27 Oktyabr 2020, Çərşənbə axşamı

Ordu bir ölkənin müdafiə təhlükəsizliyinin təminatı üçün ən məsul qurumdur. Təcrübə sübut edir ki, ordusu olmayan və ya zəif olan ölkə daim tarixin müxtəlif sınaqlarına, çətinliklərinə məruz qalıb. Azərbaycan da ötən əsrin sonlarında bu cür acı həqiqətlərlə üz-üzə qalmışdı. Sovetlər Birliyinin dağılması ilə Vətənimizin ərazi bütövlüyünə edilən təcavüz nəticəsində torpaqlarımızı itirdik. Nizami ordu birləşmələrinin, həmçinin vahid komandanlığın olmaması ölkəmizin iyirmi faizə qədər torpaqlarının işğal olunması ilə nəticələndi. 

Bu gün isə tarix tamamilə başqa bir mənzərəni ortaya qoyur. Ötən illər ərzində Azərbaycanın iqtisadi qüdrətinin ciddi şəkildə artması, beynəlxalq nüfuzunun genişlənməsi Silahlı Qüvvələrimizin də inkişafına öz təsirini göstərib. Ordumuzun dünyanın ən müasir hərbi-texniki vasitələrlə komplektləşdirilməsi, şəxsi heyətin ənənəvi döyüş metodlarından fərqli olaraq müasir əməliyyat taktikalarına yiyələnməsi indi hərbi gücümüzdən daha operativ və mükəmməl şəkildə istifadə etməyə imkan verir. İstər 2016-cı ilin Aprel, istər 2018-ci ilin Günnüt zəfərləri bu gücün çox az bir qismindən istifadə olunmaqla qazanılsa da, Silahlı Qüvvələrimizin taktiki döyüş bacarıqları 2020-ci il sentyabrın 27-dən sonra daha aydın görünür. Qeyd olunan tarixdən başlayan döyüş əməliyyatları əvvəlkilərdən həm də ona görə fərqlənir ki, Azərbaycan Ordusu bundan əvvəlki döyüş mövqelərində, adətən, eskalasiyanın genişlənməməsinə və bununla da sülh danışıqlarına arxa çevirməməyə çalışırdı. Lakin düşmən öz mənfur hərəkətləri ilə bütün bunlara müsbət yanaşmadığından və Azərbaycanla güc yolu ilə danışmağa cəhd etdiyindən növbəti əməliyyatlar Ali Baş Komandanın əmri ilə bütün cəbhə xətti boyu, həm də hücum taktikası tətbiq edilməklə başlandı. Artıq Azərbaycan Ordusu hər gün irəliyə doğru hərəkət edərək düşmənin hərbi hədəflərinə sarsıdıcı zərbələr endirir, atəş nöqtələrini susdurur və nəticədə, öz ərazi bütövlüyünü addım-addım bərpa edir.

Ordumuz öz ərazisindəki döyüş meydanında ilk olaraq erməni tərəfinin 30 ildir, özü üçün təlqin etdiyi “güclü erməni ordusu” mifini dağıtdı. İndi Azərbaycan Ordusu səngərə və hərbi texnikalara zincirlənmiş erməni əsgərlərindən, döyüş postlarını buraxıb üzü Ermənistana tərəf qaçan erməni hərbçilərindən və böyük əksəriyyəti köhnəlmiş hərbi-texniki vasitələrdən təşkil olunmuş erməni ordusunun qarşılaşdığı aqibəti bütün dünyaya nümayiş etdirməkdədir. Həm də nəzərə alsaq, bu “topdağıtmaz” erməni ordusunun arxasında qapı-qapı gəzilərək toplanmış ianələr dayanır, o zaman mənzərə hamımıza bir daha aydın olur.
Azərbaycan Ordusu isə bunun tam əksinə olaraq bu gün ən müasir yerli və dünyanın qabaqcıl ordularında istismar olunan hərbi texnika və döyüş sursatlarına malikdir. Lakin müharibələri təkcə texniki vasitələr yox, həm də şəxsi heyətin döyüş ruhu, yenilməzliyi, xalqla həmrəyliyi qazandırır. Bu gün Azərbaycan əsgəri haqq yolunda, öz dədə-baba torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşür. Bu müqəddəs yolda ordumuzun arxalandığı ən böyük güc isə xalqımız və onun qətiyyətli rəhbəri Ali Baş Komandandır. Xalq-ordu həmrəyliyinin gücü onunla ölçülür ki, ordumuz bu mübarizədə onu dəstəkləyən xalqımızdan mənəvi güc alır. Əsgərlərimiz bilir ki, onların arxasında Azərbaycan xalqı və dövləti var. O xalq ki, igid oğullarının sayəsində hər zaman tarixi yenidən yazıb, özünün mövcudluğunu, müstəqilliyini bütün dünyaya tanıdıb, tək yumruq olduğunu dəfələrlə sübut edib. Elə buna görədir ki, ordumuzun Vətən torpaqları uğrunda bu mübarizəsində xalqımız bir nəfərtək Silahlı Qüvvələrimizi dəstəkləyir, onu böyük qələbəyə ruhlandırır. Xalq-ordu birliyinin gözəl nümunələrinə indi hər gün, həm də ölkəmizin bütün regionlarında rast gəlmək mümkündür. Müxtəlif yaş kateqoriyalarından olan insanların könüllü olaraq səfərbərlik üçün müraciətləri, sahibkarlar, dövlət qulluqçuları və cəmiyyətin digər təbəqələrindən olan insanlar tərəfindən ordumuza müxtəlif yardımlar edilir. Ona görə yox ki, ordumuzun bu yardımlara ehtiyacı var. Ona görə ki, xalqımız bu cür nümunələrlə ordumuzun yanında olduğunu göstərir və bu, həmrəyliyimizi daha da gücləndirir, müqəddəsləşdirir. Məhz bu birlik bizi yeni qələbələrə səsləyir!
Başını dik tut, Vətən! Tezliklə bütün işğal altında olan torpaqların üçrəngli bayrağına bürünəcək, Ağdamda, Şuşada, Kəlbəcərdə, Xankəndidə yüksələn zəfər sədaları həsrətinə son qoyaraq bu birliyin sevincini bütün dünyaya yayacaqdır!

- Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR