21 Oktyabr 2020, Çərşənbə

 

Ermənilər bölgəni kütləvi tərk edirlər

Azərbaycan Ordusunun ən qısa zamanda işğal altındakı ərazilərimizi azad etmək iqtidarında olmasını bütün dünya davam edən döyüşlərin gedişatında aydın görməkdədir. Bunu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyində təmsil olunanlar da görür və atəşkəsə nail olmaq üçün aciz şəkildə beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlət rəhbərlərinə yalvarırlar.

Cəbhədəki döyüşlər isə gündən-günə Ermənistana baha başa gəlməkdədir. Ölkəni həm də böyük köç dalğası bürüyüb. KİV-in məlumatına görə, son 10 gün ərzində Qarabağdan Ermənistana köç edənlərin sayı on minlərlədir.

Azərbaycan inkişafda, biz isə geriləməkdəyik.

Rusiyanın "znak.com” saytı xəbər verir ki, ermənilərin Azərbaycanın işğal edilən torpaqlarından qaçışı davam edir, daha aktiv köç Xankəndidə müşahidə edilir. Vurğulanır ki, Qarabağdakı ermənilər birbaşa Ermənistana - paytaxt Yerevana və Gorusa üz tuturlar. Artıq şəhərdəki bütün mehmanxanalar Qarabağdan gələnlərlə dolub.

"4rd.am” saytının Xankəndiyə ezam olunan xüsusi müxbiri yazır ki, vəziyyət olduqca ağırdır. Şəhərdə nadir hallarda adamla rastlaşmaq olar. Bütün mağazalar bağlıdır, ərzaq yoxdur: "Qaldığımız mehmanxananın yaxınlığında yaşayış binası var. Sakinlərlə söhbət etmək üçün zirzəmiyə düşdüm. Onlardan Ovik Baqdasaryan dedi ki, 30 ildən sonra biz özümüzə sual verməliyik: Qarabağ biz ermənilərin nəyinə lazımdır? Bir xeyir belə görməmişik. Əksinə, həmişə ziyanını çəkirik. Oturub zirzəmidə sonumuzu gözləyirik. Rütubətdən insanlar artıq xəstəlik tapıb. Qarabağ məsələsinə görə bölgədə rahat yaşaya bilmirik. İqtisadi cəhətdən ölkəmiz uçuruma yuvarlanır. Paşinyanın siyasəti bu gün Ermənistanı hər şeydən məhrum edib. Düşmən olsa da, düzünü demək lazımdır. Azərbaycan inkişafda, biz isə geriləməkdəyik. Xankəndiyə çatmaqlarına bəlkə də saatlar qalıb. Bizə bu əziyyət lazımdırmı? Lənət olsun belə rəhbərə, bu cür yaşayışa...”

Xankəndidə həyat tam sönüb

"İravnuk” qəzeti yazır ki, Xankəndidə həyat ölüb. Hər gün avtobuslarla minlərlə insan buradan qaçır. Ermənistanın paytaxtı Yerevanda və digər şəhərlərdə qohumları, tanışları olmayanlar isə acı sonluğu gözləyirlər. Həmsöhbət olduğumuz insanlar deyirlər ki, Paşinyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız Artsaxdan (Qarabağ-red.) qaçırlar. Onun rəhbərliyi altında erməniləri parlaq gələcək yox, tam məhvolma gözləyir.

Müəllif onu da qeyd edir ki, qurumun "rəhbəri” A.Arutyunyanın hər gün cəbhəyə baş çəkdiyi bildirilir. Lakin onun saxta təbliğatı artıq sıravi erməniləri bezdirib. "Böyük iş olub, yalançı rəhbər hər gün cəbhədə olur. Onu hansısa hərbi hissədə görən olub? Qorxusundan xalqın arasına çıxmır. Vaxt var idi Paşinyan kimi onu da küçələrdən yığmaq olmurdu” deyə onlar bildirirlər.

"Biz uduzuruq...”

"Joxovurd” qəzetinin Xankəndiyə ezam olunmuş əməkdaşı hazırladığı reportajda Miqran Markaryan adlı sakinin fikirlərini olduğu kimi oxuculara çatdırıb. Sakin cibindən müharibədə bu günlərdə həlak olmuş qardaşı oğlunun şəklini çıxardaraq nümayiş etdirib və deyib: "Bilirik ki, Azərbaycanda Artsaxdakı proseslər çox maraqla izlənilir. Ona görə də, həqiqəti söyləyirik. Paşinyan nə qədər yalan desə də, həqiqət budur: biz uduzuruq. Artıq Qarabağdan qaçırıq. Acı etiraf olsa da, deməliyik ki, Azərbaycan Qarabağı tam tutacaq. Sosial şəbəkələrdən də izləyirik. Azərbaycanlılar Prezidentləri ilə fəxr edirlər. Biz isə Paşinyana, Arutyunyana görə utanırıq. Oturub sonumuzun nə vaxt çatacağını gözləyirik”.

"Azərbaycan Ordusu Şuşaya kimi gələcək”

"Qraparak” qəzeti yazır ki, Qarabağda yaşayan ermənilər əvvəlkindən fərqli olaraq gördüklərini açıq şəkildə etiraf etməkdən artıq çəkinmirlər. Görünən həm də budur ki, onlar uduzduqlarını qəbul edirlər. Nəşr yazır ki, müharibə hamıda böyük qorxu yaradıb. Erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmaları əlavə şərhə ehtiyac yaratmır.

1990-cı illərin əvvələrində Qarabağdakı döyüşlərdə iştirak edən veteranlardan Vardan Qasparyan deyib ki, orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik: "Bunun ən böyük səbəbkarı hakimiyyətdir. Orduda korrupsiya, ölüm halları durmadan artır. Bu yaxınlarda cəbhə xəttində qulluq edən bir qohumum vəziyyətin çox acınacaqlı olduğunu bildirdi. Onların səngərinə günlərlə yemək, su getmir. Deyir ki, bu postu azərbaycanlılar gəlib tutsa, onları öldürsə, heç bir həftə Ermənistanda qərargahın xəbəri olmaz. Davam edən müharibə və onun nəticələri Azərbaycan Ordusunun Şuşaya kimi rahat gələcəyini göstərir. Orduya çağırışdan yayınan əsgərlərin sayının durmadan artması isə acı reallıqdır. Biz deyilənlərə yox, gördüklərimizə inanırıq”.

 

Elçin Cəfərov

"Azərbaycan”

 

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR