21 Oktyabr 2020, Çərşənbə

   Bu gün Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan bütün vəzifələrin uğurlu icrası, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, vaxtında aparılan lazımi islahatlar, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublikamız miqrantlar üçün yaşamaq və işləməyin əlverişli olduğu bir məkana çevrilib. Haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazələrinin verilməsi, qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantların hüquqlarının mütləq sürətdə qorunması, qanunsuz fəaliyyət göstərənlərlə bağlı lazımi tədbirlər isə uğurla icra olunmaqdadır. Bu baxımdan da əcnəbi və vətəndaşlığı olmayan şəxslərin əmək miqrasiyası günümüz üçün aktual mövzulardan hesab olunur.

          Bəs əcnəbi və vətəndaşlığı olmayan şəxslərin əmək miqrasiyası hansı qanunvericiliklə və necə tənzimlənir, əmək miqrasiyası kvotası nədir? – Bu və bunun kimi digər maraqlı mövzuları qonaqlarımızla ətraflı müzakirə edəcəyik.

          Mövzumuzla bağlı suallarımızı Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Təhminə Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Aygül Məmmədzadə və muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı Kənan Koçyiğit cavablandıracaq.

 - Hər birinizi salamlayıram. Təhminə xanım, istərdim, ilk öncə, sizinlə başalayaq. Məlum olduğu kimi miqrasiyanın bir çox səbəbləri və növləri vardır. Bunlardan biri də hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda geniş yayılan əmək miqrasiyasıdır. Biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılması, yeni iş yerlərinin, sosial obyektlərin açılışı, infrastruktur layihələrin yenilənməsi nəticəsində Naxçıvan Muxtar Respublikasına xarici investorların marağı və əməkçi miqrantların axını ilbəil artmaqdadır. Bəs əcnəbi və vətəndaşlığı olmayan şəxslərin əmək miqrasiyası qanunvericiliklə necə tənzimlənir? Zəhmət olmazsa, bu barədə oxucularımıza məlumat verin.

          Təhminə Məmmədova: Əvvəlcə onu bildirim ki,çox qədim və mürəkkəb sosial proses olan miqrasiya ayrı-ayrı bölgələrin və ölkələrin sosial-iqtisadi inkişaf səviyyələri, eyni zamanda siyasi və mənəvi amilləri ilə sıx bağlıdır.

          Məlum olduğu kimi dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. İstərdim əmək miqrasiyasının mahiyyəti barədə qısa olaraq oxucularımıza məlumat verim. Qanunvericiliyə əsasən əmək miqrasiyası dedikdə fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış yerini dəyişməsi başa düşülür. Yəni ki, ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iş icazəsinin tələb olunmadığı hallar istisna olmaqla Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qayda və şərtlərlə  onu işə cəlb edən hüquqi və ya fiziki şəxslər vasitəsilə iş icazəsi aldıqdan sonra əmək fəaliyyəti ilə məşğul ola bilərlər. İş icazələrinin verilməsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən hər il üçün təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.        

- Aygül xanım, bildiyiniz kimi, iş icazələrinin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olan müraciətlər barəsində müvafiq məlumatlar rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Bəs əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi ilə bağlı sorğulara rəy verilərkən hansı şərtlər əsas götürülür?

          Aygül Məmmədzadə: Dövlət Miqrasiya Xidmətindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilməsinin mümkünlüyünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yoxlanılması və bununla bağlı rəy verilməsi məqsədi ilə işəgötürən tərəfindən təqdim edilən sənədləri daxil olduqda, müraciətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılır və işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı rəy verilir. İlk növbədə işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkünlüyünü yoxlamaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin peşəsi və ixtisasına uyğun olan və işaxtaran kimi qeydiyyata alınan Azərbaycan Respublikası vətəndaşının olub-olmaması müəyyənləşdirilir. Əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə eyni peşə və ixtisasa malik məşğulluq xidməti orqanlarında işaxtaran qeydiyyatda olarsa, Dövlət Miqrasiya Xidmətinə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilməsinin mümkün olmadığına dair rəy verilir. Əgər məşğulluq xidməti orqanlarında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə eyni peşə və ixtisasa malik işaxtaran qeydiyyatda olmazsa, o zaman Dövlət Miqrasiya Xidmətinə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilməsinin mümkün olduğuna dair rəy göndərilir. Muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işləyəcəyi vəzifə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən hər il üçün təsdiq edilən əmək miqrasiyası kvotasında nəzərdə tutulmuş iqtisadi fəaliyyət növlərinə uyğun olmalıdır. 

- Aygül xanım, əmək miqrasiyası kvotası dedikdə nə nəzərdə tutulur?Zəhmət olmazsa, bu barədə oxucularımıza məlumat verin. 

          Aygül Məmmədzadə: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində də qeyd olunduğu kimi, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən olunmuş qaydada iş icazəsi almalıdır. Muxtar respublikada iş icazəsinin verilməsi isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 30 sentyabr 2010-cu il tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nı təsdiq edib. Qaydaya uyğun olaraq hər ilin əvvəlində əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi üçün muxtar respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər “xarici işçi qüvvəsinə olan tələbat haqqında proqnoz məlumat” hazırlayırlar. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hazırlanmış proqnozlar əsasında növbəti il üçün əmək miqrasiyası kvotasını təsdiq edir.

- Hesab edirəm ki, növbəti sualım daha çox əcnəbi və vətəndaşlığı olmayan şəxsləri, həmçinin işəgötürən fiziki və hüquqi şəxsləri maraqlandırır. Təhminə xanım, əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə, onun üçün yeni iş icazəsi alınırmı? 

          Təhminə Məmmədova: Diqqətinizə çatdırım ki,qanunvericiliyə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə, onun üçün yeni iş icazəsi mütləq alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili, yəni  birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır.

Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.

Həmçinin onu da qeyd edim ki, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.

-Biraz əvvəl də vurğulandığı kimi bu gün muxtar respublikanın mövcud potensial imkanları sayəsində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının sayı hər ötən il artan templə inkişaf edir. Kənan bəy, artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikasında həm yaşayır, həm də əmək fəaliyyəti ilə məşğul olursunuz. Təbii ki, bu prosedurun həyata keçirilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq icazələrlə təmin olunmusunuz...

          Kənan Koçyiğit: Əvvəlcə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə əcnəbilərə göstərdiyi diqqət və qayğıya görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada əcnəbilərə, o cümlədən Türkiyə vətəndaşlarına qarşı o qədər həssaslıqla yanaşılır ki, sanki öz ölkəmizdə, vətənimizdəyik.

          Artıq 2 ildir ki, Naxçıvan Muxtar Respublikasında həm yaşayır, həm də əmək fəaliyyəti ilə məşğul oluram. Bildiyiniz kimi, bu gün başqa bir ölkəyə və yaxud şəhərə müxtəlif məqsədlərlə səyahət edərkən, ilk növbədə, təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, muxtar respublikada təhlükəsizliklə bağlı heç bir problem və narahtlıq doğuran məsələ yoxdur. Məsələn, burada ailənizlə bərabər günün istənilən saatı hər hansı bir ünvana rahatlıqla gedə, kafelərdə, əyləncə mərkəzlərində və müxtəlif turizm obyektlərində gözəl vaxt keçirə bilərsiniz. Yaxşı xatırlayıram, Naxçıvan Muxtar Respublikasına gəldiyim zaman burada diqqətimi cəlb edən ilk şey şəhərin ümumi mənzərəsi və görünüşü olmuşdu. Küçələr geniş və təmiz, tanış olduğum insanlar isə səmimi və gülərüz idi.

          İlk növbədə, təbii ki, burada yaşamaq, sonra isə əmək fəaliyyəti ilə məşğul olmağım üçün müvafiq icazələr lazım idi. Bilirdim ki, Naxçıvan Muxtar Respublikasında qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu səbəbdən muxtar respublikaya gələrkən, ilk öncə, Dövlət Miqrasiya Xidmətinə üz tutdum. Əvvəlcə bu proseslərin çətin və bir o qədər də yorucu olacağını düşünürdüm. Ancaq gözlədiyimdən fərqli oldu. Qısa müddətdə tələb olunan sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etdim. Sonra müvafiq icazə ilə təmin olundum. Xidmətin kollektivi çox səmimi və mehriban idi.

          Bu gün yenə də yalnız sənədləşmə işləri ilə bağlı deyil, yarana biləcək istənilən çətinlik qarşısında rahatlıqla Dövlət Miqrasiya Xidmətinə müraciət edirəm. 

-Bu gün Naxçıvan Muxtar Respublikasının tarixi və mədəniyyətinin təbliğində şübhəsiz ki, əcnəbilərin də rolu böyükdür. Ancaq təbliğat aparmaq üçün gərək, ilk növbədə,  özün o tarixi, mədəniyyəti öyrənəsən, tanıyasan və yaxşı biləsən. Siz necə, burada olduğunuz müddətdə muxtar respublikamızla yaxından tanış ola bilmisinizmi?

          Kənan Koçyiğit: Burada olduğum müddətdə şahidi oldum ki, muxtar respublikanın zəngin tarixi və mədəniyyətini öyrənmək üçün çox geniş imkanlar yaradılıb. Artıq Naxçıvan və naxçıvanlılar haqqında kifayət qədər məlumatım var. Ümumiyyətlə səyahət etməyi çox xoşlayıram. Bir neçə dəfə Avropanın müxtəlif ölkələrində və şəhərlərində olmuşam. Əminliklə deyə bilərim ki, bu qədim, eyni zamanda müasir diyar inkişaf tempinə görə Avropanın aparıcı şəhərlərlərindən heç də geridə qalmır. 

          Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri sayəsində Naxçıvanın bir çox yerlərində olmuşam və muxtar respublika haqqında kifayət qədər məlumata sahibəm. Xidmət tərəfindən bizim üçün mütəmadi olaraq muxtar respublikanın müxtəlif muzeylərinə və turizm məkanlarına ekskursiyalar təşkil olunur.  

          Ötən il Əshabi-Kəhf və Duzdağ Fizioterapiya Mərkəzində olduq. Etiraf etməliyəm ki, Duzdağdakı Fizioterapiya Mərkəzindən çox təsirləndim. İnanıram ki, tədbirdə iştirak edən digər əcnəbilər də oradakı təbii möcüzəni və cazibədarlığı heç vaxt unutmayacaqlar. Sonuncu tədbirdə isə biz Heydər Əliyev Muzeyini ziyarət etdik. Naxçıvan Muxtar Respublikasına gəldiyimdən bəri muzeyi ziyarət etmə fürsətim olmamışdı. Orada dahi şəxsiyyət Heydər Əliyevin həyatı və gördüyü işlərin sanki canlı şahidi oldum. Muzeyin böyüklüyü və möhtəşəmliyi məni çox heyrətləndirdi.

          Bundan sonra da muxtar respublikanın qədim tarixi və mədəniyyəti, eyni zamanda milli adət-ənənələri ilə yaxından tanış olmaq arzusundayam.

 

-Maraqlı müsahibə üçün hər birinizə təşəkkür edirəm.

 

Hazırladı: Arif BAYRAMOV

Dövlət Miqrasiya Xidmətinin

mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR