26 Noyabr 2020, Cümə axşamı

Son günlərdə sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçilərin az bir hissəsi azad edilən ərazilərin sevincini doya-doya yaşaya bilmir. Onlar artıq kənd deyil, şəhər və qəsəbələrin azad olunma xəbərini eşitmək istəyirlər. Həmin şəxslər başa düşməlidilər ki, torpaqlarımızın azadlığı uğurunda döyüşən əsgər və zabitlərimiz üçün şəhər və rayonun azad edilməsi üçün bir neçə kənd, kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 1994-cü ilin əvvəlindəki Horadiz əməliyyatlarından sonra, yəni son 26 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəkliyi, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib:

“Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı ərazilərlə nisbətini heç nəzərə almadan onları əsl Qələbə kimi qeyd edə bildik. Çünki müharibədə əsas olan mənəvi psixoloji üstünlük əldə etməkdir. Bu münaqişədə isə ən vacib olan Ermənistan Ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi ki, bunu da əsgərimiz qısa müddətdə bacardı. Lakin bəzilərimiz, bəlkə də bu və ya digər səbəblərdən müharibədə heç bir zaman iştiak etməyən qardaşlarımız, hərbçilərimizin hər gün şəhər və rayon azad etməsini gözləyir. Bu şəxslərə bir neçə dost məsləhəti vermək üçün Ordumuzun dağlarda həyata keçirdiyi hücum əməliyyatlarının bəzi xüsusiyyətlərini qısaca xatırlatmaq istəyirəm.

1. Şəhər və rayonun azad edilməsi üçün bir neçə kənd, kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəliyə doğru irəlilədikcə yüksəklik də artır.

2. Dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir.

3. İqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir. Dağlarda yağıntı düzənlikdəkindən təxminən 2 dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək qalır. Tanış olmayan dağlıq ərazidə duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək, klaviaturada yeni rayon tələbi ilə bağlı şərh yazmaq qədər asan deyil.

4. Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr yüksəklidən bir temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 % azaldığını, günəş radiasiyasının 1-2 %, ultrabənövşəyi şüaların 5-10 % artdığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000 metrdən yuxarı yüksəkliklərdə isə insan iştahını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan +6 dərəcədə dona bilər.

5. Düşmənin ağ fosfor kimi qadağan olunan sursatlardan istifadə etdiyini bilirik. Onsuz da oksigen çatışmayan dağlıq ərazidə əleyhqazda hərəkət etməyin nə demək olduğunu, bunu yaşayanlar bilir.

6. Dağlıq ərazilərdə şəxsi heyət bəzən hərəkəti kanatlarla sığortalayaraq davam etdirə bilirlər.

7. Oksigen azlığı texnikaların da mühərriklərinin fəaliyyətinə mənfi təsir edir. Onların gücü 2000 metrdə 30 % azala bilər. Dar yol, böyük maşınlar, sərt döngələr nəzərə alınmalıdır.

8. Dağ ərazisi sabit fəaliyyət zonalarının azalması səbəbindən topoqrafik istinadla bağlı problemlərlə əlaqədar olaraq radiotexniki və RLS sistemlərinin istifadəsi üçün xüsusi çətinliklər də yaradır.

9. Qayalıq ərazilər radio dalğaların böyük hissəsini mənimsəyir və səpələyir, yüksək səviyyəli atmosfer müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır. Dağ yamaclarının ultra qısa sistemlərinin işinə maneə (ekran) yaratması səbəbindən əlavə radiorele və təkrar ötürücü məntəqələrin quraşdırılması lazım olur. Ümumiyyətlə, hər hansı bölmənin və hərbi texnikanın yerləşdirilməsi müddəti normal şəraitdən 1.5-2 dəfə çox müddət tələb edir.
Bu siyahını uzatmaq da olar. Tam əminliklə deyirəm ki, sadalanan problemlər mövcud olanların bizə görünən və kiçik bir hissəsidir. Onlar geri çəkilən düşmənə daha ciddi problemlər yaradır. Lakin bu ayrı mövzudur. Bu problemləri sadalamaqda məqsədim Sialahlı Qüvvələrimizin yeni problemlərlə qarşılaşdığını vurğulamaq deyil. Təlimlərin mütəmadi olaraq məhz dağlıq ərazilərdə keçirildiyini xatırlayırıq. Sadəcə hərbçilərimizin hansı şəraitdə nailiyyət qazandıqlarını diqqətinizə çatdırmaq istədim”.

Ə.Verdiyev qeyd edib ki, yadda saxlayaq ki, 4 ilə yaxın işğal edilən və 24 il möhkəmləndirilən ərazilərin azad edilməsinə başladığımız heç 40 gün deyil:

“Onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan işğal altında olan torpaqları azad etmək üçün əks-hücum əməliyyatı həyata keçirir və biz hücum edən tərəfik. Qaydalara görə, hücum edən tərəf həmişə daha çox itki verən olur. Ancaq bu gün düşmən tərəf daha çox itki verir və bu da onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri planlı şəkildə hərəkət edir. Unutmayaq ki, əsgərimiz bizi dəfələrlə sevinc göz yaşlarına boğub. Ordumuz artıq 200-ə qədər kənd, 3 qəsəbə və 4 rayon işğaldan tam azad edərək müharibə tarixinə Azərbaycan adını öz qanı və canı bahasına yazıb. Beynəlxalq səviyyədə artan təzyiqlərə baxmayaraq, Azərbaycan torpaqlarının azad olunması davam edir”.

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR