27 Oktyabr 2020, Çərşənbə axşamı

Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəfə alınmasına dair Ermənistan XİN-in açıqlaması Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin hədəfə alınması ilə bağlı Ermənistan XİN-in açıqlamasına dair şərhində yer alıb.

 Şərhdə, həmçinin deyilir: “Otuz ilə yaxındır ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə ölkəmizin işğal olunmuş ərazilərindəki tarixi və mədəni abidələrimizin qəsdən məhv edilməsi siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncəyə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi.

Mədəni müxtəlifliyin aydın və açıq şəkildə hiss edildiyi ölkələr sırasında olan Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni soyqırımı həyata keçirən, oradakı məscidləri dağıdan və təhqir edən Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verir. Bakının mərkəzində tam təmir edilmiş və dövlətin himayəsində olan erməni Müqəddəs Qriqori Kilsəsi bu siyasətin parlaq nümunəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi komandanlığının rəsmən elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində əks-hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.

Bir daha bəyan edirik ki, Azərbaycanın mülki əhali və obyektlərinə qarşı heç bir fərq qoymadan və qeyri-mütənasib hücumlar beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə cinayətləri sayılır, bu əməllərə görə Ermənistan məsuliyyət daşıyır, eyni zamanda, bu əməllər onları törədən cinayətkarların fərdi cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır”.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR