20 Oktyabr 2020, Çərşənbə axşamı

Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raketlə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz, bu xüsusda dünya xristianlarının həssas hisslərinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır. Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Birincisi, Azərbaycan Ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır. Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib.

İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməyib.

Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, aviabomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan Silahlı Qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur.

Göründüyü kimi, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır.

Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.

Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdır etmək istəyir. Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılıb.

Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirib.

Bütün dünya xristianlarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dini abidələr təyinatına uyğun olaraq bərpa olunacaq”.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR