24 Oktyabr 2020, Şənbə

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

İlkin məlumata görə, sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralananlar var.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

Ermənistan tərəfinin xahişi ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilib. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edilib. Tərəflər oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 35 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR