27 Oktyabr 2020, Çərşənbə axşamı

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından 100 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncəni növbəti dəfə raket atəşinə tutub. Bununla da işğalçı Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn normalarını, habelə humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozub. Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində dağıdılan çoxmənzilli binada 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Ombudsman Aparatının mətbuat xidmətindən  bildiriblər ki, ombudsmanı Səbinə Əliyeva hadisə baş verdikdən sonra təcili olaraq Gəncə şəhərinə səfər edib və növbəti dəfə faktaraşdırıcı missiya həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində həlak olan, yaralanan, habelə mülkiyyətlərində olan əmlakın dağılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktlar yerində araşdırılıb. Bu barədə həqiqətlərin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman tərəfindən növbəti hesabat hazırlanır.

S.Əliyeva faktaraşdırıcı missiyası çərçivəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzini raket atəşinə tutması nəticəsində dağıdılmış çoxmənzilli yaşayış binalarına və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb, həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, vəziyyətlə yerində tanış olub, mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.

Bildirilib ki, təcavüzkar Ermənistanın törətdiyi növbəti hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktıdır və bu, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır.

Qeyd edək ki, müvəkkil tərəfindən beynəlxalq təşkilatlara və dünya dövlətlərinə, milli insan hüquqları təsisatlarına hadisə ilə bağlı növbəti bəyanat ünvanlanıb, işğalçı Ermənistan dövlətinin xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçməsi, bununla da Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını bir daha kobud şəkildə pozması faktı onların diqqətinə çatdırılıb.

Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, mülki əhalinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını həyat keçirməkdə davam edən işğalçı Ermənistandan insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymaq və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmaq tələb edilib.

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR