27 Oktyabr 2020, Çərşənbə axşamı

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun Xalq şairi Məmməd Arazın vətənpərvərlik lirikasına həsr olunmuş yeni monqrafiyası işıq üzü görüb. “Milli yaddaşım məhək daşı: Xalq şairi Məmməd Araz” adlanan və Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunub.

“İstiqlal” ordenli Xalq şairi Məmməd Arazın poetik yaradıcılığının, demək olar ki, böyük bir qismini xalqımızın mənəvi mədəniyyətinin təbliği, milli ruhunun tərənnümü təşkil edir. İstər şeirlərində, istərsə də poemalarında Azərbaycanın daşından vətəndaşına kimi şeirə gətirilməsi və bu zaman milli zəmin üzərində köklənən misralar şairi xalqın sevimlisinə çevirmiş, şeirləri dillər əzbəri olmuş, yaradıcılığı daim tədqiqatların əsas obyektinə çevrilmişdir.

Ramiz Qasımovun  “Milli yaddaşım məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyasında, adında da ifadə edildiyi kimi bu milli məqamların tədqiq edildiyini görə bilirik.

Xalqımızın ulu öndəri, ümummilli lider Heydər Əliyevin xalq şairi ilə görüşlərinin birində dilə gətirdiyi bu fikirlər da Məmməd Arazın hansı miqyasda yaradıcılıq diapazonuna malik olduğunu gözlər önündə canlandırmaq üçün kifayətdir: “Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür eləmək çətindir”. Müəllif öz monoqrafiyasının girişində məhz bu sözləri təqdim etməklə yaradıcı sənətkarın mənəvi xəzinəsinin mahiyyətinə diqqət çəkməyə çalışıb.

Ramiz Qasımovun yeni elmi monoqrafiyası giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitaba ön söz yazmış mərhum professor Hüseyn Həşimli də tədqiqatın əsas məziyyətlərinə diqqət çəkərək çox doğru olaraq vurğulayır ki, “Oxuyacağınız “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyası dosent Ramiz Qasımovun uzunmüddətli araşdırmalarının diqqətəlayiq bəhrəsi kimi araya-ərsəyə gəlmişdir. Belə ki, Ramiz müəllim Xalq şairi Məmməd Arazın yaradıclığını, əsrarəngiz sənət dünyasını uzun müddət ərzində müxtəlif aspektlərdən araşdırmış, bir sıra məqalələr dərc etdirmiş, bütün bunlardan sonra görkəmli söz ustadının ədəbi irsinə həsr olunmuş yeni kitabını tamamlamışdır”. Monoqrafiyanın girişində müəllif belə bir araşdırmanın ortaya çıxmasındakı səbəbləri göstərməklə yanaşı, tədqiqatının yenilik istiqamətlərini ortaya qoymuşdur.

Monoqrafiyanın birinci fəsli “Xalq şairi Məmməd Arazın yaradıcılıq qayəsi” adlanır. Fəslin adından da göründüyü kimi Ramiz Qasımov şairin yaradıcılığındakı əsas məqsədə diqqət çəkmiş, şeir və poemalarındakı qayənin açılmasına xidmət edən araşdırmalarını ətraflı şəkildə şərh edərək elmi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinin ixtiyarına vermişdir. Bu bölmədəki istər yarımbaşlıqların, istərsə də müəyyən başlıqlar altında təqdim olunan məqalələrin adları da konkret fikrə sahib olmaq baxımından əhəmiyyətlidir. Belə ki, “Xalq şairi Məmməd Arazın yaradıcılığında milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü”, “Xalq şairi  Məmməd Araz yaradıcılığında milli xarakter problemi”, “Məmməd Arazın yaradıcılığında daş obrazı və onun bədii-estetik məzmunu” kimi yarımbaşlıqlar daxilində biz həm də “Məmməd Araz yaradıcılığında Vətən mövzusu və milli istiqlal motivləri”, “Məmməd Araz yaradıcılığında Naxçıvan”, “Araz mövzusu milli istiqlal ədəbiyyatının konseptial məsələsi kimi” fərqli istiqamətli elmi yanaşmaları görürük. Başlıqlarda təqdim olunan mövzulara uyğun ətraflı və əhatəli elmi şərhlər əsaslı və sistemli nümunələr şəklində öz əksini tapıb.

Monoqrafiyanın “Məmməd Araz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı ikinci fəslində isə “Məmməd Araz yaradıcılığının mövzu-məzmun xüsusiyyətləri” araşdırılmış, “Məmməd Araz yaradıcılığında sevgi lirik tema kimi” ortalığa qoyulmuş, “Məmməd Araz yaradıcılığının fəlsəfi mahiyyəti” diqqətə çatdırılmış və “Məmməd Araz yaradıcılığının dil-üslub xüsusiyyətlərinə” nəzər yetirilmişdir. Hər bir başlıq altında şairin zəngin yaradıcılığından nümunələr əsasında ortaya qoyulan elmi təhlillər oxucular üçün də maraqlı olar və kitabı diqqətlə nəzərdən keçirən hər bir kəsin geniş fikir sahibi olması üçün təqdirəlayiq addım kimi qiymətləndirilə bilər.

Kitabın Nəticə hissəsində müəllifin gəldiyi yekun qənaətlər ümumiləşdirilmişdir. Burada diqqətimi çəkən bir nüansı xüsusilə vurğulamaq istəyərdim. Belə ki, tədqiqatın obyekti bədii yaradıcılıq nümunələri olduğu üçün araşdırmanın ümumi ruhunda da elmiliklə yanaşı bədiilik ağırlıq təşkil edir. Bu da oxucuları elmi təhlillərlə yormur, əksinə elmi faktların bədii dillə yaddaqalıcı şəkildə mənimsənilməsinə köməklik edir. Bu məqam nəticədən təqdim edəcəyimiz aşağıdakı fikirdən də aydın görünür. Müəllifin gəldiyi nəticələrdən biri belədir: “Məmməd Araz poeziyası Sözün Vətən qibləsidir. Onun əsərlərində Vətən başlıca qayə, məna və meyar zirvəsidir. “Mənim yurdum hardan başlar? Ürəyimin kandarından” deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir”.

Ümumilikdə isə dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyası istər filoloji elmi dairələrdə, istər ali təhsil müəssisələrində uyğun ixtisaslı müəllim və tələbələr, istərsə də geniş oxucu auditoriyası tərəfindən maraqla oxunacaqdır. Müəllifi yeni elmi nəşri münasibətilə təbrik edir, xalqımızın milli kimliyinin üzə çıxarılmasında rol oynayan bu cür sənətkarların ədəbi irsinin bundan sonra da öyrənilməsi, araşdırılması və ortaya qoyulması istiqamətindəki elmi fəaliyyətində uğurlar arzulayırıq.

İnanırıq ki, Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa” deyən şairin milli yaddaşın məhək daşına çevrilməsində birbaşa rol oynayan ədəbi yaradıcılığının araşdırıldığı bu monoqrafiya məmmədarazsevərlərin mənəvi kitabxanasının daimi sakininə çevriləcəkdir.   

Elxan YURDOĞLU,

AMEA Naxçıvan Bölməsi,

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Folklorşünaslıq şöbəsinin müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR