ilə bağlı təbriklə başlayıb. Sonra rektor 1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu əsasında qəbul edilən Konstitusiya haqqında ətraflı məlumat verib. Bildirilib ki, Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını təşkil edir. Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri vardır. Qeyd edilib ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra ölkəmizdə bir çox sahədə olduğu kimi, hüquqi dövlət quruculuğunda da əhəmiyyətli dəyişikliklər baş verib. Vurğulanıb ki, universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov “Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət və cəmiyyət quruculuğunun Əsas Qanunu” mövzusunda çıxış edib.
Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə Gənclər təşkilatının sədri, Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ülvi Vəliyev “Azərbaycan Respublikasının Konstitusiyası və cəmiyyətin ictimai həyatında gənclər” mövzusunda çıxışında gənclərin cəmiyyət həyatında daşıdıqları roldan danışıb.
Sonda Konstitusiya gününə həsr olunmuş videoçarx izlənilib.

Telli Mustafayeva

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR