02 Dekabr 2020, Çərşənbə

Nəhayət Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Azərbaycanda uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - QƏLƏBƏ GÜNÜnə çevrildi, təqvimdə qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın rəşadətli ordusunun düşmənin “yenilməz ordusu” üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan məğlub olduğunu etiraf etməyə məcbur edildi.

         Azərbaycan ordusu düşmənə öz gücünü göstərdi, dünyanın ən güclü ordularından biri olduğunu təsdiq etdi. Ordumuz tərəfindən sentyabrın 27-dən bəri başlanan əks-hücum əməliyyatları zamanı dünya hərb tarixində görünməmiş hərbi əməliyyatlar aparıldı. Hələ müharibənin gedişi dövründə bu əməliyyatlar dünyanın mühüm hərbi akademiyalarında təhlil olunmağa, öyrənilməyə başladı. Azərbaycan xalqının mədəniyyət beşiyi, milli qürur mənbəyi olan Şuşa şəhəri uğrunda döyüşlər xüsusilə diqqətəlayiq oldu. Düşmən, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələri bu döyüş zamanı haqq işi uğrunda vuruşan Azərbaycan əsgərlərinin vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini, yenilməzliyini etiraf etməyə məcbur oldu, onların döyüş əzmi qarşısında heyrətini gizlədə bilmədi. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti sayəsində baş verdi. Bu döyüşlər Ali Baş Komandanın dünya hərb tarixinə, hərbi işin strategiya və taktikasının incəliklərinə dərindən bələd olduğunu göstərdisə, əməliyyatların gedişi zamanı müxtəlif kütləvi informasiya vasitələrinə bir-birinin ardınca verdiyi müsahibələr isə onun nə qədər hazırlıqlı, dünyanın dövlətlərinin hərb  tarixinə və siyasətinə yaxından bələd olan və ondan gözəl baş çıxaran bacarıqlı bir diplomat, dövlət xadimi  olduğunu göstərdi.

          44 günlük savaş Azərbaycan xalqı ilə iqtidar birliyinin nümayişinə çevrildi. Bu günlər Azərbaycan xalqının öz Prezidentini, liderini nə qədər sevdiyinin, onun ətrafında sıx birləşdiyinin parlaq nümayişinə çevrildi. Məhz bu birlik qəhrəman Azərbaycan ordusunun möhtəşəm qələbəsini təmin etdi. Öz rəhbərinə böyük inam bəsləyən Azərbaycan xalqının gücü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunda birləşdi vəbu yumruqla Ermənistan rəhbərliyinin və ordusunun başına elə bir zərbə yendirildi ki, onlar bir daha özlərinə gələ bilmədilər. Baş nazir Nikol Paşinyan çıxışlarında və müsahibələrində sayıqlamağa, rabitəsiz bəyanatlar verməyə başladı. Ermənistan ordusunda fərarilik, özbaşınalıq başladı. Səfərbərlikdən yayınma, döyüşdən imtina etmə halları gücləndi.  Nəticədə qısa müddət ərzində ordumuz tərəfindən 300-ə yaxın şəhər, qəsəbə və kənd, strateji əhəmiyyətli çoxlu yüksəkliklər işğaldan azad olundu. Düşmən çoxlu canlı qüvvə və döyüş texnikası itkisinə məruz qaldı.  Buna görə də qləbədən dəm vuran, xalqını aldadan Ermənistanın Baş naziri Nikol Paşinyan rüsvayçılıqla məğlub olduqlarını etiraf etdi.

Beləliklə, Azərbaycan xalqı xəcalət hissindən xilas oldu, məğlub xalqdan qalib xalqa çevrildi. Təxminən bir il bundan əvvəl Prezidentimiz tərəfindən deyilən “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri reallığa çevrildi. Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidenti ilə fəxr edir, qürur duyur. Qələbə sevincinin təntənəli şəkildə qeyd olunduğu bu günlərdə qələbə sevincini, ifadəsi sözlə mümkün olmayan xoş hissləri bizə yaşatdıqlarına, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiklərinə görə şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordu heyətinə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk.

Hacıfəxrəddin Səfərli

AMEA-nın müxbir üzvü

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR