27 Oktyabr 2020, Çərşənbə axşamı

Bu günlərdə sosial şəbəkələrdə Şuşada çəkilmiş çiçəkləmiş xarı bülbülün şəklini gördüm. Sordum ki, bu payız çağında nədir belə növrağın? Xarı bülbül dedi ki, eşitmişəm torpaqlarımızın bir çoxu düşmən işğalından azad edilib. Mənsə onların pişvazına çıxmışam. Səbirsizliklə yollarını gözləyirəm, Azərbaycan əsgəri məni bu əsirlikdən xilas edəcək deyə. Şuşamız düşmən əsarətinə düşdüyü gündən bu yana heç açmamışdım çiçəklərimi. Boynubükük qalmışdım.

Payız fəsli olmasına baxmayaraq xarı bülbül bahar ömrünü yaşayır Vətən torpağında. Yazımı qələmə aldığım məqamda niyyət etdim ki, tez bir zamanda cənnətməkanımız olan Şuşamıza gedib, xarı bülbülün ətrini doyunca alım. Niyyətim hasil olar, əsirlikdə olan xarı bülbülün həsrəti isə sona çatar dedim...

Əzəli-əbədi Qarabağ torpağının Azərbaycana bəxş etdiyi nemətlərdən birisən, xarı bülbül...Dünyanın heç bir yerində rast gəlinməyən xarı bülbülüm, sən bizə Tanrının göndərdiyi ən böyük möcuzəsisən, çiçəklərimizin baş tacısan. Sənə baxdıqca sanki üzərinə qonmuş bülbülü xatırlayıb, qeyri-adi gözəlliyinin şahidi olur insan. Xarı bülbülüm, sən bir gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzisən. Cəsarətlisən ona görə ki, mənfur düşmən sənin o gözəlliklərini görməsin deyə işğalda olduğun zaman kəsiyində heç açmadın çiçəklərini...Elə ona görə də torpaqlarımızın azad olunacağı gün sənin əsarətdən tamamilə qurtulacağın gündür. Sənə uzun zamandır əlim  yetmir, xarı bülbül. Hər bir kəsin bir həsrəti var. Mənimsə həsrətim sənsən...Dilimdə hey sorağın gəzir. Sevgi çiçəyisən, bir eşq möcüzəsisən. Səni hər kim görsə, tez ovsunlayırsan. Bülbülün bağırının altındakı gül al-qırmızı rəngə boyanıb. Budurmu səni dillər əzbəri edən?

Sənin ətrini hey küləklərdən alırdım. Artıq küləklər də gətirmir ətrini. Yoxdur artıq səbri-qərarım. Arzu-niyyətim gerçək olsun. Sənin ətrini doyunca alım, heç buraxmayım. Hər qarışı gülüstan olan Vətənimdən sənin ətrini duya bilmirəm. Düşmən gözəl nemətlərimizə göz dikdiyi kimi səni də bizdən aldı vaxtilə...Amma şükürlər olsun bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində 30 ildir işğalda olan torpaqlarımız azad edilir. Əminəm ki, həmin torpaqlarımıza mütləq gedəcək, şanlı üçrəngli bayrağımızı dalğalandıracaq, zəfər nəğməsini hər bir azərbaycanlı uca səslə hayqıraraq oxuyacaq. Çünki Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: ”Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da  heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında  yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu gün hər birimizin amalı VƏTƏN, məqsədimiz isə, Böyük QƏLƏBƏdir. Elə bu Qələbə əzmi ilə də Qarabağımızın nisgili olan xarı bülbülə qovuşacaq,bu qürurlu gül yenidən ruhlanacaq və öz nəfəsi ilə doğma torpaqlarımıza bir rayihə yaşayacaqdır.  

Hər kəsin  bir həsrəti, bir dağı var,

Bülbülsüz solan gülü, həm bağı var.

Nə zamandır uzaqdı, yetmir əlim,

Dilimdə “Xarı bülbül” sorağı var....

Nuray ƏSGƏROVA

 

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR