26 Oktyabr 2020, Bazar ertəsi

Qarabağ problemi iki yüz ildən artıqdır ki, ortaya atılıb. Rusiya ilə Qacarlar İranı arasında XIX əsrin əvvəllərində aparılan müharibələr nəticəsində 1805-ci ilin may ayında Gürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil edilib. Həmin müharibələrin yekununda, xüsusilə Türkmənçay müqaviləsi ilə İran ərazisindən ermənilər Azərbaycan torpaqlarına köçürülüb. Ermənilərin köçürüldüyü ərazilərdən biri də Dağlıq Qarabağ idi. Bu illərdə Cənubi Qafqazda ermənilərin dövləti olmamışdır. Xarici havadarlarının köməyi ilə 1918-ci ildə Ararat Respublikası –erməni dövləti yaradıldı. Bu illərdə Ermənistan dövlətinin sahəsi Batum müqaviləsinə (1918, 4 iyun) görə 9 min kv.km idi. Bununla kifayətlənməyən Ermənistan dövləti Azərbaycanın bir sıra torpaqlarına ərazi iddiaları irəli sürdü. Qarabağın, Zəngəzurun və Naxçıvanın onlara verilməsini tələb edirdilər. Ermənilər Qarabağın dağlıq ərazisində kompakt halda yaşayırdılar. 1918-1921-ci illərdə apardıqları açıq mübarizə yolu ilə Qarabağın bir hissəsini Ermənistana birləşdirmək istəyirdilər. Artıq 1922-ci ildə Sovetlər birliyi yaranmışdı və onların havadarları da artmışdı. 1921-ci ilin iyulun 3-də Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun qəti mövqeyi sayəsində bunun qarşısı alındı və iyulun 4-də Qafqaz bürosunun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Ermənilər isə bunun Azərbaycanın tərkibinə verilməsi kimi qeyd edirlər ki, bu səhvdir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi və tərkibində də saxlanıldı.

             SSRİ yarandıqdan sonra (1922, dekabr) ölkə rəhbərliyində Mikoyan, Kirov, Orconikidze, Çiçerin kimi adamlar erməniləri himayə edirdilər. Nəticədə, 1923-cü ilin iyulun 7-də 80 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağa Azərbaycanın tərkibində mədəni muxtariyyət verildi. Bununla, gələcək bəlaların, qarşıdurmanın əsası qoyuldu. Halbuki bu dövrdə Ermənistanda 350 min, Gürcüstanda bundan da çox azərbaycanlı yaşayırdı. Maraqlıdır, ermənilərə muxtariyyət hüququ verildiyi halda nə üçün azərbaycanlılara muxtariyyət verilmədi? İkili siyasət həmin dövrdən davam edirdi.

            XX əsr boyu erməni millətçiləri dəfələrlə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhdlər etmişlər, lakin bunu reallaşdıra bilməmişlər.

            M.Qorbaçovun hakimiyyəti dövründə ermənilər üçün əlverişli fürsət yarandı. Baş katib ermənipərəst olduğundan, Aqambekyan, Sitaryan, Xaçaturov, Şahnazarov kimi erməniləri ətrafında yığdığından, onların dediklərinə əməl edirdi. Azərbaycan rəhbərliyinin zəifliyi (K.Bağırov, Ə.Vəzirov, Ə.Elçibəy, A.Mütəllibov) və hakimiyyət çəkişməsi ermənilərin Dağlıq Qarabağa yiyələnmələri üçün şərait yaratdı. Ermənilər nəinki Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonu da (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı) işğal etdilər, azərbaycanlıları qaçqın və köçkün vəziyyətinə saldılar.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə atəşkəsə nail olundu (1994) və problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradıldı. Minsk qrupu BMT-nin əsas müddəası olan - Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır prinsipini nəzərə almadı və problemi həll etmək istəmədi. İşğal faktını bir dəfə də olsa qeyd etmədi, dilinə gətirmədi. Bundan istifadə edən Ermənistan Respublikası Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladı, təxribatlar törətdi, himayədarlarının sayəsində silahlandı. Nəticədə, 2016-cı ilin Aprel təxribatı, 2020-ci ilin iyul hadisələri baş verdi. Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də onlar nəticə çıxara bilmədilər. Açıq aşkar Azərbaycanla müharibə dili ilə danışmağa başladılar, Azərbaycanı hədələdilər, “Gəncəni tutarıq”, “Mingəçevir Su anbarını partladarıq” kimi sərsəm fikirlər söyləməyə başladılar.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri N.Paşinyana əsl dərs verdi, siyasətdə onun təsadüfi və naşı adam olduğunu başa saldı. Bu il sentyabr ayında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi.

            Nəticədə Ermənistan 27 sentyabr 2020-ci il tarixində Azərbaycana qarşı yeni təxribata əl atdı. Sərhəd rayonları, yaşayış məntəqələri – şəhər və kəndlər toplardan, qradlardan atəşə tutuldu. Altıcı gündür ki, Ermənistan silahlı qüvvələri Cəbrayılı, Fizulini, Goranboyu, Tərtəri, Bərdəni, Naftalanı və başqa şəhər və kəndlərimizi, dinc sakinləri atəşə tutur, evləri, sosial obyektləri dağıdır. Erməni vandallarının atəşi nəticəsində 21 dinc sakin həlak olmuş, bunlardan ikisi məktəblidir, 55 nəfər yaralanmış, 200-ə yaxın ev, sosial obyekt qismən, yaxud tamamilə dağıdılmışdır.

            Azərbaycan ordusu əks-hücum əməliyyatına başlamağa məcbur olmuş və erməni vandallarına lazımi dərs verməkdədir. Çoxsaylı erməni qüvvələri öldürülmüş, 200-dən çox tank və zirehli texnika, 230-a yaxın artilleriya qurğuları, 120-ə yaxın nəqliyyat vasitələri, 1 ədəd S-300 zenit-raket qurğusu və başqa vasitələr məhv edilmişdir. Qəhrəman əsgər və zabitlərimiz bir neçə yaşayış məskənlərini, yüksəklikləri, idarəetmə punktlarını və Murovdağ yüksəkliyini ələ keçirmiş, erməni qüvvələrinin bəziləri silah-sursatını, nəqliyyat vasitələrini, döyüş bayrağını, rəsmi sənədləri ataraq qaçmışlar. Döyüş meydanında biabırcasına məğlub olan erməni silahlı qüvvələri bunun acığını Azərbaycanın dinc sakinlərindən, kənd və şəhərlərdən çıxmağa çalışırlar. Lakin bir həqiqət bizim üçün aydındır ki, biz torpaqlarımızı azad edəcək, bayrağımızı Xankəndində, Şuşada və işğaldan azad edəcəyimiz başqa müqəddəs ərazilərimizdə dalğalandıracağıq. Son günlərin döyüşləri qələbəmizin yaxın günlərdə olacağına bizi inandırır. Ali Baş komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu erməni vandallarına elə bir dərs verəcəklər ki, tarix boyu onlar bunu unutmayacaqlar. Əzəli və tarixi Qarabağ torpaqları yağı düşməndən azad ediləcək, qaçqın və köçkünlər öz yurdlarına dönəcəklər. Xalqımız yaxın günlərdə qələbə sevincini yaşayacaq. Hakimiyyət, Ordu-Xalq, Xalq-Ordu Birliyi bunu qətiyyətlə deməyə imkan verir.

İSMAYIL HACIYEV

AKADEMİK

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR