02 Dekabr 2020, Çərşənbə

Dövlətlərin,  xalqların  və millətlərin suverenlik rəmzlərindən ən əsası olan bayraq, sadəcə, bir ipək parçası deyil, bir ölkənin azadlığını və müstəqilliyini təmsil etməsi baxımından çox mühüm məna kəsb edir. Bayraqlarda hər bir xalqın milli, dini, ideoloji simvolları öz əksini tapır. Dövlət rəmzi kimi bayrağa hörmət göstərilməsi hər bir ölkə vətəndaşının vətəndaşlıq borcudur. Elə buna görə də, dövlətin əsgəri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması ilə bağlı müqəddəs vəzifəni öz öhdəsinə götürərkən bayrağa and içir.

Azərbaycan bayrağı dərin tarixi inkişaf yolu keçmişdir. Müstəqil Azərbaycanın ilk bayrağı 1918-ci ildə Gəncə şəhərində 24 iyun 1918-ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət olaraq qəbul olunmuşdu və bu bayrağın müvəqqəti olmağı qeyd edilmişdi. Daha sonra 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə uzun müddət dalğalanmadı. Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdən danışarkən demişdir: “Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il xalqımızın qəlbində yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.
Üçrəngli bayrağımızda türkçülük, müasirlik, islamlaşmaq ideyaları öz əksini tapmışdır. Bayrağımız həm də Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyini özündə əks etdirir. Bayrağımızın simvol və təsvirləri əsl tarixi – fəlsəfi sistemdir. Bayrağımızın üzərindəki rənglərin, aypara və ulduzun özündə hansı mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib çıxdığı bizim üçün maraqlıdır. Belə ki, səkkizguşəli ulduzun tarixi izahı barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, qədim türk mifologiyasına görə ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Belə bir ehtimal da irəli sürülür ki, ulduzdakı səkkizguşəlilik Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyən edilərkən 8 prinsip – türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, Azərbaycançılıq və mədəniyyətlilik ilə əlaqədardır. Səkkizguşəli ulduzun əbədilik, sonsuzluq, davamlılıq rəmzi də olması bir sıra ədəbiyyatlarda qeyd olunur. Bayrağımızın üzərində əks olunmuş aypara yeni doğulmuş müsəlman ölkə mənasını bildirir. Aypara və ulduz istər milli, istərsə də mənəvi baxımdan Azərbaycan xalqının qədim maraqlarının ifadəsi və simvoludur. Bayrağın üzərindəki rənglərin mənasını dahi Azərbaycan şairi Cəfər Cabbarlı özünün “Sevdiyim” şeirində daha poetik şəkildə ifadə etmişdir:

Bu göy boya, Göy Moğoldan qalmış
bir türk nişanı,
– Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
– Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
— Mədəniyyət bulmalı!

“Bayraqları bayraq edən üstündəki qandır”, – deyən böyük türk şairi Tofiq Fikrət bayrağı necə müqəddəs və dəyərli olduğunu ən yaxşı formada izah etmişdir. Müstəqil ölkədə yaşamağımızın səbəbkarı olan şəhidlərimiz bu bayrağın dalğalanması üçün canlarından keçmişlər. Biz də bu bayrağın daim torpaqlarımız üzərində dalğalanması üçün böyük ehtiram göstərməli və onu göz bəbəyimiz kimi qorumalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Biz fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan bayrağı dünyanın əsas beynəlxalq təşkilatlarının qarşısında, ən ali kürsülərdən, hər zaman zirvələrdə dalğalanır. Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Bu gün də tariximizin ən şanlı səhifələri üçrəngli bayrağımızla bəzənir. Müzəffər Ordumuz tərəfindən uzun illər sonra işğaldan azad olunmuş torpaqlarımızda bayrağımız yüksəldilir. Uğrunda can verdiyimiz şanlı bayrağımız bu gün Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı səmasında dalğalanır.
Bayrağımız bizim qürur mənbəyimiz, and yerimiz, iman yerimizdir. Onun daim ucalarda dalğalanması üçün bütün səyimizlə çalışmalı, müqəddəsliyinin keşiyində qürurla dayanmalıyıq.

Əziz Qasımov
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının müəllimi

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR