23 Oktyabr 2020, Cümə

Gecə saat ikidir. Paylaşılan video və fotoşəkillərə bir-bir diqqətlə baxıram... Bəziləri təzə çəkilib, köhnədən olanlar daha çoxdur. Ermənilərin Qarabağ istiqamətində ən güclü hərbi hissələrinin bir neçəsi, eləcə də “altıncı müdafiə rayonu” burada idi. Relyefin yüksək dağlıq və hərbi manevrlər üçün əlverişli olması burada “müdafiə rayonu” qurmağa  münbit şərait yaradırdı. Ərazidə yerləşdirilən ağır artilleriyalardan Tərtər rayonu daim atəş nöqtəsində saxlanılırdı. Tərtər istiqamətində bütün əməliyyatlar Madagizdəki dağatıcı diviziyanın əməliyyat bölməsində planlanır, çirkin terrorçu fəaliyyətin istiqamətləri burada müəyyənləşirdi. Yüksəklikdə qərarlaşan erməni snayperlərə görə bu istiqamətdə onlarla şəhid vermişdik...

Üstəlik, müvəqqəti işğalda olan Qarabağın enerji təminatının 60-70 faizi də bu ərazidə tikilən su elektrik stansiyası ilə ödənilirdi. Ermənilər bir az da irəli gedərək “iqtisadi fəlsəfə” qurublar: burada kürü istehsalı müəssisəsi də yaradıblar. Ərazi həm də yüksək ekoturizm imkanlarına malikdir, qədim alban abidələri ilə zəngindir. Ona görə də Suqovuşanda kiçik hostellər qurmağı da unutmayıblar.

...İnternet üzərindən videolara baxıram... Suqovuşanın (Madagiz) mərkəzindəki böyük hərbi hissənin girişinə erməni terrorçularının şəkli, mərkəzə isə qondarma dağlıq qarabağ respublikasının “bayrağı” – ayaqqabı əskisi asılıb. Erməni əsgərləri, zabitləri öz “bayramlarını” – Şuşanın, Laçının işğal günlərini böyük coşqu ilə vaxtilə burada qeyd edir, oynayır, əylənirdilər... Bununla da, bizim qürurumuzu tapdalayırdılar. Sanki bu torpaqlar onlara babalarından dədə mülkü qalmışdı...

...Qısa vaxtda sosial şəbəkələr “lərzəyə gəlir”: Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Suqovuşan və daha 7 kəndin işğaldan azad olunduğunu elan edir. Xalqımız qələbə xəbərini böyük coşqu ilə qarşılayır. Xüsusi təyinatlı əsgərimiz dağıdılmış Madagiz hərbi bazasının həyətindəki əski parçasını ikrahla kənara tullayıb yerinə üçrəngli bayrağımızı sancır. Ordumuzun hərbi hissəni həlqəvi mühasirəyə aldığı və daşı daş üstə qoymadığı diqqətimdən yayınmır. Meyitlər, əsgər formaları, düşmən əsgərlərinin atıb qaçdığı silah və hərbi texnikalar yerlə birdir... Sanki hər yerə ildırım düşüb, ərazi dərbədərdir... Bir türk mahnısında deyildiyi kimi, görünür, ermənilər bu qədim Oğuz yurdunun həqiqi sahiblərinin “Bir gecə ansızın gələ bilməsini” hesaba almamışdılar. 30 il əvvəl yalınayaqlı, sazaq nəfəsli, donmuş, buz heykəl anaların qucağında doğma od-ocağı tərk edən körpələr 30 il sonra düşmənə qan uddurmaq üçün tankın belində geri dönmüşdü. Bununla bərabər, tarixi ədalət, milli qürur, milli qeyrət geri dönmüşdü. İgid babaların cadar-cadar olmuş ruhu dil açmışdı: “İrəli”...
Bəli, baş verənlər həm də Milli Qəhrəman Mübariz İbrahimovun ikinci doğuluşu idi. Bir vaxt onun düşməni darmadağın edərək şəhid olduğu posta Azərbaycan bayrağı asıldı. Yüzlərlə düşmən əsgər və zabiti məhv edildi. Qisas alındı!
Suqovuşan həm də böyük strateji əhəmiyyətə malikdir. Hərbi ekspertlər hesab edir ki, Suqovuşan və Ağdərə Qarabağın açarıdır. Artıq qapı taybatay açılmaqdadır. Düzdür, döyüş meydanından məğlub olaraq qaçan düşmən təxribatlar törədir, şəhər və kəndlərimizə raket atır, mülki əhalini qətl edir, igidlərimiz şəhid olur... Ancaq unutmayaq ki, torpaq, milli mübarizə tarixi yalnız qanla yazıla bilər. Bir ölüb, min dirilən oğullar, könüllü cəbhəyə yollanan gənclər bu tarixi öz qanları ilə yazırlar. 10-15 gün əvvələcən qan-qan deyən düşmənə indi qan uddurulur. Ordumuz əzir, PUA-larımız nəyi var vurur, düşmən texnikasını darmadağın edir, diplomatiyamız işləyir, Ali Baş Komandanımız böyük cəsarət və qətiyyət göstərir: “Azərbaycan öz torpaqlarında vuruşur və bu mübarizə ən son qarış torpaq işğaldan azad edilənədək davam edəcək”.

Ən önəmlisi də odur ki, xalq öz liderinin və öz ordusunun yanında müntəzirdir. Milli qüruruna, milli qeyrətinə qurban olduğum xalqım evini, maşınını, hər yeri ay-ulduz bayrağımla bəzəyib, bu gün bir tikə loxmasını da əsgəri ilə bölüşür, maşın-maşın ön xəttə, əsgərlərimizə sovqatlar aparır, hətta yol kənarlarında manqal qoyub onlara kabab da bişirir: Və əmin olun, DÜNYA DÜNYA OLALI BELƏ BİRLİK GÖRMƏYİB!
Bu gün Azərbaycanda hamı əsgərdir, hamı səfərbərdir. Suqovuşanla yanaşı, dünən Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinə Bakıdan, Naxçıvandan, Təbrizdən, Ankaradan, dünyanın dörd bir yanından “Salam” dedik. Yolumuz Xankəndiyə, Şuşayadır...
“1.01.1988. Qarabağlıyam. 1991-ci ilin 31 dekabrın­da, soyuq bir qış günü Madagizdən çıxmışıq. Qardaşım və atam şəhid olub. Heç vaxt ad günü keçirməmişəm. Mən artıq qaçqın deyiləm. Qaçqın statusu və imtiyazlardan imtina edirəm. Qardaşımın ruhu şad olsun, cəmi şəhidlərimizin də. Bu il Madagizdə 33 yaşımı qeyd edəcəm, inşallah! Bu statusu göz yaşlarımla yazdım! Tarix kimi qalsın burada. 3.10.2020”
Bu, Nuray adlı “Instagram” istifadəçisinin paylaşımı idi... Bu sözlərdən sonra nəsə yazmaq istəmirəm... Çünki sözlər heç vaxt hissləri əvəz edə bilməyib...
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sahil TAHİRLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR