31 Oktyabr 2020, Şənbə

Çində yaşayan və təhsil alan azərbaycanlılar, habelə bu ölkənin ali təhsil ocaqlarının məzunu olan vətəndaşlarımız Çin ictimaiyyətinin Ermənistanın təxribatları, ümumilikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılması istiqamətində fəal iş aparırlar.

Bu məqsədlə Çin dilində xüsusi video hazırlanaraq “Weibo”, “Wechat” və “Douyin” kimi Çinin sosial şəbəkələrində və video platformalarında paylaşılıb. Videoda sentyabrın 27-də və sonrakı günlərdə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə başlayan təxribat nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananların olduğu, mülki infrastruktura ziyan dəydiyi bildirilib. Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatının gedişində bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib. Bildirilib ki, Azərbaycan Ordusunun bütün əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində aparılır.

Videoda münaqişənin tarixi barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın ərazi iddiaları ilə başlayan müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisinin 20 faizi işğal olunub. İşğal edilmiş ərazilərdən 800 mindən çox Azərbaycan vətəndaşı, habelə Ermənistanda yaşayan 250 min azərbaycanlı öz yurdlarından qovulub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan bu qətnamələri qulaqardına vurur. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyil, tarixi və hüquqi tərəfdən Azərbaycan ərazisidir. Azərbaycan ötən dövrdə münaqişənin həlli üçün danışıqlar prosesinə sadiqlik nümayiş etdirib. Amma Ermənistanın destruktiv mövqeyi səbəbindən sülh prosesində irəliləyiş əldə olunmayıb.

Soydaşlarımız dünya ictimaiyyətini haqq-ədalətin tərəfini tutmağa, Azərbaycan dəstək olmağa çağırıblar.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR