23 Oktyabr 2020, Cümə

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hərbi mövqelərimizi, kəndlərimizi, şəhərlərimizi atəşə tutur. Bunun nəticəsində minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb, mülki şəxslər arasında itkilərimiz, şəhidlərimiz vardır. Bu günlərdə yanımızda olan, bizim haqq işimizə öz ədalətli mövqelərini açıq şəkildə ifadə edən ölkələr qardaş Türkiyə və qardaş Pakistan respublikalarıdır. Münaqişə başlayandan bəri hər iki ölkə “qardaş Azərbaycanın yanındayıq”, – dedi. Türkiyənin bir çox yerlərində Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. Ölkəmizdə, eləcə də kənarda yaşayan əcnəbi vətəndaşlar, xüsusilə Türkiyə və Pakistandan dövlət başçımıza yazılan məktublarda bu şanlı mübarizədə ürəklərinin qardaş Azərbaycanla bir vurduğunu qeyd etdilər. Xalqımızın həmrəyliyi, birliyi, inamı qədim diyarımız Naxçıvanda yaşayan, təhsil alan əcnəbi vətəndaşları, xüsusilə Türkiyə türklərini daha da ruhlandırıb. Onlar da ordumuzun sıralarına yazılmaq, səngərdə düşmənə qarşı birlikdə mübarizə aparmaq istədiklərini bildirirlər. Qardaş Türkiyə və Pakistanın Azərbaycana birlik, bərabərlik çağırışları məni həmin ölkələrin diyarımızda təhsil alan vətəndaşları ilə söhbətə aparıb çıxardı. Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə həmsöhbət olduq, onların da mövcud hadisələr barədə fikirlərini öyrəndik.

 

Aşina Kalafat Əczaçılıq ixtisası üzrə təhsil alır. O deyir ki, Azərbaycan mənim canım, ürəyim, ikinci Vətənimdir. Anam Azərbaycan vətəndaşı olduğu üçün bir çox məsələlər barədə daha çox məlumatlıyam. Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi, əslində, Azərbaycan-Türkiyə arasındakı qardaşlığı, dostluğu çox gözəl şəkildə izah edir. Bu münasibətlər qarşılıqlı etimad, səmimi münasibət və yüksək səviyyəli əməkdaşlığa əsaslanır. Bizim xalqlarımız eyni soykökə, dilə, dinə, mədəniyyətə malikdirlər. Azərbaycanda belə bir atalar sözü vardır: Dost dar gündə tanınar. Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə biri digərinin yanında olan dost və qardaş ölkələrdir. Ermənistan-Azərbaycan münaqişəsində isə Türkiyə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu son hadisələr zamanı da Türkiyənin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını bəyan etməsi Azərbaycan-Türkiyə birliyinin əyani təcəssümüdür. Prezident cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə bu qədər yaxın, qardaş ölkələr göstərmək mümkün deyil. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da çıxışlarında səsləndirdiyi “qardaşlarımızı heç vaxt tək qoymarıq” fikrini xatırlatmaq istərdim. Bu, Türkiyənin qəti və aydın mövqeyinin, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyinin, sarsılmaz birlik, dostluq və qardaşlıq bağının daha bir ifadəsidir. Türkiyənin Azərbaycanla əlaqələri yalnız sabitlik və sülhün qurulmasına xidmət edir. Xocalıda insanlığın gözü önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən birini törədən ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə törətdiyi vəhşiliyi, barbarlığı bütün dünya görməlidir. Bilinməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu haqlı mübarizəsində ona həmişə dəstək olacağıq.

Digər bir türk vətəndaşı Ekrem Polat isə deyir ki, bu gün Türkiyə xalqının ürəyi Azərbaycanla birgə döyünür. Moskvada qərara alınan humanitar atəşkəs anlaşmasına məhəl qoymayan düşmən çox təhlükəlidir. Necə ki, biz bunun canlı şahidiyik. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumunu, insanları, uşaqları hədəfə almasını hamılıqla qınayırıq. Bu cinayətdir və beynəlxalq hüququn açıq şəkildə pozulması faktıdır. Türkiyə bütün imkanları ilə ilk gündən etibarən Azərbaycanın haqlı mübarizəsində onun yanındadır. Münaqişə başlayandan sonra, döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, Türkiyə Prezidentinin açıqlamaları Azərbaycanın tək olmadığını göstərdi. Türkiyənin Xarici İşlər naziri “Meydanda və masada Azərbaycanın yanındayıq”, – dedi. Siz də şahidisiniz ki, Türkiyənin bütün bölgələrində, eləcə də mənim yaşadığım Sakarya şəhərində Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Bizim avtomobillərimiz, binalarımız Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilir. Bu, Azərbaycana göstərilən mənəvi dəstəyin, qardaşlığın, həmrəyliyin rəmzidir. Xalqınızın nümayiş etdirdiyi yüksək vətənpərvərlik bizi də ruhlandırır və inandırır ki, Azərbaycan bu mübarizədə qələbə çalacaq. Bir türk vətəndaşı kimi lazım gələrsə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün döyüşməyə hazıram.

Pakistanlı tələbə Nagmana Hamid universitetin Menecment ixtisasının birinci kurs tələbəsidir. Artıq iki ildir, öz ailəsi ilə birgə Naxçıvan şəhərində yaşayır. O deyir ki, bura gəlməmişdən əvvəl ölkəniz, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız haqqında internet vasitəsilə kifayət qədər məlumat toplayıb. Şəhərimizlə yaxından tanışlıqdan sonra elə burada da qalmaq istəyib. Diyarımızın təbiəti, görməli yerləri onu bu şəhərə daha da bağlayıb. Xüsusilə ona görə ki, Naxçıvan təhlükəsiz yerdir, burada istənilən vaxt sərbəst şəkildə hərəkət edə bilir və özünü güvəndə hiss edir.
Müsahibim bildirir ki, Azərbaycanın Pakistanla çox yaxın və səmimi əlaqələri vardır. Pakistanda da Azərbaycan qardaş ölkə hesab edilir. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən birincisidir. Hər iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələr davam etdirilir. İki ölkənin əməkdaşlığında hərbi-siyasi amil də mühüm rol oynayır. Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Pakistan Azərbaycana davamlı dəstək verir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlıdır və iki ölkənin qardaş olduğunun göstəricisidir. Cənab Prezidentinizin də qeyd etdiyi kimi, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətinizin, xalqınızın yanında olub, öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib. Azərbaycan da, öz növbəsində, hər zaman Pakistanın mövqeyini dəstəkləyir. Ölkəmiz Azərbaycanın öz tarixi ərazilərini bərpa etmək uğrunda ədalətli mübarizəsini müdafiə etməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb, həmçinin beynəlxalq səviyyəli bir sıra tədbirlərdə Azərbaycanı Dağlıq Qarabağ məsələsində müdafiə edib, ölkənizə qarşı erməni təcavüzünü qətiyyətlə pisləyib. Bütün bunlar bu yaxınlarda Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında da özünü birmənalı şəkildə göstərdi. Onu da qeyd etmək istəyirəm ki, dövlətlərimiz arasındakı bu cür doğma münasibətlərin nəticəsidir ki, biz qardaş ölkədə, o cümlədən Naxçıvan şəhərində özümüzü doğma ölkəmizdəki kimi hiss edirik. Burada möhkəm dostluqlar qura bilirik, xalqınızın qonaqpərvər, səmimi münasibətinin şahidi oluruq. Görünür ki, Pakistan xalqınız tərəfindən sevilən və doğma ölkədir. Mən ümidvaram ki, bu iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək, iki xalq arasında dostluq və qardaşlıq əbədi qalacaqdır.
Gənc müsahiblərimizin fikirləri Azərbaycanın haqlı mübarizəsində Pakistan və Türkiyənin mövqeyini bir daha ortaya qoydu. Necə deyərlər, dostu çətin gündə daha yaxşı tanıyırsan. Dövlətimiz və xalqımız bu şanlı, haqlı mübarizədə yanımızda olan dostları heç vaxt unutmayacaqdır...

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR