25 Sentyabr 2020, Cümə

Dağların hər dərəsini, zirvəsini təbiət, sanki elə yaradıb ki,
bura doğma övlad üçün möhtəşəm qala, düşmən üçün isə gözdağı olsun

Cənnətməkanım, Naxçıvanım mənim! Nə xoş bir insana ki məmləkətinin adı ilə, orada qurulub-yaradılanlarla qürur duya... Bəli, bir vətəndaş olaraq fəxarət içərisindəyəm. Ona görə ki, heç bir fərq qoyulmadan muxtar respublikamızın bütün şəhər və kənd yaşayış məntəqələrində görülən genişmiqyaslı quruculuq işləri qədim məmləkətimizin simasını əsaslı surətdə dəyişib, sözün həqiqi mənasında, cənnətməkana çevirib. Belə yaşayış məntəqələrindən biri də Şahbuz rayonunun Kükü kəndidir. Həftəsonu bu kəndə getməyi planlaşdırmışdıq. Paytaxt şəhərimiz Naxçıvandan Küküyə gedərkən istər rayon mərkəzi olan Şahbuz şəhərində, istərsə də yolboyu keçdiyimiz Ayrınc, Qızıl Qışlaq kəndlərində əsrarəngiz gözəlliklərin yaradıldığını gördük. Budur, artıq Küküdəyik... Axan gur çayın səsini dinləyirik. Hər iki tərəfdə buludlarla sövdələşən dağ zirvələri, güneyləri bol-bəhərli yaydan xəbər verən yaşıl yamacları və üzüaşağı tələsən Kükü çayını heyranlıqla seyr edirik. Dağların hər dərəsini, zirvəsini təbiət, sanki elə yaradıb ki, bura doğma övlad üçün möhtəşəm qala, düşmən üçün isə gözdağı olsun.

 

Kükü Şahbuz rayonunun ən böyük yaşayış məskənlərindən biridir. Kənd dəniz səviyyəsindən, təxminən, 1900-2100 metr yüksəklikdə, Dərələyəz silsiləsinin cənub yamacında, Naxçıvançayın ən böyük qollarından olan Küküçay boyunca yerləşir. Naxçıvan şəhərindən, təqribən, 50 kilometrlik məsafədə olan kəndə 45 dəqiqə ərzində rahat gəlib çatmaq olur. Muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də bu ünvanlara gedən yolların abadlaşdırılmasıdır. Müasirləşdirilən kənd yolları tikinti-quruculuq tədbirləri sırasında davamlı xarakter alıb. Abadlaşan Kükü kəndinin yolunda gördüklərimiz qəlbimizi dağa döndərdi. Elə yol kənarında Kükü kənd sakini Ağabba Babayevlə söhbətləşirik. Deyir ki, əvvəlcə yollarımız çox pis vəziyyətdə idi. Bu da rayona gedib-gəlməyimizdə çətinlik yaradırdı. Həm də kələ-kötür yolda maşınlarımız nasaz vəziyyətə düşürdü. Artıq yollarımız abadlaşıb, kənd sakinləri bu gün rahatlıqla mənzilbaşına çatırlar. Kənd sakinləri adından qurub-yaradan əllər var olsun deyirəm!
Bu kənddə qurulub-yaradılanlar Kükünü müasir yaşayış məntəqələrindən birinə çevirib. Quruculuq tədbirlərindən biri kənd məktəbinin yeni binasıdır. Məktəbin müəllimi Natiq Hüseynov deyir ki, təhsil ocağı əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir standartlara cavab verən məktəbdə çalışmaq, şagirdlərə elmin sirlərini öyrətmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu artıq reallığa çevrilib. Geniş və elektron lövhəli siniflərdə, müxtəlif fənn laboratoriyalarında, idman zalında hər cür şərait yaradılaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Kükü kənd məktəbində uzun illər bilikli gənclər yetişdirilib. Təhsil ocağının məzunları arasından indiyədək akademik, elmlər doktoru, həkimlər, gözəl qələm sahibləri və digər sahələrdə çalışan insanlar çıxıb. Həmin ziyalıların adı həmişə hörmətlə çəkilir, şagirdlərə nümunə olaraq göstərilir. Biz təhsil işçiləri isə dövlətimizin yaratdığı hərtərəfli şəraitdən bəhrələnərək gələcəyimizin təhsilli gənclərini, layiqli vətəndaşlarını yetişdirməliyik. Yadıma Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi sözlər düşür: “Müasir məktəb binaları ona görə tikilir ki, gənclərimiz təhsilli və vətənpərvər böyüsünlər. Eyni zamanda müəllim əməyinə yüksək qiymət verilir ki, onlar ölkəmiz üçün peşə sahibi olan gənclər yetişdirsinlər”.
Küküdə baş çəkdiyim digər bir sosial obyekt isə sakinlərin sağlamlığına xidmət edən həkim ambulatoriyası oldu. Ambulatoriyanın həkimi Aydın Tarışov deyir ki, əvvəllər bu kənddə köhnə feldşer-mama məntəqəsi fəaliyyət göstərib. O zaman sakinlər sağlamlıqlarının qorunması baxımından çox əziyyət çəkirdilər. 2015-ci ildə həkim ambulatoriyasının binası yenidən qurularaq Kükü sakinlərinin istifadəsinə verildi. Ambulatoriyada aptekin fəaliyyətə başlaması sakinlərin uzaq məsafə qət etmədən lazımi dərman vasitələrini əldə etmələrinə imkan verir. Burada uşaqların vaxtlı-vaxtında peyvənd olunması üçün hərtərəfli şərait yaradılıb. Biz tibb işçiləri çalışırıq ki, yaradılan belə gözəl şəraitdən səmərəli istifadə edib insanların sağlamlığı keşiyində daha qətiyyətlə dayanaq.
Kükü bağlar məskənidir desək, heç də yanılmarıq. Kükülülərin əsas məşğuliyyəti meyvəçilikdir. Yerli şəraitə uyğunlaşaraq özünəməxsus mineral tərkibi ilə seçilən müxtəlif alma sortları, armud, cəviz, almaxara, gilas, gilənar dad və tamı ilə tanınır.
Kükü kənd sakini Əvəz Rzayev deyir ki, bu yaşayış məntəqəsinə xüsusi gözəllik verən sahəsi ilbəil artırılan meyvə bağlarıdır. Bu il də bağlarda bol məhsul yetişdirilib. Bağlarımızın gözəli Qızıl Qışlaq almasıdır. Söhbət əsnasında mənim üçün çoxdan maraqlı olan bir sualı da müsahibimə verirəm: bəs Kükü almasının özəlliyi nədir? Öyrənirəm ki, kəndin əlverişli iqlim şəraiti, təbii bitki örtüyü və təmiz havaya malik olması... Elə söhbətin bu məqamında belə bir şeir yadıma düşür:

Calax vur öz əlinlə,
Bağ bəslə düz əlinlə.
Ye Kükü almasından,
Həm də ən gözəlindən.
Şirini, turşməzəsi,
Cana qüvvət beləsi.
Dadından doymaq olmaz –
Məlhəmdir bir dənəsi.

Belə bir deyim var ki, hər kim gündə bir alma yesə, o, xəstəlikdən uzaq olar. Bəs Kükü almasını hər gün qida rasionumuza əlavə etsək...
Digər bir kənd sakini Məstan Nəbiyeva ilə etdiyim söhbətdən öyrənirəm ki, bağında almanın 25 növünü yetişdirir. Bağda “Palmet”, Belflor”, “Qızıləhmədi”, “Şəfran”, “Meyxoş”, “Banan”, “Toz” və “Konfet” alma sortları üstünlük təşkil edir. Bu almaların yetişmə vaxtı da fərqlidir. Onların bir qismi yay, (iyul, avqust) və bir qismi payız (sentyabr, oktyabr) ayları yetişir. Hər il bağından tonlarla məhsul əldə edən Məstan Nəbiyeva həmin məhsullardan təbii halda istifadə etməklə yanaşı, həm də mürəbbə, kompot, cem, sirkə, qax kimi nemətlər hazırlayır. Təbii ki, alma və ondan hazırlanan bu nemətlər insan orqanizminə çox faydalıdır. Burada bir haşiyə də çıxım ki, Naxçıvan şəhərində alma sirkəsi istehsal edən müəssisənin də əsas xammal bazası Küküdəki alma bağlarıdır.
Kənd sakinləri arıçılıq, heyvandarlıq, əkinçilik, maldarlıqla da məşğul olurlar. Bu sahələrin inkişafı üçün kənd adamlarına güzəştli şərtlərlə kreditlər verilir. Kənd sakinlərinin hansı ilə həmsöhbət oluramsa, razılıq edir, deyirlər ki, övladlarımız hərtərəfli şəraitlə təmin olunmuş məktəbdə təhsil alır, sosial qayğılarımız aradan qaldırılıb. Kəndin əkinəyararlı sahələri boldur, bu isə sakinlərin məşğulluğunun təmin olunmasına imkan verib.
Keçdiyimiz məhəllələrin birində təndir çörəyinin ətri aləmi bürüdüyünə görə fürsətdən istifadə həmin evin həyətindəki təndirbaşına qonaq oldum. Öyrənirəm ki, kənd qadınları artıq qış tədarükünə başlayıblar. Kənd sakini Püstə xanım bildirir ki, digər bölgələrə nisbətən bizim kənddə havalar tez soyuyur. Qış süfrələrimizin bəzəyi olan yarmanın başqa bir yeri var. Çünki yarma soyuq havalarda insana istilik gətirir. Məhz buna görə də tədbirimizi əvvəlcədən görürük. Yarmamızı çəkir, əriştəmizi kəsir, təndirdə tayla çörək bişirib hazırlıqlı oluruq.
Kükü kəndi gözəl havası, təbiət mənzərəsi, dadlı meyvələri ilə yanaşı, həm də zəngin turizm potensialına da malikdir. Çətin ki, dünyanın başqa bir yerində buradakı kimi sərt sıldırım qayaları, yamyaşıl çəmənləri, yabanı halda bitən yüzə yaxın dərman bitkisini, qorunaraq sayı artırılan gözəl fauna növlərini, Salvartının, Haçadağın ta zirvəsinədək aydın görünən landşaft mənzərələrini eyni anda görə biləsən. Buraya üz tutan turistlərin sayı da ildən-ilə artır ki, bunun da səbəbi gözəlləşən bu yaşayış məntəqəsindən alınan təəssüratlardır. Yay günləri uzun olsa da, Kükü və eləcə də diyarımızın belə dağlıq kəndlərinə gəlmiş qonaqlar üçün zaman çox sürətlə keçir. Sözsüz ki, yandırıcı günəşin olmadığı maraqlı kənd həyatı doğma torpağa möhkəm bağlı insanlar üçün sübh saatlarından başlasa da, axşamın necə düşdüyünü özləri də bilmirlər.

Bir sözlə, kənddə olduğum müddətdə yaradılan gözəlliklər qarşısında heyran qaldım. Bu gün öz inkişaf tempi ilə nümunə gücündə olan muxtar respublikada müasirləşən yaşayış məntəqələrinin sayı artır, belə kəndlərin xəritəsi genişlənir. İnsanlarımız indiki Naxçıvanda yaşamağın qüruru ilə öz doğma yurd yerinin bu gününün qədrini bilir, qurulub-yaradılanların qorunmasını, sabaha ərməğan edilməsini özlərinin vətəndaşlıq borcu sayırlar.

Nuray ƏSGƏROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR