05 Dekabr 2020, Şənbə

Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə qeyd olunur. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

Böyük öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Bu, bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.

Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.
1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qa­nunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünə­məxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Konstitusiyamız özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir.
Hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Təsadüfi deyil ki, Konstitusiyamızın birinci maddəsi Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləşdirilmiş, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunmuşdur.
Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Bu sahədə atılmış ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına geniş imkan yaratmışdır. Məhkəmə hakimiyyətinin ali orqanı sayılan, Konstitusiya nəzarətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunumuzda müəyyən olunmuşdur.
Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə Ali vəzifəli şəxs institutu təsis edilmişdir. Bu Konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublikada, bütövlükdə, ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilmiş, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır.
Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ-hüquqi akt olan Konstitusiyaya da bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, mütərəqqi əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Məhz bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, ərazi bütövlüyümüzü qorumağa, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR