23 Oktyabr 2020, Cümə

Gözlərimiz qarşısında gündən-günə cavanlaşan, müasirləşən, şəhərsalma mədəniyyətinin tarixi beş min ilə çatan qədim Naxçıvan zamanın heç bir dönəmində son illərdəki kimi genişmiqyaslı uğurlar qazanmayıb. Öncə onu qeyd edək ki, infrastrukturu çağdaş dünya standartları səviyyəsində bütövlüklə yenilənib, bir vaxtlar  yaşadığı çoxsaylı problemlər tamamilə aradan qaldırılıb, bu gün öz inkişafının yeni dövrünə qədəm qoyub Peyğəmbər ayağı dəyən bu müqəddəs torpaq. Özünün ən şərəfli dövrünü yaşayır, sözün əsl mənasında, gözəlliklər məskəninə çevrilib Naxçıvan. Bu gün əminliklə demək olar ki, dünyanın ən gözəl, təmiz, abad şəhəridir Naxçıvan. 

Ölkəmizi bürüyən quruculuq siyasətinin doğma Naxçıvanımızda ərməğanları daha çoxdur desək, yanılmarıq. Bu işlər coğrafiyasının genişliyi ilə ilk anda diqqəti çəkir. Hər il yeni-yeni yaşayış massivləri salınır, sosial-mədəni, məişət obyektləri ucaldılır. Əhalinin asudə vaxtının səmərəli təşkilinə diqqət artır, yaşıllıq zolaqları genişləndirilir. Bütün bunlar isə şəhərimizin simasına yeni çalarlar gətirir. Nəticə olaraq Naxçıvanın köhnə, yeknəsəq görkəmi artıq yaddaşımızdan silinib. Hər birimiz təsdiq edərik ki, dünən keçdiyimiz ünvanı bu gün az qala tanımırıq. Əlbəttə, hər birimizin həyatında, yaşayışında təzahürünü tapan, məişətimizə sirayət edən bu inkişaf və tərəqqiyə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yeniləşmə siyasətinə böyük ehtiramla yanaşmağın sayəsində nail olunub. Bəli, əbədi və dönməz müstəqillik dövrünün daha möhtəşəm uğurlarına yeni töhfələr bəxş edir beş min yaşlı şəhərimiz. Bu, qədim diyarımızın paytaxtı olan ulu bir şəhərin – Naxçıvanın böyük tarix yaradan və tarixə hökm edən zəfər yoludur... 

Onu da vurğulayaq ki, bu gün muxtar respublikanın hansı rayon mərkəzinə, ən ucqar dağ və sərhəd yaşayış məntəqəsinə yolumuz düşsə, paytaxt şəhərimizdə həyata keçirilən quruculuq tədbirlərinin burada da aparılması hesabına müasirləşməsi diqqətimizi çəkəcək, təəccübümüzü saxlaya bilməyəcək, min bir gözəllik qarşısında qalacağıq.
Reallıq budur ki, ölkəmizdə uğurlu iqtisadi inkişafın təmin olunmasında özünəməxsus yeri var Naxçıvanın. Burada sistemli şəkildə həyata keçirilən islahatlar ümumi iqtisadi fəallığı daha da artırıb, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. Bəli, bu qədim, əzəli bölgə tarixin əksər dövrlərində olduğu kimi, bu gün də Azərbaycanın əsas istiqlal qapısıdır. Təsadüfi deyil ki, sovet imperiya zənciri ilk dəfə məhz Naxçıvanda qırılıb. Azərbaycanın bir kərə yüksələn üçrəngli azadlıq bayrağı ikinci dəfə rəsmən burada qaldırılıb. O ağır, o çətin anlarda Naxçıvan parlamentində qəbul edilən həmin qətiyyətli qərarlar həm Naxçıvanı qoruyub, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirib...
Bir neçə ildir ki, qazandığımız belə böyük uğurların arxasında isə gərgin zəhmət, böyük təşkilatçılıq qabiliyyəti dayanır. Belə bir müdrik kəlam var ki, insanların ən yaxşısı xalqın xeyrinə çalışandır. O yerdə ki Vətənə, yurda bağlı əsl rəhbər vardır, orada həyatın məcrası da düzgün istiqamətə yönəlir. Sözlə işin vəhdəti təmin edilir, nizam-intizam şüurlu olaraq varlığımıza hakim kəsilir. Budur Naxçıvanın göz­oxşayan bugünkü mənzərəsi. Bu isə onu göstərir ki, ötən illər ərzində diyarımızda əsrə bərabər işlər görülüb, Naxçıvan yenidən qurulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın inkişafını belə xarakterizə etmişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Bir sözlə, bu gün qədim Naxçıvan özünün intibah dövrünü yaşayır. Bu yurd yeri zəngin mədəniyyət mərkəzi, tarixi abidələr diyarıdır. Bu mənada, mədəniyyət ocaqlarının bərpası və müasir obyektlərinin tikintisi də daim diqqət mərkəzindədir. Burada hər il yeni kitabxanalar, mədəniyyət evləri, muzeylər yenidən qurularaq istifadəyə verilir. Tarixi abidələr də bərpa olunaraq gələcək nəsillər üçün qorunub saxlanılır.
Onu da vurğulayaq ki, artıq sürətli inkişafın yeni mərhələsinə qədəm qoyan muxtar respublikamızda elmi, mədəni potensial daha da genişlənir. Müasir tələblər səviyyəsində inşa olunan elm, təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Son 20 ildə diyarımızda 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilib, 2 universitet şəhərciyi salınıb. Muxtar respublikanın təhsil müəssisələrində internetə çıxışı olan 800-dən artıq elektron lövhə, 7200-ə yaxın kompüter quraşdırılıb, distant təhsilin tətbiqi günün reallığına çevrilib, zəngin fonda malik kitabxanalar, fənn kabinələri və laboratoriyalar istifadəyə verilib. Eyni zamanda təhsil müəssisələrinin bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunması, məktəb-muzey əlaqələrinin gücləndirilməsi, nümunəvi dərslərin tədrisi gənclərin biliklərə hərtərəfli yiyələnməsinə geniş imkanlar açıb.
Sevindirici haldır ki, təhsil quruculuğu 2019-2020-ci tədris ilində də davam etdirilib, 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 30 innovativ dərnək yaradılıb. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması isə muxtar respublikada bu fənlərə maraq göstərən şagirdlərin sayının daha da artmasına səbəb olacaq. Təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 intervalında bal toplayan abituriyentlərin sayının artımında da özünü göstərir. 2019-2020-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i imtahanlarda 500-700 arası bal toplayıb. Sen­tyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib. Həmin görüşdə Ali Məclisin Sədri deyib: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada, hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır”.
Bu günlərdə yaranmasının 20 illiyini özünəməxsus uğurları ilə qeyd edəcək, çalışdığım Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətini yeni tədris korpusunda davam etdirməsi diyarımızda yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu təhsil ocağının formalaşdırılması, onun müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəl­xalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində xeyli iş görülüb.
Ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş altımərtəbəli ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəl­təraşlıq emalatxanaları və bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və tələbələrin ixtiyarına verilib. Fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Təbii ki, hərtərəfli müasir şərait biz müəllimlərin, pedaqoji kollektivin məsuliyyətini daha da artırıb, müəllimlərə əlavə stimul verib.
Bütün bunlar ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olan Naxçıvanın bu gün gələcəyə daha böyük inamla addımlamasını, yeni-yeni nailiyyətlər əldə etməsini, ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunmasını təmin edib. Muxtar respublikada atılan hər bir addım, qəbul edilən qərarlar ictimaiyyət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir, cəmiyyəti düşündürən məsələlərdə Naxçıvan təcrübəsi nümunə kimi götürülür. “Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz”, – deyib dahilər. Görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən Naxçıvan strateji hədəfləri uğurla reallaşdırır. Bütün bunların təməlində isə ulu öndərin siyasətinə sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yorulmaz fəaliyyət dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

Burada bir anlığa düşünməli olursan: Görkəmli dövlət xadimi Heydər Əliyev amallarına ehtiram, vəzifə borcuna məsuliyyət, müstəqilliyinin əbədiliyinə cavabdehlik hissi, böyük vətəndaşlıq mövqeyidir ki, bugünkü inkişafa nail olunub. Sadaladıqlarımız isə görülən işlərin çox cüzi bir hissəsidir. Həyata keçirilən tədbirləri göz önünə gətirəndə bu işlərin həcmi, sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur. Onu da düşünürsən ki, öz torpağına, xalqına qəlbən bağlı olan insanların amalı və əməlləri ən yüksək qiymətə layiqdir.

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR