27 Oktyabr 2020, Çərşənbə axşamı

Bu yerlərə mənim yolum çox düşüb. Necə deyərlər, ata-baba yurdum bu kənddir. Hər il yay tətilini burada təbiət qoynunda keçirərdim. Onda elimin başqa yurd yerləri kimi, bu kənd də uçuq-sökük küçələr, baxımsız yollar, köhnə  evlərdən ibarət idi. Qazançı körpüsü elə bir vəziyyətə düşmüşdü ki, onun tarixi abidə olduğuna inanmağım gəlmirdi. Kənd uşaqları ilə köhnə körpüdən keçməyə ürək etmirdik. Onun kənarında durub adətimiz üzrə Əlincə çayına daş atar, burada xalq oyunları oynayardıq.

 

Maraqlı, gözəl günləri təkrar yaşamaq üçün kəndə gələnə qədər hansı çətin mərhələlərdən keçirdik, onu bir Allah bilirdi, bir də ki, naxçıvanlılar. Saat 8-də yola düşəcək avtobusa yetişmək üçün saat 7-də evdən çıxar, bəxtimiz gətirəndə silkələnə-silkələnə ayaq üstə yolçu olar, gətirməyəndə isə kor-peşman evə qayıdardıq. İndi isə vəziyyət tamamilə dəyişilib. Vaxtında, mütəmadi gedən avtobus və digər minik maşınları bura ziyarətimizi davamlı edib. Rahat yollarda maşınların sakit hərəkətləri hətta yolboyu kitab oxumağa da imkan verir...
...Culfanın dilbər guşəsi olan Qazançı zəngin təbiəti, qədim abidələri, təbii iqlim şəraiti, zümrüd meşələri, buz bulaqları, qonaqpərvər, zəhmətkeş, sadə və genişürəkli insanları ilə həmişə seçilib. Kənd əhalisinin özünəməxsus adətləri də var. Məsələn, dağa getmək, təbii otlardan yığmaq kimi... Hər ilin aprel-may aylarında mən də dayımgilə qoşulub, üzü Böyük, Orta və Aşağı Anzır istiqamətində, yaylağa gedərdik. Füsunkar təbiətli dağların, yamacların saf bulaqlarından içər, şəfalı otları yığıb, axşamüstü at belində kəndə qayıdardıq. Bütün qohum-əqrəbanı başımıza yığıb deyib-gülər, yığdığımız naz-nemətləri aramızda bölər, kəndin adının niyə məhz Qazançı olması haqqında böyüklər arasında yarızarafat müzakirələrin şahidi olardıq. Bəziləri bu yurd yerinin adını Qazan xanın adıyla bağlayar, bəziləri də Qazan xana qədər çoxdan mövcud olduğu fikrində qalardı. Tarixi müzakirələr qədim yurd yerinin insanlarının ən çox sevdiyi peşə idi...
Həmin vaxtdan uzun illər keçib. Yolum yenə kəndimizə düşüb. Amma bu dəfə uşaqlığımı yaşamaq, oyun oynamaq üçün yox, o illərlə bu illəri müqayisə edib yazı hazırlamaq üçün gedirəm... Payız yenicə girdiyindən bu yerlər yayın hərarətli mənzərələri ilə hələ də göz oxşayır. Maşınımız irəlilədikcə yol kənarındakı ağacların arxasında məhsulu yığılmış tarlalar, əkin sahələri gözə dəyir, kəndlər görünüb yox olurdu. Əlincə qalasına doğru irəliləyir, günbatan tərəfdən qalxan günəşin şüaları ilə işıqlanan dağın uca zirvəsindən yayılan mehi ruhumla hiss edirəm. Budur, müasir döşəməli asfalt yolun üstündə dayanmışam. Bu qalanın əzəmətinin, ululuğunun, qədimliyinin, şücaətinin yanından, sadəcə, ötüb keçmək günah olardı. Məqsəd bu qaladan yazı hazırlamaq olmasa belə. Necə də qəribədir, VII-IX əsrlərə aid bir tikilinin qarşısında XXI əsrdə dayanmışam. İllərdir, durduğu yerdə əzəmətini qoruyan bu qalanın hər daşında tarixin yaddaşı var. Bu yaddaşla torpaq fədailərinin sarsılmaz mübarizəsini, tarixi qələbələrini qalanın ən uca zirvəsində neçə-neçə savaşları özündə əks etdirən təsvirlərlə əsrlər öncəyə gedib çıxır insan.
Əlincə qalasının yanından ötüb Qazançı kəndinə doğru yol alırıq. Səhərin “gözü” yenicə açılsa da, hər kəs bir işlə məşğuldur. İşə tələsənlər, əkin-biçinlə məşğul olanlar, örüşlərə yayılan sürülər, bir sözlə, adamın əhval-ruhiyyəsini lap yüksəldir. Kəndin yolu o qədər gözəl və müasir görkəm alıb ki, sanki ucqar dağ kəndinə gəlməmişik, elə şəhərin içindəyik. Tarixiliyini də müasir görkəmində qoruyan kənd ­haqqında ziyalı Hüseyn Əliyevlə maraqlı söhbətimiz baş tutur, söhbət əsnasında bəzi məqamlar ortaya çıxır. Zamanında Qazançı kənd məktəbinin tarix müəllimi işləyən 70 yaşlı ağsaqqal bildirir ki, kəndin tarixi haqqında müxtəlif məlumatlar var. Həmin məlumatlarda bizim eramızdan əvvəl I minilliyə aid olan Qazançı qalası haqqında bəhs olunur. Qazançı qədim sənətkarlıq, dulusçuluq mərkəzi kimi şöhrət qazanıb. Kənd əhalisinin dulusçuluq, xalçaçılıq, dəmirçilik sahələri ötən minilliyin sənət sevdasından xəbər verir. O zaman buradan İpək Yolunun keçməsi təsadüfi deyildi. Ləkətağ, Teyvaz, Ərəfsə, Nəhəcir, Boyəhməd kimi kəndlərin əhalisinin çörəyə, ərzağa, ipək məmulatlarına olan tələbatını ödəmək üçün Ordubaddan Qazançı körpüsü ilə əlaqələr qurulurdu. Ordubadda yarmarkalar təşkil olunur, burada metal məmulatlar, küplər, bəzək əşyaları satılıb xeyli gəlir əldə edilirdi.
Araşdırmağa ehtiyac duyulan Şəvə dərəsində olmuş 3 yaşayış məskənini bizə göstərən tarix müəllimi vurğulayır ki, cənub hissədə əkinəyararlı, sulu yerlərdə isə insanlar məskən salıblar. Kəndin 300-400 metr məsafəsində, şərq tərəfdən insan məskəninin qalıqları qalır. Bu da onu deməyə əsas verir ki, insanlar burada yaşayıb, əkinçiliklə məşğul olub, tələbatlarını öz vadilərinin hesabına ödəyiblər. Həmçinin qərbdən 200 metr məsafədə el arasında “Şeyxməhəmmədin gölü”adı ilə bilinən göldən aşağıda, Göynüyə gedən yolun cənub tərəfində Şiştəpədə bənd salınıb ki, bu bəndin tikintisində saxsı borulardan istifadə edilib. Həmin saxsı boruları da nəzərə alsaq, bu yerlərin qədimliyinin neçə əsr əvvəllərə getdiyini deyə bilərik. Qara Güney, Qara Molla, Buzxana, Dingədaş, Ballı qayalarla əhatə olunan bu tarixi məskəni araşdırdıqca yeni-yeni izlərə rast gəlirsən, – deyən Həsən müəllim Vallı qayası ilə Köm Söyüd ərazisinin üstündə bir qrup qəbilənin yaşadığını və Əmir Teymurun yürüşü zamanı kəşfiyyat xarakterli məlumatları yerli əhaliyə çatdırdığını qeyd edir. Sonradan qəbilədən xəbər tutan Əmir Teymur bu tayfanın bir qismini və yaşayış yerlərini məhv etmişdir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri Firudin Rzayevin “Naxçıvan makro­toponimlərinin linqvistik xüsusiyyətləri” kitabında burada yaşayan tayfalar haqqında geniş məlumat verilir. Müəllif yazır ki, bu ərazilərdə yaşamış tayfalar qədim kassi türklərindən, onların varisləri bolqarların qazan boyundan gəlmişlər.
Tarixi qədim və maraqlı faktlarla zəngin olan bu yurd yerinin ən gözəl tarixi-mədəniyyət nümunəsi isə XVII əsrə aid, el arasında daş körpü adı ilə tanınan Qazançı körpüsüdür. Strateji cəhətdən çox mühüm olan körpü orta əsrlərdə həm ipəkçiliyin inkişafı, həm də gediş-gəlişin təmin olunmasında olduqca əhəmiyyətli rol oynayır. Vurğulayaq ki, birtağlı körpünün tikintisində müxtəlif həcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilib. Böyük İpək Yolunun üzərində yerləşən bu körpüdən vaxtilə Qazançıdan şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55, uzunluğu 10,85, hündürlüyü isə 8,8 metrdir.
Diyarımızdakı bütün tarixi abidələr kimi, bu körpü də bərpa olunub, 30 noyabr 2018-ci ildə istifadəyə verilib. Körpünün yükdaşıyan dağ hissəsinin aşınmış daşları dəyişdirilib, daşların arası təmizlənərək əhəng məhlulu ilə bərkidilib. Şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə, körpünün uzunluğu 50 metrə çatıb. Ətrafda 120 metr sahilbərkitmə işləri görülüb, 50 metr dəmir betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənib.
Zəhmətkeş kənd əhalisinin bugünkü yaşayış səviyyəsi, məşğuliyyəti barədə ətraflı məlumatı isə Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Aslanovdan öyrəndik. O bu qədim yurd yerində aparılmış genişmiqyaslı quruculuq tədbirləri barədə danışaraq bildirdi: – Bu gün ucqar yaşayış məntəqəsi olan Qazançı abad kənd­lər sırasındadır. Bu, əhalinin rifah halının yaxşılaşdırılmasının və insan amilinə verilən ən yüksək dəyərin bariz nümunəsidir. Dövlət qayğısı ilə 30 noyabr 2018-ci ildə 216 yerlik 3 mərtəbəli, müasir standartlara cavab verən məktəb binası, kənd mərkəzi, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş 12 otaqdan ibarət müasir həkim ambulatoriyası, xidmət mərkəzi və mərasim evi istifadəyə verilib. Sosial obyektlərlə yanaşı, yol infrastrukturu da diqqət mərkəzində saxlanılıb, kənddaxili yollar yenidən qurulub, 5300 metr yola asfalt örtük salınıb, 8900 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib. Aparılan genişmiqyaslı quruculuq işlərinin davamı olaraq 94 su keçidi qoyulub, 2266 metrlik beton kanal çəkilib. Həmçinin 300 metr yeni içməli su xətti çəkilib və bulaq tikilib. 650 metr yüksəkgərginlikli elektrik xətti həyətyanı sahələrdən çıxarılaraq təhlükəsiz əraziyə köçürülüb.
Yaradılan şərait gündəlik həyatlarına şəhər rahatlığı gətirən əhalinin əsas məşğuliyyəti təsərrüfat və maldar­lıqdır. Ötən il 300 hektarda payızlıq taxıl əkilib ki, onun 15 hektarı arpa, qalanı isə buğda olub. Əlavə olaraq 2 hektarda tərəvəz, 2 hektarda yazlıq arpa, 0,2 hektar ərazidə isə yerfıstığı əkilib. Kənddə arıçılığa da maraq böyükdür. Belə ki, 750 arı ailəsi dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğının nümunəsi kimi kənd adamlarının rifah halının daha da yaxşılaşmasında xüsusi rola malikdir. Gəlirli və münbit şəraitin mövcud olması burada maldarlığın da inkişafında əhəmiyyətlidir. Hazırda kənddə 600 başdan artıq iribuynuzlu heyvan saxlanılır.
Muxtar respublikamızda ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm qərarlar qəbul edilir, ehtiyacı olan və uzunömürlü ailələrə dövlətin maddi­-mənəvi dəstəyi göstərilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, 2018-ci il 31 yanvar tarixdə uzun­ömürlü ailələrdən olan Rəhimovlar ailəsinin 70 illik yubiley mərasimi yüksək təntənə ilə qeyd edilib.
Zamanın geridə qoyduğumuz qayğılı illərinin törətdiyi çətinliklər, əhalinin maddi rifah halının pisləşməsi, iqtisadiyyatın və kənd təsərrüfatının tənəzzülü, söz-söhbətli, yalnız şəraitsizliklərdən ibarət bir yurd yeri bu gün rahat və geniş yolları, küçələri, təsərrüfatla məşğul olub gəlir qazanan əhalisinin xoş güzəranı ilə qürur duyur.

Qədim yurd yeri ilə xoş təəssüratlarla vidalaşıb, yol kənarındakı buz kimi sərin bulağından su içib geri qayıdırıq. Yolboyu uzanan ­yaşıllıqlar, gözəllikləri seyr etdikcə yalnız düşüncələrim dilə gəlir: Tarixi, minillik abidələri, qədim yaşayış məskənləri, təmiz havası, suyu, müalicəvi bitkiləri, qiymətli yeraltı və yerüstü sərvətləri olan, hərtərəfli qayğı ilə əhatə edilən bu yurd yerində yaşamaq böyük xoşbəxtlikdir.

Türkan HÜSEYNLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR