24 Oktyabr 2020, Şənbə

Azərbaycan Ordusunun qazandığı hərbi nailiyyətlər Ermənistandakı acınacaqlı vəziyyəti daha da gərginləşdirib. Ermənistan hökumətinin yanlış informasiyalarla cəmiyyəti aldatmaq cəhdləri isə ölkənin siyasi rəhbərliyinin öz maraqları naminə erməni xalqını qurban verməsi kimi başa düşülür. Paşinyanın səsləndirdiyi son fikirlər göstərir ki, o, hələ də xəyalpərəst ideyalarından əl çəkmir. Lakin o unudur ki, artıq hər hansı informasiyanı gizlətmək, onu yanlış formada təqdim etmək müasir dünyamızda, demək olar, mümkünsüzdür.

Küçələrdə pafoslu çıxışlar etməklə Paşinyan elə düşünürdü ki, siyasət meydanında da bu cür fikirlərlə uğur qazanacaq. Amma görünən odur ki, hələ də həqiqəti anlamır və özünün qeyri-ciddi obrazını qoruyub saxlamaqda iddialıdır. Bu, onun BBC-nin müxbiri Conah Fişerə son müsahibəsində bir daha özünü göstərdi.

Erməni dilində danışmaq da Paşinyanın köməyinə çatmadı

Bir müddət əvvəl BBC-nin “HARDTalk” proqramında zəif ingiliscəsi ilə özünü biabır edən Paşinyan bu dəfə vəziyyətdən çıxış yolunu erməni dilində danışmaqda gördü. Lakin dəyişən yalnız elə bu oldu. Bütün müsahibə müddətində o, yenə nə dərəcədə sərsəm olduğunu ortaya qoydu.

Müsahibənin əvvəlində N.Paşinyanın “Bəli “Artsax” Ermənistandır və erməni torpağıdır. Orada hər zaman əhalinin 80 faizi erməni olub” deməsi onun əsl mahiyyətini bir daha göstərdi. Paşinyan anlamır ki, bu gün Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmək üçün mübarizə aparır. Azərbaycanın xalq-prezident birliyinə əsaslanan mövqeyinin də ciddi tarixi kökləri var. Biz ermənilər kimi, saxta, heç bir tarixi fakta istinad etməyən iddialar irəli sürmürük. Qarabağın tarixi toponimləri, mövcud abidələr, məbədlər göstərir ki, bu ərazi qədim Azərbaycan torpağıdır. Azərbaycan xalqı tarixi ədalətin bərqərar olması üçün mübarizə aparır. Bu, həqiqətdir və bunu Ermənistan rəhbərliyindən başqa hər kəs qəbul edir.

Danışıqlar prosesini pozan Paşinyan beynəlxalq hüququ tapdalamaqda davam edir

Conah Fişer “Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız”, - deyə Paşinyana müraciət edərək əslində beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı mövqeyini bir daha onun diqqətinə çatdırmış oldu. Müsahibənin əvvəlində “Bəli “Artsax” Ermənistandır və erməni torpağıdır”, - deyən Paşinyan bir neçə dəqiqə sonra guya danışıqlara hazır olduqlarını bildirir. Bu cür fikirləri bir ölkəni idarə edən şəxsin səsləndirməsi yalnız gülünc doğurur. Sanki Paşinyan ucqar bir kəndə oturub və hadisələrin gedişindən tam xəbərsizdir. Başa düşmür ki, indi baş verənlər, erməni hərbiçilərinin, texnikasının məhv edilməsi məhz onun bu cür təxribatçı, sərsəm bəyanatlarının nəticəsidir. Əgər o, danışıqlar prosesinə, beynəlxalq hüququn normalarına sadiqlik nümayiş etdirsəydi, ordusunu torpaqlarımızdan geri çəksəydi həm özünü, həm də xalqını bu böhrandan çıxarmış olardı.

Müxbirin “Beynəlxalq hüquqa görə, 20 ildən çoxdur ki, Ermənistan Dağlıq-Qarabağ və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal etmişdir” sualı qarşısında aciz qalan Paşinyan sualın mahiyyətindən yayınmağa cəhd göstərdi. Conah Fişerin növbəti sualını isə Paşinyanın və Ermənistanın ifşası kimi qiymətləndirmək olar. “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var. Lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”. Belə görünür ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin heç birinin mətni ilə tanış deyil. Bunu onun müxbirin sualına cavabına əsasən demək olur. Birincisi, Paşinyan cavabında “BMT Baş Assambleyasının qətnamələri” deyir, halbuki söhbət BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdən gedir. Bir ölkənin hökumət başçısının, ağlı başında olan siyasətçinin belə bir səhv etməyə haqqı yoxdur. Digər tərəfdən, Paşinyan deyir ki, o qətnamələrdə Ermənistanın haranısa işğal etdiyi yazılmır. Qətnamələrin hər birində erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi tələb olunur. Bu ifadə qətnamələrin hər birində açıq şəkildə ifadə edilib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi də məhz bu qətnamələrin yerinə yetirilməsinə hesablanıb. Paşinyanın heç bir sənəddə təsbit edilməyən mövqeyi isə tam əsassızdır və bu, beynəlxalq hüququn tapdanmasıdır.

Təəssüf ki, ötən müddət ərzində beynəlxalq ictimaiyyət də bu məsələlərə biganə qaldı. Lakin Azərbaycan xalqı, Prezidenti bu məsələyə biganə qala bilməz. Əgər beynəlxalq ictimaiyyət ermənilərə təzyiq göstərib, qoşunlarını bizim ərazilərdən çıxara bilmədisə, Azərbaycan əsgəri bunu etməli idi, necə ki, indi edir. Ermənistanın tutduğu mövqe isə onu uçuruma aparır, cəbhədəki uğurlarımız bu prosesi daha da sürətləndirir.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR