04 Dekabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası 2020-ci ilin oktyabr ayında da muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır. Qeyd etmək lazımdır ki, oktyabr ayında teleradioların proqramlarında dəyişiklik olmuş, vətənpərvərlik mövzusunda materiallara üstünlük verilmişdir.
Bəhs edilən dövrdə Naxçıvan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyası mütəmadi olaraq hər saat xüsusi buraxılışlar vasitəsilə müzəffər Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında əldə edilən uğurlar barədə tamaşaçılara dolğun məlumatlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətləri, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə keçirilən brifinqlər efirdən birbaşa yayımlanmış, cəbhədə ordumuzun keçirdiyi hərbi əməliyyat tədbirlərinin nəticələri altyazı ilə tamaşaçılara təqdim olunmuşdur.
Oktyabr ayında verilişlərin növbəti 86 sayı efirə təqdim edilmişdir. Redaksiyaların fəaliyyətinin təhlili onu göstərir ki, oktyabr ayında “İctimai-siyasi verilişlər”, “Təhsil və sosial məsələlər”, “İncəsənət və musiqi verilişləri”, “Müəllif proqramları və xüsusi layihələr”, “Ədəbi-bədii verilişlər” redaksiyaları vətənpərvərlik mövzusunda fəallıq nümayiş etdirmiş, “Uşaq, gənclər və idman” redaksiyası isə bu istiqamətdə passivlik göstərmiş, yalnız oktyabrın 17-də yayımlanan “Gəncliyin səsi” verilişində vətənpərvərlik mövzusuna toxunulmuşdur.
Televiziyanın bəzi materiallarında nöqsanlar müşahidə edilmiş, həmin nöqsanlar şurada müzakirə olunaraq televiziyanın məsul şəxslərinə təqdim edilmişdir.

Naxçıvan Dövlət Radiosu oktyabr ayında 580 saat efirdə olmuşdur. Radioda ay ərzində təqdim edilən verilişlər, canlı proqramlar vətənpərvərlik mövzularına həsr edilmiş, efirə təqdim edilən konsert proqramları və radiokompozisiyalar hərbi-vətənpərvərlik profilli olması ilə seçilmişdir. Proqramdankənar xüsusi xəbər buraxılışları efirə yayımlanmış, cəbhədəki son vəziyyətlə bağlı məlumatlar operativ şəkildə dinləyicilərə çatdırılmışdır. Həmçinin ölkə rəhbərinin xalqa müraciətləri, keçirilən brifinqlər də radio efirində təqdim edilmişdir.“Günə başlarkən” musiqili-informasiya proqramı həftəiçi 5 günlük yayımdan 7 günlük yayıma keçmiş, məlumatların operativ və dəqiq çatdırılmasında, hərbi-vətənpərvərlik profilli musiqilərin təqdim edilməsində xüsusilə fərqlənmişdir.
Televiziya və Radio Şurası “Kanal 35” televiziyasının oktyabr ayında efir fəaliyyətini də diqqətdə saxlamışdır. Ötən ay televiziyanın proqram siyasətinə dəyişikliklər edilmiş, günlə səsləşən vətənpərvərlik ruhunda hazırlanmış telemateriallar yayım cədvəlinin əsasını təşkil etmişdir. Televiziya istər efirdə, istərsə də sosial şəbəkə profillərində operativ məlumatları Naxçıvan tamaşaçısına və ictimaiyyətinə çatdırmışdır. Bununla yanaşı, azad edilən ərazilər videoçarxlar vasitəsilə tamaşaçılara təqdim edilmişdir. Qeyd edək ki, bu mövzuda 63 material təqdim olunmuşdur.
“Naxçıvanın səsi” radiosu oktyabr ayında 248 saat efirdə olmuşdur. Efir müddətində 110 saat canlı yayım proqramları və verilişləri hazırlanaraq dinləyicilərə təqdim edilmişdir. Həmin proqramlarda tanınmış ziyalılar, deputatlar, musiqiçilərlə telefon bağlantısı qurulmuş, həmçinin onların studiyanın qonağı qismində iştirakı təmin edilmişdir.
Oktyabr ayında radionun keçidləri yenidən işlənmiş, təqdim olunan musiqi proqramları üçün xüsusi musiqilər seçilmiş, vətənpərvərlik mövzularının çoxluq təşkil etməsinə xüsusi önəm verilmişdir. Eyni zamanda bir çox vətənpərvərlik mövzusunda çəkilmiş filmlərdən audio­fraqmentlər səsləndirilmişdir.
Televiziya və Radio Şurasının 2020-ci il Tədbirlər Planına əsasən oktyabr ayında da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin teleradiolarda fəaliyyəti mütəmadi olaraq izlənilmiş, aylıq hesabat hazırlanmışdır.
Bəhs edilən dövrdə şura sosial şəbəkələrdə Naxçıvanla bağlı 200-dək foto və video, həmçinin xəbər paylaşmışdır. Oktyabr ayında şuranın “Telegram” kanalı yaradılmış, kanal vasitəsilə ölkədə və dünyada baş verən hadisələr izləyicilərə çatdırılmışdır. Bundan başqa, şuranın “Instagram” sosial şəbəkəsindəki səhifəsində vətənpərvərlik mövzusunda onlarla foto və video paylaşılmış, həmin materiallara minlərlə baxış olmuşdur.
Hesabat dövründə şura tərəfindən 120 xəbər, 1 analitik material, 52 müsahibə hazırlanaraq mərkəzi mətbuatda yayımlanması təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR