27 Oktyabr 2020, Çərşənbə axşamı

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada əsassız ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir.

1988-1993-cü illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun isə 7 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Həmin ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilmiş, bütün Azərbaycan əhalisi işğal edilmiş ərazilərdən qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə salınmışlar. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

Qeyd etmək lazımdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə hüquqi çərçivə müəyyən edilmişdir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin bu günədək beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmamış, həmin qətnamələr icra olunmamışdır.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə 1994-cü il mayın 12-də atəşkəsə nail olunmuş və ötən müddət ərzində təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. Lakin aparılan danışıqlara məhəl qoymayan və münaqişənin sülh yolu ilə həllindən boyun qaçıran işğalçı dövlət təcavüzkar siyasətindən əl çəkməyərək beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurmaqda davam edir.
Müharibə və digər beynəlxalq silahlı münaqişələrlə bağlı ən mühüm normalar 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarında və bu konvensiyalara 1977 və 2005-ci illərdə əlavə edilmiş 3 protokolda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş konfransda qəbul edilmiş “Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” konvensiyalar və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Həmçinin BMT-nin Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də deyilir ki, silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu bəyannaməyə ciddi əməl etməyə çağırır.
Bununla yanaşı, bu beynəlxalq sənədlərdə ətraf mühitə geniş, uzun sürən və ciddi ziyan vuran hərbi əməliyyatların keçirilməsinə dair metod və vasitələrdən istifadə edilməsi, mülki əhalidən aclıqdan mübarizə, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edilməsi, sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə hücum olunması, həmçinin yetkinlik yaşına çatmayanların silahlı qüvvələrə cəlb edilməsi qadağan edilir.
Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, Birləşmiş Millətlər Təşkilatına, Minsk qrupuna çatdırdı. Yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşan işğalçı Ermənistanın dayandırılması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi və bu məsələyə lazımınca diqqət yetirmədi. Nəticədə, təcavüzkar siyasətin davamı kimi, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəş açmış, nəticədə, mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş, mülki obyektlər, yaşayış evləri yararsız vəziyyətə düşmüşdür.
Hazırda işğalçılıq siyasətini davam etdirən təcavüzkar dövlətin silahlı qüvvələri mülki əhali və hərbi qulluqçular arasında fərq qoymur. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatları aparılmayan şəhərlərdə mülki əhalinin sıx yaşadığı məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır raket qurğularından intensiv atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törədirlər.
Artıq bütün dünyaya, aidiyyəti beynəlxalq qurumlara da məlum olduğu kimi, respublikamızın Tərtər, Bərdə, Naftalan, Abşeron, Ağdam və başqa ərazilərimizi, dinc əhalini atəşə tutan erməni vandallarının oktyabrın 11-də qədim Gəncə şəhərində 10 nəfərin həlak olması və böyük dağıntılarla nəticələnən, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətlərinə nə ad vermək olar? Bu qanlı terror hadisəsinin humanitar atəşkəs rejimi ərəfəsində baş verməsi isə ermənilərin öz havadarlarına arxayın olmaqlarının ifadəsidir.
Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı, Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə törətdiyinə yaxşı bələd olan ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirməli, terrorçu dövlətin işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı, bu ölkəni beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir. Bu hüquq normalarının pozulmasına və öhdəliklərin yerinə yetirilməməsinə görə Ermənistana qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri hər bir Azərbaycan vətəndaşını qələbəyə səsləyir. “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, ­Qarabağ Azərbaycandır!”


Naxçıvan Muxtar Respublikası İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR