30 Noyabr 2020, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans keçirib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli giriş sözü ilə açaraq Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bununla kifayətlənməyən işğalçılar son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir, ordumuz istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. O, bildirib ki, sentyabrın 27-dən etibarən təzavüzkar erməni ordusunun Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutmasından sonra Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlanıldı, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusu sarsıdıcı zərbələr vuraraq düşməni ağır məğlubiyyətlərə uğratdı.
Fəxrəddin Səfərli vurğulayıb ki, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində bu gün düşmənə qalib gəlir.

Konfransda İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin və Elmi Kitabxananın direktoru Sahab Əliyevanın məruzələri dinlənilib, virtual sərgi nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

* * *

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
Universitet şəhərciyində, açıq havada keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra səhnəyə müqəddəs üçrəngli bayrağımız gətirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, üçrəngli, aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanıb. Yalnız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması barədə tarixi qərar verilib. Rektor diqqətə çatdırıb ki, ulu öndərin milli mənafelərə əsaslanan siyasəti bütün sahələrdə uğurla davam etdirilir. Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən Naxçıvan şəhərində də Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Rektor vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi Vətən eşqi ilə döyünür. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal olunmuş tarixi, əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı orada dalğalandırır.
Sonra tədbirin bədii hissəsi olub, səmaya üzərində Azərbaycan və Türkiyə bayraqları olan hava şarları buraxılıb.

Seyfur Hacımuradov

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR