30 Noyabr 2020, Bazar ertəsi

Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb, yarısı isə erməniləşdirilib.

Bunu  AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, ermənilər həm də işğal etdikləri ərazilərdə yerləşən Azərbaycan xalqının əsrlər boyunca yaratdığı, müasir dövrdə isə bütün bəşəriyyətin tarixi mədəni irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkətləri törədiblər. Bu vandalizm hərəkətləri bu günə qədər davam edir.

Tədqiqatçı qeyd edib ki, Laçın rayonunun işğalından sonra Laçın şəhərində, Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Soltanlar, Seyidlər, Kosalar və digər kəndlərdə 40-a yaxın heyvan fiqurları, üzərində yazılar və rəsmlər olan 35-dən artıq sal daşlar, qəbirüstü daşlar dağıdılmış, baxımsız vəziyyətə salınmış, bəziləri isə bu ərazidən daşınıb. Sarı Aşıq türbəsi, Şeyxəhməd, Soltan baba məbədləri, Dəmirovlu pir məbədi və digər neçə-neçə abidələr dağıdılıb. Laçın Tarix-Diyarşünaslıq Muzeyində, Şəkil Qalereyasında, bölgənin gerçək tarixini əks etdirən mənbə və abidələr məhv edilmiş, qiymətli eksponatlar talanmış, satılmış və sıradan çıxarılıb.

Alim əlavə edib ki, ermənilər tərəfindən “erməniləşdirilməyə” məruz qalan alban xristian abidələri sırasında Laçın rayonunun Kosalar kəndi yaxınlığında yerləşən Ağoğlan məbədinin (IV əsr) adı xüsusi qeyd edilməlidir:

"Tədqiqatlar göstərir ki, 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən müxtəlif erməni terror-siyasi təşkilatlarının ianələri hesabına məbədin üzərində xeyli işlər aparılmış, abidənin üzərinə təmir etmək bəhanəsi ilə 26 ədəd erməni dilində yazıların yazıldığı daş lövhələr yerləşdirilib. İşğal nəticəsində Kəlbəcər rayonu ərazisində 11 alban məbədi, 5 qala, 3 məscid, 5 ziyarətgah, 17 məbəd və s. tarix və memarlıq abidələri işğalçıların əlinə keçib. XII əsrə aid Urek məbədi, Hatəm Məlik qalası, XII əsrə aid Yegiş Aragel məbədi bu abidələr sırasında xüsusən qeyd edilməlidir. Erməni vandalizminin üzərində dəyişikliklər apardığı ən mühüm abidələrdən biri isə Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastrı (XIII əsr) olmuşdur. Xristian alban türkü Həsən Cəlalın hökmranlığı dövründə inşa edilmiş monastrın daxilində işğaldan sonra boyama işləri aparılmış, ermənicə yazılar həkk olunmuşdur. Abidənin xarici divarlarındakı alban izlərinin silinməsi üçün isə onun üzəri daş piltələrlə örtülmüşdür. Bu vandalizm aktına hətta bir sıra ermənilərin özləri də etiraz etmişlər. 2013-cü ilin iyununda bununla bağlı 350 nəfər erməni Ermənistan rəhbərliyinə müraciət ünvanlamışdı".

E.Kəlbizadə deyib ki, Qubadlı rayonu ərazisinin işğalı nəticəsində isə 2 mağara, 2 məbəd, 8 məscid, 1 mağara ibadətgah, 7 türbə, 10 ocaq və pir, 2 imamzadə, 6 qala və s. tarixi abidələr düşmənin vandalizminə məruz qalıb. Uzun bir tarixi dövr ərzində bu abidələr baxımsızlıq ucbatından təbii və antropogen amillərin təsiri altında xeyli dərəcədə sıradan çıxmışdır.

Cəbrayıl rayonunda Sultan Allahverdi hamamı, Xudayarlı türbələri, Şıxlar kəndindəki dairəvi türbə (XIV əsr) ciddi dağıntılara uğradıılıb. Araz çayı üzərindəki tarixi Xudafərin körpüsünün dağıdılması üçün müxtəlif vasitələrə əl atılıb. Zəngilan rayonu ərazisində yerləşən Hacallı dairəvi bürcü, Şərifan sərdabəsi (XIII əsr), Məmmədbəyli türbəsi (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr) də erməni təcavüzünə məruz qalıb.
Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı tarixi-memarlıq abidələri - Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (XIV əsr), Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənddəki Xanoğlu türbəsi (XVII əsr), Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi-memarlıq abidələri işğalçılar tərəfindən dağıdılıb.
İşğala məruz qalmış Xankəndi, Xocavənd və Xocalı rayonlarında da tarixi abidələrə qarşı vandalizm hərəkətləri törədilib.

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR