19 Oktyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya blokadası yazıldı. Mənfur Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bu qədim diyara gələn bütün kommunikasiya xətləri, o cümlədən teleradioötürücü qurğuları tamamilə dağıdılaraq məhv edildi. Həmin dövrdə çörək növbəsi, su qıtlığı, enerji çatışmazlığı və başqa problemlərlə mübarizə aparan naxçıvanlılar ölkədə olub-bitənlərdən də xəbərsiz qaldılar.

Lakin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdan və buradan Azərbaycanın xilaskarlıq missiyasına başlayan görkəmli dövlət xadimi Heydər Əliyev bütün sahələr kimi, informasiya blokadasını yarmaq üçün də tədbirlər gördü, ölkə və xarici media orqanları ilə əlaqələr quruldu, Azərbaycan Dövlət Televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Muxtar respublikada yerli media orqanlarının fəaliyyətinə də diqqət artırıldı. Naxçıvan Dövlət Televiziyasının yayımı və “Şərq qapısı” qəzetinin nəşri üçün sistemli tədbirlər həyata keçirildi. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq missiyasını öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti nəinki, muxtar respublikada, eləcə də ölkəmizdə əl-əl axtarılan mətbuat orqanına çevrildi.
1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda informasiya idarəçiliyi sahəsində yeni mərhələnin əsası qoyuldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini xeyli genişləndirdi. Qısa zamanda informasiya blokadasına qarşı mübarizədə Naxçıvan özünəməxsus model yaratdı. Bu sahədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, indi Naxçıvan dünyanın istənilən nöqtəsinə həm informasiya verir, həm də alır. Hazırda muxtar respublikada “Şərq qapısı”, 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, 1 informasiya agentliyi və onlarla internet informasiya resursları, nəşriyyatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir.

Hazırda Naxçıvanda bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətlə nəşr edilir. Bu illər ərzində Naxçıvan Dövlət Televiziyası və Radiosunun müstəqil kanalda yayımlanmağa başlaması Naxçıvan mediasının ən böyük uğuru sayılır. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaradıb və Naxçıvan Dövlət Televiziyası ölkə­mizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma keçib. Naxçıvanlıların informasiya təminatı bununla məhdudlaşmayıb. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətləri təşkil edilib. Dövri mətbuatın oxuculara vaxtında çatdırılması təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub. Hazırda muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları fəaliyyət göstərir.
Muxtar respublikanın kütləvi informasiya vasitələrində kadr ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılıb. 2001-ci ildə Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası açılıb, 2010-cu ildə jurnalist kadrların praktik cəhətdən hazırlanması üçün Media Mərkəzi yaradılıb. Media Mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mediasına öz töhfələrini verirlər. Bu gün Naxçıvan mediasında çalışan 400-dən artıq əməkdaşın sırasında həmin ixtisasın məzunları yeni uğurlara imza atırlar.

Bəhs olunan dövrdə informasiya blokadasının yarılması üçün Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin internetə çıxışı ən vacib məsələlərdən biri idi. 1999-cu ildə ilk dəfə olaraq Naxçıvan Kompüter Mərkəzində 8 abunəçi ilə internetə qoşulma imkanı əldə olundu. 2003-cü ildə Naxçıvanda yeni internet provayder xidməti – nakhchivan.az abunəçilərin istifadəsinə verildi. 2006-cı ildən etibarən nakhinternet.az olaraq fəaliyyətini davam edən xidmət bu gün daha geniş informasiya mübadiləsi imkanlarına malikdir. Bütün bunlar Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində mühüm tədbirlər idi. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə edildi. 2005-ci ilin iyun ayında Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: problemlər və həllər” mövzusunda ilk elmi-praktik konfrans keçirildi. Azərbaycanda ilk dəfə Bakı-Naxçıvanarası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyətli bir hadisəyə imza atıldı. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dedi: “Biz, sözün həqiqi mənasında, kompüter maarifçiliyinə nail olmalıyıq. Çünki bunsuz müasir cəmiyyət, vətəndaş cəmiyyəti mümkün deyil. İnternetdən istifadə mədəniyyətini hamı mənimsəməlidir”.
Ali Məclis Sədrinin böyük diqqəti ilə “Elektron Naxçıvan” layihəsi çərçivəsində müxtəlif illərdə keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvanın həqiqətlərinin dünyaya çatdırılması, dünya informasiya məkanına qoşulması, muxtar respublikanın sosial-iqtisadi inkişafına elmin və yeni texnologiyanın dəstəyinin təmin olunması istiqamətində mühüm rol oynadı.

2010-cu il 5 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradıldı. Bununla da informasiya təminatında başlıca rol oynayan, müasir, etibarlı internet saytlarının yaradılması istiqamətində də muxtar respublikada artıq zəngin təcrübə qazanıldı, bacarıqlı mütəxəssislər formalaşdı. Ümumiyyətlə, informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirib. Artıq ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadə olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb.
2010-2020-ci illər Naxçıvanda informasiya blokadasının yarılması istiqamətində yeni mərhələ təşkil edir. 2012-ci ildə www.serqqapisi.az internet ünvanının yaradılması ilə Naxçıvan informasiya müharibəsində əmin addımlarla irəlilədi. Həmin illərdə əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin ünvanına ölkəmizdən və dünyadan yüzlərlə məktub daxil oldu. Artıq bu saytla oxucular Naxçıvan haqqında rəsmi təsdiqlənmiş, dəqiq informasiya əldə etmənin sevincini bölüşürdülər. Beləliklə, muxtar respublikada medianın inkişafı burada yeni informasiya saytlarının yaradılmasına təkan verdi.
Bu illər ərzində rəsmi media orqanlarının internet üzərindən yayımının təmin edilməsi davam etdirilməkdədir. 2016-cı il oktyabr ayının 17-də Naxçıvan televiziyasının internet saytının istifadəyə verilməsi məmləkətimizin informasiya blokadasının yarılması yolunda ən böyük addımı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında bu məsələyə toxunaraq demişdir: “Naxçıvan tele­viziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Tele­radiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi – “Nuhçıxan” və onun nuhcixan.az saytı fəaliyyətə başladı. Üç dildə xəbər yayımlayan agentliyin yaradılması muxtar respublikada elektron medianın inkişafına ən böyük töhfə oldu. Qısa zamanda öz ətrafına geniş izləyici kütləsi toplayaraq təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın əsas informasiya portallarından birinə çevrildi. Naxçıvan Televiziyasının sosial şəbəkələrində – “Youtube” kanalı, “Facebook”, “Instagram”, “Twitter”, “Telegram” səhifələrində yüz minlərlə izləyicisi var. 2018-ci ilin noyabr ayından Naxçıvan Dövlət Radiosunun “Youtube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb.
Qeyd edim ki, muxtar respublikada informasiya idarəçiliyinin düzgün tənzimlənməsi üçün həyata keçirilən tədbirlər davam etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədəki ən mühüm tədbirlərdən biridir. Elə həmin ilin sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirildi. Verilən tapşırıqlara uyğun olaraq fondun fəaliyyəti qısa müddətdə təmin edildi, yeni layihələr hazırlandı və müsabiqələr keçirildi, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq daha da gücləndirildi. Fondun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti yenidən təşkil olundu, redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirildi.
Bəli, Naxçıvan mediası informasiya blokadasını yararaq dünyaya çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahədə apardığı, onun rəhbərliyi ilə hazırlanıb həyata keçirilən sistemli tədbirlər sübut etdi ki, blokada və digər təhdidlər Vətən sevgisi qarşısında davam gətirə bilməz. Bu gün Naxçıvan mediası xalqın və dövlətin mənafeyini müdafiə etməklə insanlar arasında böyük güvən qazanıb və əsas meyarı VİCDANDIR. Bu gün Naxçıvanda milli dövlətçiliyimizi qoruyan və dünyada gedən prosesləri təhlil edən peşəkar jurnalist ordusu formalaşıb. Naxçıvanlı jurnalistlərin ən böyük dayağı isə Ali Məclis Sədrinin yüksək etimadı, qayğı və diqqətidir. Bu gün dünya mediası Naxçıvanın iri beynəlxalq forumlarından, zirvə toplantılarına ev sahibliyi etməsindən, müxtəlif beynəlxalq idman yarışlarından yazır. Hər il muxtar respublikaya yüz minlərlə turist, jurnalist və qonaq gəlir. Turistlər öz sosial hesablarında Naxçıvanla bağlı müxtəlif paylaşımlar edir, jurnalistlər silsilə yazı və verilişlər hazırlayırlar. Muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir. Bir sözlə, bir zamanlar informasiya blokadasına salınan Naxçıvanın sorağı bu gün dünyanın hər yerində eşidilir.
Bunu da xüsusi ilə vuğulamaq lazımdır ki, bu gün Azərbaycanda Naxçıvan haqqında ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılmasında Naxçıvan mediası ilə yanaşı, sosial şəbəkələrdən aktiv istifadə edən naxçıvanlıların rolu da danılmazdır. Yuxarıda da qeyd etdiyim ki, sürətli internet təminatı bütün naxçıvanlıların sosial şəbəkələrdən sərbəst istifadəsinə imkan verib. Sosial şəbəkələrdə yüzlərlə gənc Naxçıvanın təbliğatına xidmət edən səhifələr yaradıb. Bundan başqa, onlar yayılan hər hansı dezinformasiya xarakterli məlumatlara düzgün və yerindəcə cavab verməyi vətəndaşlıq borcuna çeviriblər.
Sonda qürurla söyləyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanmaqla və ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir”.
P.S. Yazımızı çapa hazırlayarkən öyrəndik ki, bu gün “Naxtel” öz abunəçilərini yeni ünvandan salamlayır. Məlumdur ki, bu gün informasiyanın daha keyfiyyətli əldə edilməsi və ötürülməsi üçün sürətli internetin olması, onun mobilliyi əsas şərtlərdən biridir. Artıq bir neçə ildir ki, 4-cü nəsil “Naxtel” mobil rabitə şəbəkəsinin istifadəçiləri də yaradılan müasir şəraitdən bəhrələnməklə yeni texnologiyaların həyatımıza gətirdiyi sürət və komfortdan maksimum faydalanmaq imkanı qazanıblar. Bəli, bu da Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsidir. Naxçıvanın müasir imicinin və inkişaf səviyyəsinin dünyaya tanıdılmasında “Naxtel” mobil rabitə şəbəkəsinə uğurlu yollar arzulayırıq! Naxçıvanımızın xoş sədalarını bütün dünyaya çatdırmaq diləyi ilə...

Sara ƏZİMOVA
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurasının üzvü

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR