26 Noyabr 2020, Cümə axşamı

Bu gün Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri də turizmdir. Respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə məşğulluğun artması, yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malik olan turizm uzun illərdir ki, dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. 

Muxtar respublikamızın nadir təbii, mədəni obyektlər kompleksinə malik olması bu qədim diyarda turizmin inkişafı üçün yeni perspektivlər açır. Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Bu potensialdan istifadə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsini təmin etmək məqsədi daşıyır. Həmin məqsədə nail olmaq üçün irimiqyaslı infrastruktur layihələri icra edilir, mədəniyyət obyektlərinin əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası görülən işlərin davamlı xarakter almasına təkan verməkdədir.

Proqramda muxtar respublikaya turistlərin cəlb edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bu məqsədlə internet resurslarından səmərəli istifadə olunması isə müasir dövrün mühüm qanunauyğunluqlarından biri hesab edilir. Qısa zaman kəsiyində bol informasiyanın yayılması və təsir­ediciliyinin çox olması internet ehtiyatlarından məqsədəuyğun istifadəni indiki dövrün zərurətlərindən birinə çevirmişdir. Bu istiqamətdə muxtar respublikanın turizm potensialını nümayiş etdirən məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq iyul-sentyabr aylarında turizmlə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daim yenilənməsinin təmin edilməsi diqqət mərkəzində olmuşdur. Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 200-dən çox məlumat daxil edilmiş, 70 mindən çox baxış sayı qeydə alınmışdır. Turistlərin məlumatlılığının artırılması məqsədilə mərkəzin elektron poçt ünvanına və sosial şəbəkə hesablarına daxil olan 31 müraciət aidiyyəti üzrə cavablandırılmışdır. Xarici ölkələrdə və Azərbaycan Respublikasında fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə 2 mindən çox məlumat göndərilmişdir. Həmçinin bu dövrdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin yeni internet səhifələrinin hazırlanması istiqamətində iş aparılmışdır. Qeyd olunanlarla yanaşı, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə də diqqətdə saxlanılmışdır. Belə ki, iyul-sentyabr aylarında muxtar respublikanın turizm imkanları barədə kütləvi informasiya vasitələrinə 3 məlumatlandırıcı müsahibə verilmiş, 2 televiziya və 2 radio verilişində iştirak edilmişdir.

Dünya təcrübəsində turizm sektorunun inkişafını şərtləndirən bir sıra mühüm amillər vardır. Turizm zonaları, müvafiq turlar, xidmət yerləri və bir çox sahələrdə turist seçimləri müxtəliflik göstərsə də, nəqliyyat imkanlarının əlçatanlığı, bu mənada, ümumi tələb hesab oluna bilər.
Muxtar respublikanın ixtisaslaşmış turizm məkanına çevrilməsini sürətləndirəcək tədbirlərin əhatə olunduğu Dövlət proqramında turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu məqsədlə üçüncü rübdə Naxçıvanda elektron taksi xidməti fəaliyyətə başlamışdır. Mobil operatorlardan 288 qısa nömrəsinə zəng etməklə sifariş olunan və vahid mərkəzdən idarə edilən xidmətin üstünlüyü sifarişçiyə ən yaxın məsafədən mənzil başına çatmağa zəmanət verməsidir. Yeni fəaliyyətə başlayan xidmət muxtar respublikamıza səfər etmək istəyən turistlər üçün rahatlıq və əminlik vəd etməkdədir.
Turizm imkanlarının əhatəli nümayiş etdirilməsində reklam-informasiya vasitələri xüsusi rol oynayır. Bu istiqamətdə reklamın əsas məqsədi muxtar respublikanın əlverişli imicini yaratmaq, potensial istehlakçını öz səyahəti üçün bu məkanı seçməyə sövq etməkdir. Üçüncü rübdə turizmlə bağlı reklam-informasiya materiallarının tərtib olunması diqqətdə saxlanılmış, Naxçıvan şəhərində Sahil Parkı üçün buklet hazırlanmışdır. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının Bələdçi kitabı”nın hazırlanması davam etdirilmişdir.
Muxtar respublikamızın zəngin mədəni irsi, qədim tarixi mühüm tədqiqat predmeti kimi daim diqqəti cəlb etmişdir. Aparılan araşdırmaların nəticələri isə mövcud turizm potensialının elmi cəhətdən təşviqi üçün mənbə rolunda çıxış etməkdədir. Üçüncü rübdə Dövlət proqramının icrası məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 3 monoqrafiya nəşr olunmuşdur.
İyul-sentyabr aylarında Naxçıvanın özünəməxsus dəyərlərinin və məhsullarının, o cümlədən sənətkar­lıq nümunələrinin təşviqi də diqqətdə saxlanılmış, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən milli mətbəx nümunələrinin təbliğ edildiyi 2 televiziya verilişinin hazırlanmasında iştirak edilmişdir. Mərkəzin “Youtube” kanalında eyni məqsədlə 4 videoçarx yerləşdirilmişdir. Üçüncü rübdə Naxçıvanı tanıdan 88 suvenir və hədiyyəlik xatirə əşyası hazırlanaraq Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilmiş, 27-nin satışı həyata keçirilmişdir.

Dövlət proqramında kənd turizminin inkişaf etdirilməsi ilə bağlı müəyyən edilmiş tədbirlər muxtar respublikada davamlı turizm potensialının gücləndirilməsinə hesablanmışdır. Çünki kənd turizminin digər turizm növləri ilə asanlıqla inteqrasiya oluna bilmə qabiliyyəti həmin növlərin də inkişafına və cəlbediciliyinin artmasına şərait yaradır. Naxçıvanda bu sahədə dünya standartlarına cavab verən turizm obyektlərinin inşasına mühüm önəm verilir. Bu baxımdan Ağbulaq turist kəndinin yaradılması ilə bağlı görülən işlər xüsusilə qeyd edilməlidir. Bütün bunlarla yanaşı, kənd turizm obyektlərinin yaşayış məntəqələrinə kifayət qədər yaxın yerləşməsi və təbii ehtiyatlardan istifadə imkanlarının geniş olması bu sahənin dünya miqyasında önəmini artırmaqdadır. Muxtar respublikamızda üçüncü rübdə kənd turizminin inkişafı məqsədilə Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında eko­turizm baxımından əhəmiyyətli obyektlərin, kirayə evlərin və həyətyanı sahələrin aşkar olunması istiqamətində iş aparılmış, 26 yararlı kənd evi müəyyən edilmişdir.
Turizm sektoru bir tərəfdən hər bir ölkə üçün mühüm gəlir mənbəyi, digər tərəfdən isə məşğulluğun təmin olunmasında önəmli rol oynayan faktorlardandır. Bu sahədə peşəkar kadrların yetişdirilməsi muxtar respublikada turizmin gələcək inkişafının təməlini formalaşdırır. Üçüncü rübdə Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları davam etdirilmişdir. Liseydə bu ixtisas üzrə peşə təhsilini başa vurmuş 9 müdavim sertifikatla təmin olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, turizm sahəsi öz nümayəndələrindən müasir tələblərə uyğun peşəkarlıq tələb etməklə daim yenilənən və təkmilləşən cəhətlərə malikdir. Bu sektorun nümayəndələrinin yeni tələblərə uyğun maarifləndirilməsi və onlarla işin beynəlxalq standartlar çərçivəsində qurulması xüsusi diqqət tələb edən məsələdir. Üçüncü rübdə Dövlət proqramının icrasına uyğun olaraq turizm sektorunun nümayəndələri üçün onlayn qaydada “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydalarının tətbiqi” mövzusunda seminar, “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” adlı konfrans keçirilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası əlverişli mühit formalaşdırmaqla muxtar respublikamızı diqqəti cəlb edən turizm məkanına çevirməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, eko­turizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir...”

“Şərq qapısı”

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR