20 Oktyabr 2020, Çərşənbə axşamı

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını genişləndirərək dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədib.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda və ona bitişik rayonlarda ermənilər böyük qardaşlarının himayədarlığı ilə can almaqla, qan tökməklə, canfəşanlıqları ilə qəddarlıq yolunu əsas məqsədləri etdilər.
1992-ci ildə dünyanın gözü qarşısında qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımını törətdilər. BMT-nin dörd qətnaməsini, digər təşkilatların qərar və qətnamələrini qulaqardına vuraraq Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal etdilər. 30 ilə yaxın lüzumsuz, nəticəsiz danışıqlar davam etdi.
2016-cı ildə yeni ərazilərimizi işğal etmək arzusu ilə növbəti təcavüzə əl atan ermənilər, ilk dəfə olaraq Azərbaycan Ordusunun gücünü gördü, barıtının qoxusunu duydu, öz qəsbkarlıq əməllərindən peşman oldu, havadarlarını köməyə çağırdı, saxta, hiyləgər vədlər verdi.

Xəmiri yalandan, məkrdən, fitvadan, nadinclikdən, namərdlikdən yoğurulan Ermənistanın baş naziri əl açaraq yalvarıb ondan-bundan aldığı yardımlar, ianələr, nəzirlər vasitəsilə hərbi arsenalını zənginləşdirdikdən sonra danışıqlardan imtina edib, irəli gedərək “Qarabağ Ermənistandır” dedi. O, həddini aşaraq dünyanın gözü qarşısında yalanı yalana calamaqdan yorulmadı və 2020-ci ilin iyul ayında Tovuz rayonu ərazisində onun əmri ilə ermənilər dövlət sərhədimizi xaincəsinə pozaraq cəbhəboyu Azərbaycan torpaqlarından nəsə qoparmaq niyyətilə doğma Vətənimizə hücum etdilər. Həmsədrlər təcavüzkarı yerinə oturtmaq əvəzinə bəyanatlarla kifayətləndilər.
Ardınca diversiya dəstəsi göndərildi. Uca Allah haqqı nahaqqa vermədi, səriştəli kəşfiyyatçılarımızın səyi ilə dəstənin rəhbəri yaxalandı, ondan lazım olan bir çox məlumatlar alındı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BMT tribunasından tərəfindən ermənilərin müharibəyə başlayacağı ilə bağlı bütün dünyanı xəbərdar etdi.
Erməni faşistləri 27 sentyabr 2020-ci ildə səhər saat 6 radələrində bütün cəbhəboyu ağır silahlardan istifadə etməklə dövlətimizə, xalqımıza qarşı hücuma keçdi. Hazırda Azərbaycan Ordusu təcavüzkarı yerində oturtmaq üçün uğurlu əks-hücum əməliyyatı aparır.
Bütün Azərbaycan xalqı kimi Azərbaycanımızın, onun Naxçıvan Muxtar Respublikasının dilbər guşələrindən biri olan Ordubad rayonunun qəlbi Vətənə sədaqət, xalqa məhəbbət, düşmənə nifrət hissi ilə coşub-daşan vətənpərvər insanlarını da bu cinayətkar əməl hədsiz dərəcədə qəzəbləndirdi. Hamı bir nəfər kimi dövlətimizin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qəbul etdiyi Vətənin müdafiəsi üçün Azərbaycan Ordusuna hücum əmrinin verilməsini, eləcə də respublikamızda internetə məhdudiyyətlərin qoyulmasını, bir sıra yaşayış məntəqələrində komendant saatının tətbiq edilməsini və məhdud səfərbərlik əmrini ürəkdən alqışlayır, müzəffər ordumuza uğurlar diləyirik.

Ocaqlar, bucaqlar, bağlar intizar,
Kəklikli dərələr, dağlar intizar,
Sonalar göllərdə ağlar intizar –
Qalx, əsgər qardaşım, Vətən çağırır!

Vətən namusum, arzum,
Vətən dövlətim, varım.
Vətən mənim vüqarım
Mən Vətənin oğluyam.

Vətənpərvərlik elə bir hiss,duyğudur ki, onu hər an əməldə sübut etmək lazımdır. Veteranlar bu qəbildən olanlardır. Ordubad rayonunun qədirbilən veteranları:

Mənə silah ver, oğlum, a mənim komandirim,
Kəsim dığanın səsin, yad bayrağın endirim,

– deyərək gücümüz, qüvvətimiz daxilində ordumuzun yanında olduğumuzu bəyan edirik. Haqq bizimlədir! Allah dövlət rəhbərimizi, ordumuzu qorusun!

Zülmün topu var, qülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır!

Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Fərrux NAĞIZADƏ
Ordubad rayonunun veteranları adından rayon təşkilatının sədri,
istefada olan polkovnik-leytenant

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR