25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Tarixdə şəxsiyyət mühüm rola malikdir. Şəxsiyyəti olmayan xalq, region inkişaf edə bilməz. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir. Onların xoşbəxtliyi, səadəti Vətənə xidmətdədir. Qədim Şumer dastanında belə insanlar barədə deyilir: “Onlar tarix yazmırlar ki, tarixdə qalsınlar. Onlar tarix yaradırlar ki, tarixi yaşatsınlar”. Naxçıvanın 1995-ci ildən ötən dövr ərzində yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyalara söykənmişdir.
Deyirlər ki, tarixi şəxsiyyətlər uca zirvəli dağlar kimidir. İnsanlar o şəxsiyyətlərin nə qədər uca zirvədə olduqlarını o zaman anlayırlar ki, zaman şəxsiyyətlə insanlar arasındakı məsafəni uzaqlaşdırır. Məhz o anda hər kəs zirvə ilə ətək arasında nə qədər böyük fərqin olduğunu dərk edir. İllər keçdikdən sonra biz ümummilli lider Heydər Əliyevin doğma Naxçıvanımızı və özünün Naxçıvandakı ali dövlətçilik yolunu kimə və nə üçün etibar etdiyinin fərqinə indi varırıq.
Ötən dövrlərin zaman fərqində indi aydın görünür ki, yalnız ən ağır günlərdə VƏTƏNİ bəlalardan qurtaran dahi ŞƏXSİYYƏTİ ləyaqətlə müdafiə edən İNSAN muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq, regionun kompleks inkişafına nail ola bilər; yalnız sədaqətli dövlət xadimi Azərbaycan üçün tarixin bütün dövrlərində strateji əhəmiyyət kəsb edən Naxçıvanda quruculuq ideyalarını gerçəkləşdirə bilər.
1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevlə birgə çalışaraq böyük dövlətçilik təcrübəsi qazanan, geniş dünyagörüşə malik olan və bacarıqlı dövlət xadimi kimi formalaşan Vasif Talıbovun 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın tarixində yeni bir səhifə açılmışdır. 1960-cı il yanvarın 14-də öz halal əməyi ilə yüksəlməyin nümunəsini yaradan zəhmətkeş ailədə dünyaya göz açan Vasif Talıbov Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçmiş və qurucu rəhbər kimi formalaşmışdır.
Müdriklər deyirlər ki, həyatda xoşbəxt olmaq üçün xoşbəxtliyin mövcud olduğuna inanmaq lazımdır. Bir neçə il bundan əvvəl taleyin ümidinə buraxılmış yalqız adanı xatırladan Naxçıvan kimi çörəklə, sərt şaxtalı qışla imtahana çəkilən naxçıvanlılar da öz xoşbəxtliyini ulu öndər Heydər Əliyevdə və onun siyasətinin uğurlu davamında tapdı. Bu yola olan dərin inam və sədaqət, muxtar respublika əhalisinin dövlətimizlə sıx birliyi Şərqdə yeni bir Günəşin doğmasına – yeni Naxçıvanın yaradılmasına səbəb oldu.

“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik pro­qramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən Ali Məclisin Sədri tarixin bütün sınaqlarından çıxmış Heydər Əliyev siyasətinə dərin sədaqətini əməli işi ilə sübuta yetirmiş, ulu öndərin siyasi kursuna münasibətdə sözlə işin, dərin sədaqətlə konkret fəaliyyətin vəhdətindən doğan inkişafın “Naxçıvan modeli”ni yaratmışdır. 

Qədim Şərq müdrikləri deyirdilər ki, əsl siyasət xalqın və dövlətin müqəddəratına xidmət etməlidir. Yeni mərhələdə muxtar respublikada seçilən yeni hədəf, yeni yol da çoxşaxəli və səmərəli iqtisadiyyatın formalaşmasından, əhalinin rifahının layiqli səviyyəyə çatdırılmasından, təhsilin, elmin, mədəniyyətin inkişafından, milli dəyərlərin qorunub yaşadılmasından, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasından ibarət olmuşdur. Naxçıvan Muxtar Respublikasında böyük quruculuq proqramı gerçəkləşdirilmiş, muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Naxçıvan Muxtar Respublikasında 1995-ci ildən ötən dövrdə aparılan genişmiqyaslı quruculuq tədbirləri, regionun iqtisadi inkişafı adilikdən uzaq, möcüzəyə bənzər həqiqətdir. “Naxçıvan möcüzəsi” adlandırılan bu yüksəlişin sirrini muxtar respublika rəhbərinin özü belə açıqlayır: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”. 
Bu gün Naxçıvanda hansı sahəyə baxsan, orada geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarsan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar respublikanın bugünkü yüksəlişi 5 min illik tarix boyu yaradılan intibahların ən uca zirvəsində dayanır. Sənayedə, tikintidə, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə qazanılır ki, ulu öndərimizin yolu sədaqətlə davam etdirilir. Bu həqiqətin fövqündə yenidənqurmadan yeniləşmə müstəvisinə qədəm qoyan Naxçıvan görünür. Yola saldığımız 2012-ci ildə bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, bir il öncəyə nisbətən Ümumi Daxili Məhsulun həcmi 12 faiz, sənaye məhsulunun həcmi 15 faiz, əsas kapitala yönəldilən investisiyalar 20 faiz, kənd təsərrüfatında məhsul istehsalı 9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 7 faiz, xarici ticarət dövriyyəsinin həcmi 11 faiz artmışdır. Bir sözlə, son illər yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək, yəni 70 ildən artıq bir dövrdə əldə olunanları xeyli üstələyir.

Diqqəti mühüm bir fakta cəlb etməyi lazım bilirik: 1924-1995-ci illər ərzində muxtar respublikada cəmi 56 sənaye müəssisəsi fəaliyyət göstərirdi. 1995-ci ildən ötən dövr ərzində isə sənaye sahəsində aparılan uğurlu islahatların nəticəsi olaraq 400-ə yaxın yeni müəssisə işə başlamış, Naxçıvan aqrar regiondan sənaye kompleksinin yüksək səviyyədə inkişaf etdiyi regiona çevrilmişdir. Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı həm də kompleks abadlaşaraq müasirləşən yeni kənd modellərinin timsalında özünü göstərir. Muxtar respublikanın kəndləri başdan-başa dəyişir, geniş quruculuq və abadlıq işlərinin aparıldığı, yeni pilot layihələrin tətbiq olunduğu ünvanlara çevrilir.
Naxçıvandakı yeniləşmə və intibahda elm, təhsil və mədəniyyətin də xüsusi çəkisi vardır. Bu gün müasir səviyyədə aparılan elm və təhsil quruculuğu regionda yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Naxçıvanın tarixinin kompleks şəkildə araşdırılması istiqamətində görülən işlər yalnız tariximizin tədqiqi ilə məhdudlaşmamış, əldə olunan nəticələrin ictimaiyyətə təqdim edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. İkicildlik “Naxçıvan Ensiklopediyası”nın, “Naxçıvan Abidələri Ensiklopediyası”nın, “Naxçıvan tarixi atlası”nın, 2 cilddən ibarət “Naxçıvan Qırmızı kitabı”nın və onlarla belə nəşrin işıq üzü görməsi dediklərimizə əyani misaldır. Vaxtilə tarixinin orta əsrlər dövrü belə, dərindən tədqiq edilməyən Naxçıvan bu gün 5 min illik mədəniyyətə malik şəhər kimi qəbul olunur. Naxçıvanın tarixi ilə bağlı aparılan tədqiqatların yekunları təkcə kitab nəşri çərçivəsində qalmır. Bu elmi nəticələrin həm də dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildən etibarən muxtar respublikada keçirilən beynəlxalq simpozium və konfranslar, o cümlədən ötən ilin iyul ayında keçirilən “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpozium bu mənada xüsusi elmi əhəmiyyət daşıyır. İlkin yaşayışın və şəhərsalma yerinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması və bərpası işinə ciddi diqqət yetirilməsi, Naxçıvan Duzdağ mədəniyyətinin yeni elmi istiqamət kimi müəyyənləşdirilməsi və bu sahədə tədbirlərin görülməsi doğma Vətən tarixinin düzgün araşdırılması zəruriliyinə diqqətdən qaynaqlanır. Qeyd olunan dövr ərzində 1200 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-dən çox tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Belə tədbirlər milli dəyərlərin və tarixi yaddaşın bərpası baxımından da taleyüklü əhəmiyyətə malikdir.

Müasir dövrdə bir tərəfdən Naxçıvanın qədim tarixi tədqiq edilir, abidələri bərpa olunursa, digər tərəfdən bu mənəvi sərvətlərə, milli dəyərlərə sahib çıxacaq gənclər də formalaşdırılır. Bunun nəticəsidir ki, 1995-ci ildən ötən dövrdə muxtar respublikada 194 məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Məktəb tikintisi yalnız paytaxt Naxçıvan şəhərini və rayon mərkəzlərini əhatə etmir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində – Tividə, Behrudda, Parağada, Yuxarı Qışlaqda, Havuşda, Ərəfsədə, Nəhəcirdə, Ləkətağda, Boyəhməddə, Ağbulaqda, Şadada və onlarla belə yaşayış məntəqələrində müasir tələblərə cavab verən məktəb binaları fəaliyyət göstərir. İndi yaşlı və orta nəslin nümayəndələri bugünkü gəncliyə yaradılan şəraitə, yaxşı mənada, həsəd aparırlar. Bu gün Naxçıvanın ən ucqar dağ kəndində təhsil alan məktəbli Avropanın mərkəzindəki inkişaf etmiş ölkələrin gəncləri kimi kompyuterdən və internetdən sərbəst şəkildə istifadə etmək imkanına malikdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3 mindən çox kompyuter quraşdırılmış, beləliklə, hər 15 şagird bir kom­pyuter dəsti ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadə edilən kompyuterlərin 83 faizi internetə qoşulmuşdur. Təhsilə qayğı ölkəmizin gələcəyinə göstərilən qayğıdır. Bu istiqamətdə görülən işlər muxtar respublikada insan kapitalının inkişafına xidmət edir. Naxçıvanda gənclər savadlı, intellektli, dünyagörüşlü yetişdirilməklə yanaşı, həm də milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunurlar. Müasir Naxçıvan gəncliyi vətənpərvərdir, ölkəsini inkişaf etdirmək, qorumaq əzmində olan gənclikdir. 

Ali Məclisin Sədri öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 196 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Muxtar respublikada əldə olunan ən böyük uğurlardan biri də regionun enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası elektrik enerjisi idxalçısından elektrik enerjisi ixracatçısına çevrilmiş, muxtar respublika 100 faiz qazlaşdırılmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi sayəsində əhalinin əksər ərzaq məhsullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Müasir Naxçıvanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də burada güclü hərbi kadr potensialının yaradılmasıdır. Yurd, Vətən sevgisinin, doğma torpağı qorumaq istəyinin nəticəsidir ki, Naxçıvanda tarixən böyük hərbi sərkərdələr yetişmişdir. Müxtəlif dövrlərdə Naxçıvana hücumlar olsa da, bu torpağın insanları öz yurdunun keşiyində mərdliklə dayanmış, doğma Vətənimiz düşmənlərdən müdafiə olunmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində 40-dan artıq müdafiə tikilisi və qala var. Naxçıvan qalası, Oğlanqala, Çalxanqala, Əlincəqala, Babək qalası, Koroğlu qalası kimi yaşayış yerləri eyni zamanda müdafiə tikililəri kimi istifadə olunmuş, torpağımız qorunmuşdur. Çar Rusiyasının azərbaycanlıları hərb sənətindən uzaqlaşdırdığı dövrdə belə, bu torpaq 6 general yetişdirmişdir. Bütün bunlar nəzərə alınaraq, eyni zamanda muxtar respublikada gənc hərbi kadrların yetişdirilməsi məqsədilə Ali Məclisin Sədri təşəbbüs qal­dır­mış, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Naxçıvanda Hərbi Lisey yaradıl­mışdır. Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan bu Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Liseydə Naxçıvan torpağının yetirmələri olan Kəngərli generallarının layiqli davamçıları yetişir. Bu, o deməkdir ki, Azərbaycanın Naxçıvan diyarı bu gün incəsənətə, mədəniyyətə, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verdiyi kimi, öz tarixi ənənəsinə sadiq qalaraq hərb sənətinə də dəyərli töhfələr verir.

Muxtar respublikada hərbi kadrların yetişdirilməsi ilə yanaşı, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, şəxsi heyətin döyüş ruhu yüksəldilir. İndi ucqar dağ kəndində dərs deyən müəllim, insanlara şəfa verən həkim, alın tərini həyat amalına çevirən əkinçi kimi, çətin təbii şəraitdə muxtar respublikanın sərhədlərinin keşiyində dayanan əsgərlərimiz də özlərini dövlətdən, onun yüksək qayğısından kənarda hiss etmirlər. Artıq Naxçıvanda əlamətdar bayramları, xoş günləri əsgərlərimizlə keçirmək ənənəyə çevrilib. Bu həm də ölkəmizdə yaradılan xalq-ordu birliyinin muxtar respublikanın timsalında daha bir göstəricisidir. Ölkə başçısı Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində hərbi quruculuq sahəsində burada görülən işləri yüksək qiymətləndirərək demişdir: “Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülür. Bu hərbi hissə Azərbaycandakı hər bir hərbi hissə üçün nümunə, örnək ola bilər. Burada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycan Ordusu məhz bu cür olmalıdır”.
Muxtar respublikanın gələcəyinə göstərilən böyük qayğının bir ifadəsi də kəskin kontinental iqlimə malik olan bu ərazidə yaşıllıq sahələrinin artırılmasıdır. 1995-ci ildən ötən dövrdə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyilə 11 min 250 hektar sahədə yaşıllıqlar salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 10 faizindən çoxunu yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur.
İnkişafın bu səviyyəyə yüksəlməsi insanların yaşayış səviyyəsini də yaxşılaşdırmışdır. Bu gün muxtar respublikanın müasir standartlar səviyyəsində qurulmuş avtomobil yollarında ən yeni model avtomobillər şütüyür. Təkcə 2012-ci ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 349 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir. Əhalinin rifah halının yaxşılaşdırıldığını sübut edən yüzlərlə belə misallar gətirmək olar.
Sovetlər Birliyi dönəmində əyalət buxovları çərçivəsindən kənara çıxa bilməyən Naxçıvan Muxtar Respublikası bu gün müstəqil Azərbaycanın xarici siyasətində də əhəmiyyətli yerə malik olaraq beynəlxalq arenada özünə layiqli yer tutmuşdur. İndi muxtar respublikanın bir tərəfdən dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri genişlənərək yeni mərhələyə yüksəlirsə, digər tərəfdən Türkiyə, İran, Avstriya, Gürcüstan, Koreya kimi yaxın-uzaq ölkələrlə də yeni iqtisadi və mədəni körpülər qurulur.

Naxçıvanda geniş quruculuq tədbirlərinin sürətlə davam etdirilməsi, möhkəm və etibarlı ordu quruculuğunun uğurla həyata keçirilməsi, muxtar respublikanın başdan-başa qazlaşdırılması, enerji böhranının aradan qaldırılmasını əngəlləyən ciddi problemlərin uğurlu həlli, əhalinin rifah halının yaxşılaşdırılması sözlə işin, əməllə əqidənin vəhdətinin bariz ifadəsidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
Muxtar respublika rəhbərinin gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də dəfələrlə yüksək qiymətləndirilmişdir. Dövlət başçısı muxtar respublikaya 2006-cı ildə etdiyi səfər zamanı demişdir: “Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir”.
Bu, Azərbaycan Prezidentinin muxtar respublika rəhbərinin fəaliyyətinə, vətənpərvərliyinə, yurd sevgisinə verdiyi ən yüksək dəyərdir. Prezident blokada şəraitində inkişaf və tərəqqiyə nail olmağın çətinliklərini çox yaxşı bilir. Ölkə rəhbəri onu da bilir ki, blokada şəraitində daşı-daş üstə qoymaq, əsl intibaha nail olmaq hər oğulun işi deyil. Buna yalnız ulu öndər Heydər Əliyev yoluna sədaqətli rəhbər nail ola bilər. Heydər Əliyev yoluna sədaqətin nəticəsidir ki, bu gün sürətlə inkişaf edən Naxçıvan düşmənə gözdağına çevrilmişdir. Bu, insanın öz doğma yurdu qarşısında həqiqi övladlıq borcunu şərəflə yerinə yetirməsinin nəticəsidir. Bugünkü Naxçıvan həqiqi VƏTƏNDAŞın, Heydər Əliyev dövlətçilik yolunun sadiq əsgərinin ana Vətəninə əsl xidmət nümunəsinin təntənəsidir. Bu, dövlətçilik fəlsəfəsinin nə olduğunu mükəmməl bilən, milli-mənəvi dəyərlərin qorunmasının nə qədər vacib olduğunu yaxşı dərk edən, inkişafla ənənələrin vəhdətini öz əməli işləri ilə yaradan, hər bir insanı, hər bir vətəndaşı qiymətləndirmək üçün Vətən sevgisini ölçü meyarı olaraq qəbul edən bir dövlət xadiminin – QURUCU RƏHBƏRİN yorulmaz əməyinin bəhrəsidir.
Rəhbərin uğuru ondadır ki, o, ilk növbədə, xalqa arxalanır, onun məhəbbətini qazanır və bu məhəbbət də gələcəkdə daha böyük nailiyyətlərin təməlinə çevrilir. Hərtərəfli inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvan, Ali Məclis Sədrinin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidməti, Naxçıvanın tarixində yeni inkişaf mərhələsinin salnaməsidir.

               Heydərin qəlbindən işıq, nur aldın,
               Yurdumun köksündə körpülər saldın.
               Ucalır şöhrətin, ucalır adın,
               Bütün varlığınla elə bağlısan,
               Qədim Naxçıvanın əziz oğlusan.

               Şöhrətin sözdə yox, əməlindədir,
               Yurdumun sevinci əllərindədir.
               Sən Vətən oğlusan, xalq səninlədir.
               Bütün varlığınla elə bağlısan,
               Qədim Naxçıvanın əziz oğlusan.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6931323
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
19746
20122
136043
468061
6931323

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter