05 Dekabr 2020, Şənbə

Hər bir dövlətin təməl prinsipləri, həmçinin hüquqi siması onun Konstitusiyasında əks olunmuşdur. Bu baxımdan dünyanın ən humanist ölkələrinin konstitusiyaları ilə bir cərgədə dayanan Azərbaycanın ilk milli Konstitusiyasını dövlətimizin və xalqımızın həyatındakı demokratik inkişafın təminat kodeksi adlandırmaq olar. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən hazırlanan bu Konstitusiya 1995-ci il noyabrın 12-də qəbul edilmiş, həmin ilin 27 noyabr tarixində ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. 1996-cı ildən isə Prezident Heydər Əliyevin sərəncamına əsasən noyabrın 12-i Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunmağa başlamışdır.

İlk milli  Konstitusiyamızın qəbul edilməsindən keçən 25 il ilk baxışdan kiçik bir zaman dilimi kimi görünsə də, onun müddəalarına əsaslanaraq milli və demokratik dəyərlərlərə hər zaman sadiq qalan Azərbaycan Respublikasının bu müddət ərzində əldə etdiyi uğurların əhəmiyyəti əsrlərə bərabərdir.

Bu uğurlara hüquqi təminat verən ilk milli Konstitusiyamız 5 bölmə, 12 fəsildən ibarət olub, 158 maddəsinin  böyük əksəriyyəti insan hüquqlarına həsr olunmuşdur. Onun ali məqsədləri giriş hissədə verilən 6 bənddə yıcam şəkildə belə ifadə olunmuşdur: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Bu prinsiplərin uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Bu nüfuz  son günlərdə şahidi olduğumuz Vətən müharibəsində də özünü göstərdi. Belə ki, 30 ilə yaxın bir müddətdə əzəli torpaqlarımızın erməni işğalından azad edilməsinin müharibə yolu ilə həlli olmadığını iddia edən bəzi güclər sentyabrın 27-dən  sonra öz səhvlərini anladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müddət ərzində müxtəlif ölkələrin mediya nümayəndələrinə verdiyi 30-dan çox müsahibənin hər biri xalqımızın apardığı mübarizənin beynəlxalq hüquq normalarından kənara çıxmadığını faktlarla dünya dövlətlərinə göstərməklə ikili standartlardan çıxış edənlərin əl-qolunu bağladı.  Çünki Azərbaycan dövləti Konstitusiyasının əsas maddəsi olan ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə aparırdı. Buna görə də Azərbaycanın haqq işi qardaş Türkiyə Respublikası, Pakistan, Ukrayna, Rumıniya və onlarla digər dövlətlərin timsalında beynəlxalq miqyasda dəstək gördü.

Milli Konstitusiyamızın 11-ci maddəsinin 1-ci bəndində qeyd edilən “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi bütün bölgələrimiz kimi Naxçıvanın da qorunmasının əsas şərtlərindən biri olmuşdur. Təsadüfi deyil ki, yeni Konstitusiyanın VIII fəsili Naxçıvan Muxtar Respublikasına həsr edilmişdir. Həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş və muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sədrliyiilə 23 dekabr 1995-ci il tarixdə yaradılanxüsusi komissiya tərəfindən hazırlanmış yeni Konstitusiya 1998-ci ildə qəbul edilmişdir.  6 fəsil, 50 maddədən ibarət olan bu konstitusiyanın əvvəlkilərdən əsas üstünlüklərindən biri müxtəlif beynəlxalq təşkilatlar tərəfindən demokratik dövlətin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun hesab edilməsi olmuşdur. Sayca dördüncü olan bu Konstitusiya Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyası olub Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasını təşkil etməklə Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğundur.

Azərbaycan Respublikasının qanunvericilik sistemi isə ölkəmizdə bu vaxtadək qəbul edilmiş ən demokratik, ən humanist və ən çox milli dəyərlərə söykənən konstitusiya ilə tənzimlənir. Bu fikrin isbatı olaraq Milli Konstitusiyamızı 1925, 1927, 1937 və 1978-ci illərdə qəbul edilmiş konstitusiyalardan fərqləndirən üstünlüklərdən bir bir neçəsinə nəzər salmaq kifayətdir.

  1. Əvvəlki konstitusiyalar Sovet diktəsi altında hazırlandığı üçün milli mənafelər arxa planda qalırdı. 1995-ci il Konstitusiyası isə milli dövlətçilik dəyərlərinə əsaslanmışdır. Sovet dövründə qadağan olunmuş üçrəngli bayraq, gerb, himn kimi dövlət atributları bunu təsdiq edən faktlardandır hansı ki, Konstitusiyanın 23-cü-maddəsi ilə təsbit olunmuşdur.
  2. Əvvəlki konstitusiyalar ehkam kimi dəyişməz qaldığı halda Milli Konstitusiyamıza beynəlxalq hüquq konvesiyasına,dünyada və ölkədə gedən inkişaf prosesinə uyğun şəkildə, lakin milli mənafe qorunmaqla 3 dəfə 7 ildən bir referendumla bəzi dəyişikliklər edilmişdir (2002, 2009, 2016).
  3. Sovet dövrünün Konstitusiyalarıl SSRİ tərkibində olan xalqları beynəlxalq aləmdən sanki gözə görünməz sədlərlə ayırmaq, həmçinin onları öz soy kökündən qoparıb manqurtlaşdırmaq prinsipinə söykənirdi. 1995-ci il Konstitusiyası isə həm milli, həm də bəşəri dəyərlərdən bəhrələnməklə tərtib edilmişdir. Ümummilli Lider Heydər Əliyev bu dəyərlərdən istifadənin zəruriliyini belə ifadə edirdi: “Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik”.
  4. Sovet dövrünün konstitusiyalarının müddəaları çarizm dövründən gələn “parçala və hökm sür” prinsipini çox incə şəkildə davam etdirməklə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaratmışdı. DQMV yaradılması bunun bariz nümunəsi idi hansı ki, onun acı nəticələrini uzun müddət çəkdik. Milli Konstitusiyamız isə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını təməl prinsip kimi qəbul etmişdir. Məhz bu prinsipə əsaslanan şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında qalan doğma torpaqlarının müdafiəsinə qalxmış və 45 günlük müharibə nəticəsində doğma Qarabağımızın 30 illik həsrətinə son qoymuşdur.

10 noyabr 2020-ci il tarixdə qazanılan bu qələbə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa etməklə həmin maddənin əks olunduğu 12 noyabr 1995-ci il tarixdə yaranan Milli Konstitusiyamızın 25 illik yubileyinə ən gözəl töhfədir. Bu töhfəni bizlərə bəxş edənlər tarixdə və ürəklərdə əbədi yaşayacaqdır!

Zeynəb Quliyeva

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

 

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR