05 Dekabr 2020, Şənbə

Azərbaycan tarixinin möhtəşəm abidəsi, Azərbaycan memarlıq sənətinin zirvəsi Xudafərin... Tarixin yol yoldaşı, sinəsində Şəddadilərin, Rəvvadilərin, Elxanilərin, Qaraqoyunluların, Ağqoyunluların, Eldəgizlərin, Səfəvilərin, Teymurilərin, Qacarların izi olan- keçmişin şahidi Xudafərin. Nə xoş günlərə-toylara, düyünlərə, çal-çağırlara, nə müharibələrə-ordulara-qoşunlara, silahlara-süngərlərə sinə açan Xudafərin.  Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən yeganə vasitə. Tarixi İpək yolunun üzərində yerləşməklə  Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olan daş əzəmətli, daş dözümlü körpü...

           Özü boyda dərdin vardı, Xudafərin

Xudafərinin Azərbaycanın bağrına şaxələnmiş möcüzəli Araz  çayının üzərində bünövrəsi  çox qədimdir, bu tarix 15 əsrdən də əvvəllərə söykənir.  Xudafərinin qədimliyi kimi, dərdi-səri də böyük olub. Bu gün Cənubi və Şimali Azərbaycanı birləşdirən rəmzi abidə kimi anılan körpü  Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldıqdan sonra ikiyə ayrılan torpaqlarımızı artıq birləşdirə bilmədi. Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq olundu. Düz 70 il. Ta ki, keçən əsrin sonlarındək, Azərbaycanda başlanan güclü azadlıq hərəkatının qollarından birinin –“sərhəd hərəkatı”nın  başlanmasınadək. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəklərinin vətəndaşlarımız tərəfindən dağıdılmasınadək. Xudafərin bu dərdindən yenicə qurtarmışdı ki,1993-cü ildə  Cəbrayıl nankor ermənilər tərəfindən işğal olundu. Düz, 27 ildir ki, sinəsi doğma addımlardan mərhumdur. Nə yaxşı ki, Araz varmış... Gecə-gündüz tək Arazla pıçıldaşdı Xudafərin. Dərdin dedi, sərin dedi, gözyaşını Arazın sularına qarışdırdı. Kənardan baxanlar Xudafərini daş abidə görürdü, Arazı su. Lakin nə Xudafərin daşdı, nə də Arazdakı su. Xudafərin həsrətliydi, Araz onun göz yaşıydı...

 

“Xuda -Afərin”  –Allaha mərhaba

Xudafərin, “Xuda-Afərin”, yəni  “Allaha mərhaba”dır  adının mənası. Allahın yaratdığı yer olduğun üçün, adın sənin Allaha mərhaban, təşəkkür payındır.  Dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan səni “Allah tərəfindən yaradılan” da adlandırırlar. Həm də bu dayaqlar tək sənə-11 aşırımlı, 130 metr uzunluqda,  6 metr enində, 12 metr hündürlükdə olan Baş Xudafərində deyil,  gözəl Cəbrayılın, füsunkar Arazın sənə yaxın ərazisində 15 aşırımlı, uzunluğu 200, eni 4,5, hündürlüyü isə 10 metr olan Xudafərinə də aiddir. Sizin hər ikinizin yaranmasının böyük səbəbi Ulu Yaradanın yaratdığı coğrafiyanın uyğunluğudur.  Hər aşırımlarınız tarixin bir dönəmidir. Zamanın keşməkeşlərində dağıdılmağa məruz qalsanız da, elə şübhəsiz ki, Ulu Yaradanın özü sizi qoruyub. Son 27 ildə isə işğalda olan digər ərazilərimizdə ermənilərin daşı daş üstə qoymaması sizə də çoxdan təsir etmiş olardı. Lakin yenə də sizi Allah qoruduğu üçün yəqin ki, gücləri çatmayıb. Düzdür, əvvəllər gördüyümüz  gözəlliyinə xələl gəlib bir az, uçulmusan, sökülmüsən, bu da yəqin nisgilindən, həsrətindən olubdur, axıtdığın göz yaşları daşlarını əridibdir. Qəm eləmə, Xudafərin. Səni yağıdan alan rəhbər, eloğlular sənə yeni həyatı da verəcəklər.

 

Xudafərində dalğalanan Azərbaycan bayrağı

Tarixçilər yazırlar ki, Cəbrayılda nəinki təkcə Xudəfərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və sair var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu mədəniyyətlərdən biridir. Bu  zənginlikləri özündə əks etdirən Cəbrayılın sentyabrın 27-də  Böyük Mərcanlı, Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, 4-də Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal, 5-də Şıxəli Ağalı, Sarıcalı, Məzrə, 9-da Qaracallı, Süleymanlı, Əfəndilər,15-də Doşulu, 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri və ötən günlər ərzində əhəmiyyətli yüksəkliləri, mövqeləri, bu ərazilərin fonunda isə Xudafərin işğaldan azad edilmişdir.

Oktyabrın 18-də- Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Azadlığın, növrağın mübarək, Xudafərin. Nə gözəl tarix yazıldı aşırımlarına. Sən axı 1991-ci ildə əldə etdiyimiz müstəqilliyi doyunca yaşamamışdın. Üçrəngli bayrağın üstündə bərqərar olduğun Arazın sularındakı əksini ətrafındakı zirvəsi səmaya toxunan dağlara, sıldırım qayalıqlara yaya bilməmişdin. Bayrağın mübarək, azadlığın mübarək, Xudafərin. Sən Allaha səni yaratdığı üçün təşəkkür edirsən əsrlərdir. Biz azərbaycanlılar da Allaha səni bizə yenidən qovuşdurduğu üçün minnətdarıq ey ulu yurdumuz, müqədəs torpağımız Cəbrayılın göz bəbəyi...

Xudafərin, Milli Ordumuzun üzərində qaldırdığı bayrağın dalğaları Arazın suyunda  ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan müstəqil dövlətdir və birinci növbədə ərazi bütövlüyümüzü təmin etməliyik. Müstəqil dövlət öz ərazisinin sahibi olmalıdır” tövsiyələrini əks etdirirdi.  Bu, çox  qürurvericidir. Çünki Azərbaycan xalqı bu gün müstəqilliyini əbədi edən dahi şəxsiyyətin layiqli ardıcılı, Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovur, ərazi bütövlüyümüz bərpa olunur. Azərbaycanda yeni dövrün şərəfli tarixi yazılır.

                                                                   Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR